Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4754/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3765/2024 nömrəli 10 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödəmədiyi günlər üçün nəzərdə tutulmuş aliment borcunun 2023-cü ilik oktyabr ayından məhkəmə ərizə verildiyi günə kimi 1100 manat, həmçinin məhkəməyə ərizə verildiyi gündən başlayaraq hər ay sabit pul məbləğində 235 manat alimentin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ilə el adəti ilə toy edib, xx.xx.2011ci il tarixdə nikahları qeydiyyata alınmaqla ailə qurmuşlar, birgə nikahlarından 16 yanvar 2015-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Artıq uzun müddətdir ki, cavabdehlə ümumi təsərrüfatı idarə etmirlər, cavabdeh o və övladları ilə maraqlanmır, ona və övladlarına qarşı laqeyidlik göstərir. Cavabdeh 2023-cü ilin oktyabr ayında səhlənkarlıq etməyə başlayaraq aliment ödəməkdən yayınmışdır və məhkəmə qətnaməsi olmadan onun mütəmadi olaraq aliment verməsinə inanmır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 may 2024-cü il tarixli 2(011)-3765/2024 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, xx.xx.2024-cü il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 56 manat dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə, tərəflərin ailə vəziyyətini, uşaqların saxlanılmasına cəlb edilməli olan şəxsin qadın olmasını, uşaqların mənafeyinin müdafiəsi zəruriliyini, onların yaşını və əvvəlki yaşayış səviyyəsini, cavabdehin rəsmi iş yerinin olmamasını, cəmi 300 manat nəbləğində aliment ödəməyə razı olmasını, iddiaçının alimentin sabit pul məbləğində tutulması tələbini nəzərə alaraq, alimentin məbləğinin hər ay uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, alimentin hansı vaxtdan tutulmasına münasibətdə qeyd etmişdir ki, iddiaçı aliment tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, alimentin tutulma müddəti ərizənin məhkəməyə verildiyi həmin tarixdən başlanmalıdır.
6. Məhkəmə, iddia tələbinin “uşaqların saxlanmasına görə ödəmədiyi günlər üçün nəzərdə tutulmuş 1100 manat aliment borcu” hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə əvvəlki dövr üçün alimentin tutulması üçün ya icra vərəqəsi və ya aliment ödənilməsi barədə notariat qaydasında təsdiq olunmuş saziş mövcud olmalı, ya da iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edilməlidir. Lakin iddiaçı qeyd olunan hallara dair hər hansı sübut təqdim etməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, 34, Ailə Məcəlləsinin 75.1, 75.2, 75.3, 75.4, 78.1, 78.2, 100.2, 100.3, 106.1, 106.2, “Uşaq hüquqları haqqında” Konvensiyaya, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Prosessual Məcəllənin 77.1, 107, 119.1, 217.4, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edən zaman formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, həmçinin ana olaraq himayəsində olan iki az yaşlı uşağın indiki dövrdə necə 150 manatla saxlaya biləcəyini əsaslandıra bilməmişdir. Cavabdehin kifayət qədər maddi imkanı var. Hətta onun mülkiyyətində bir lüks avtomobil və mənzil var. Məhkəmə isə bunları nəzərə almadan yalnız cavabdehin rəsmi iş yeri olmadığı qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Halbuki, 150 manat aliment 7-8 əvvəl uşaq üçün müəyyən edilmiş yaşayış meyarı olub.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
13. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
14. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə - aliment məbləğinə aid hissədə yoxlanılır, belə ki, şikayətin məzmunundan aydın olur ki, iddiaçı yalnız alimentin məbləği ilə razılaşmamışdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
23. Göründüyü kimi tərəflərin birgə nikahlarından iki yetkinlik yaşına çatmayan uşaqları var.
24. Aliment məbləğinə aid hissədə Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan bu hissədə məhkəmənin qətnaməsi dəyişdirilməlidir.
25. Kollegiya qeyd edir ki, qanunvericiliyin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir.
26. Uşağını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
27. Göründüyü kimi uşaqlar üçün 2024-cü il üzrə yaşayış minimumu 235 manat təşkil edir.
28. Kollegiya hesab edir ki, cavabdehin işləməməsi onu azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Müəyyən edilmiş 150 manat aliment hazırda bir uşağın saxlanması üçün kifayət edəcək məbləğ hesab edilmir.
29. Digər tərəfdən isə, cavabdehin özünün bildirməsinə görə o, rəsmi olmasa da, dülgər işləyir. Bu isə o deməkdir ki, cavabdehin müəyyən qazancı vardır.
30. Məhkəmə kollegiyası işin hallarını, habelə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimununu nəzərə almaqla hesab edir ki, cavabdehdən hər ay hər uşağa görə 235 manat (iki uşaq üçün 470 manat) sabit pul məbləğində aliment tutulmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3765/2024 nömrəli iş üzrə 10 may 2024-cü il tarixli qətnaməsi Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilərək, alimentin məbləği hər ay hər uşaq üçün 235 manat (iki uşaq üçün 470 manat) məbləğində müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.