Məhkəmə qərarları › İş №2(103)-4746/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4746/2022

06.07.2022 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4746/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qərardad İş № 2(103)-4746/2022 06 iyul 2022-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)-44/2022 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “qarajın cavabdehin hesabına əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli “əvəzləşdirmə” müqaviləsinin ləğv edilməsi, iddiaçı X1 məxsus Bakı şəhəri, Azadlıq prospekti 156 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsinin (daş qarajın) boşaldılması və dəymiş maddi ziyanın əvəzi olaraq 200.000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)-44/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 213 nömrəli “əvəzləşdirmə” müqaviləsi ləğv edilməsi, İddiaçı məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 156 saylı binanın qarşısında yerləşən daş qaraj Cavabdeh MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq boşaldılsın və İddiaçı təhvil verilməsi, 14.500 (on dörd min beş yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab № AZN: AZ53AİİB400600C**********226, Bank rekvizitləri: Kapital Bank ASC, VÖEN: **********, müxbir hesab: AZ37NABZ**********0001944 KOD: 201360; SWİFT: AİİBAZ2X) ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək, cavabdehlə razılığa gəldiyi üçün iddiadan imtina edərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh MTK məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)-44/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)-44/2022 saylı qətnaməsi ləğv edilməli, işüzrə icraata xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(001)- 44/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar