Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4756/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, cavabdeh “X6” ASC-nin nümayəndələri Göyüşov Səbuhi Nizami oğlunun və X2 iştirakı ilə, İddiaçı cavabdeh “X6” ASC-yə qarşı "sığorta ödənişinin ödənilməsi" tələbinə dair 2(006)-1306/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X6” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona “sığorta ödənişinin ödənilməsi və hər gecikdirilmiş gün üçün dəbbə pulunun hesablanaraq ödənilməsi öhdəliyinin qoyulması və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsi məhkəmə baxışını hərtərəfli, tam və obyektiv aparmamış, işin faktiki hallarını hərtərəfli araşdırmamış, yalnız cavabdeh tərəfin formal dəlillərini dinləyərək və tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq edərək ədalətsiz qətnamə qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh öz etirazında qeyd edir ki, əlillik dərəcəsi daimi (müddətsiz) olmadığına görə, sığorta ödənişi düşmür. “X6” ASC ilə aralarında sığorta müqaviləsi xx.xx.2014-cü il tarixdə bağlanıb. Həmin vaxt əlilliyin meyarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə ilə müəyyən olunurdu. Həmin Əsasnaməyə görə, birinci dərəcə əlillik iki il müddətinə, ikinci və üçüncü dərəcə əlillik isə bir il müddətinə təyin edilirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinə görə, ikinci və üçüncü dərəcə əlillik 5 il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Qeyd edilən əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi barədə qərarlardan görünür ki, şəxsin bədbəxt hadisə və xəstəlik nəticəsində əmək qabiliyyətinin itirlməsi heç bir halda daimi müəyyən edilə bilməz. Yəni tərəflər arasında bağlanan sığorta müqaviləsində nəzərdə tutulmuş və birinci instansiya məhkəməsinin də əsaslandığı “daimi tam və qismən əmək qabiliyyətinin itirilməsi” sözlərində “daimi” sözü qanunsuz olaraq yazılmışdır. Bundan əlavə xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 4.4-cü bəndinə görə, sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: sığorta olunanın ölməsi; sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması. Həmin Qaydaların 1.1- ci bəndinə görə, “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları” (bundan sonra “bu Qaydalar”) “Fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növləri üzrə vahid sığorta qaydaları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 aprel tarixli 398 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 16.5-ci maddəsinə uyğun olaraq kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından könüllü sığortası üzrə fiziki şəxslərə təqdim edilən sığorta növünün aparılmasının əsaslandığı, bütün sığortaçılar üçün məcburi olan qayda və şərtləri müəyyən edir. Bundan başqa Azərbaycan Respublikası “Sığorta fəaliyyəti haqqında” Qanunun 16.5-ci maddəsinə görə, Maliyyə bazarlarına nəzarət orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edir. Hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh “X6” ASC-nin nümyəndələri apelyasiya şikayətinə etiraz edərək, onun əsasssız olduğu üçün təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə tərəflər arasında həyat sığortası haqqında müqavilə bağlanmış, İddiaçı 2-ci qrup (müddətli) əlillik dərəcəsinin almasına səbəb olan xəstəlik tərəflər arasında imzalanmış sığorta müqaviləsinin təminat verdiyi sığorta riskinə (bədbəxt hadisə və xəstəlik nəticəsində əmək qabiliyyətinin daimi tam və qismən itirilməsi) aid olmadığından sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilməmişdir. İşin materiallarında olan “X6” ASC tərəfindən verilmiş M-Lİ P207947/14 nömrəli, xx.xx.2012-ci il tarixli “Kredit götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin surətindən görünür ki, İddiaçı sığorta şirkəti tərəfindən sığortalanmışdır. Həmin şəhadətnamənin şərtlərinə görə sığortalının bədbəxt hadisə və xəstəlik nəticəsində ümumi əmək qabiliyyətinin daimi tam və qismən itirilməsinə, bədbəxt hadisə nəticəsində sığortalının əmək qabiliyyətinin müvəqqəti itilməsinə - sığorta riskinə təminat verilmişdir. Sığorta müddəti xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək müəyyən olunmuşdur. İşin materiallarında olan xx.xx.2017-ci il tarixli, 369 saylı xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xəstəliklə bağlı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X1 xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı xəstəliklə bağlı İİ qrup (xx.xx.2022-ci il tarixədək) əlillik dərəcəsi təyin olunmuşdur. Həmçinin, iş materiallarındakı “X6” ASC-nin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, sığorta şəhadətnaməsinin şərtlərini nəzərə alaraq “X6” ASC baş vermiş hadisəyə görə sığorta ödənişi həyata keçirə bilməz. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 922.1, 935.1.8 və 935.1.10-cu maddələrini, “Həyat sığortası Qaydaları”nın 14.1.6-cı bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə görə sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (həmin Məcəllənin 922.2-ci maddəsi). Eyni Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Həyat sığortası Qaydaları”nın 14.1.6-cı bəndinə əsasən baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardan biridir. İşdən göründüyü kimi iddiaçının 2-ci qrup əlillik dərəcəsinin alınmasına səbəb olmuş hadisə sığorta müqaviləsinin təminat verdiyi sığorta riskinə aid deyildir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddia tələbinin əsası kimi göstərilən hadisə tərəflər arasında imzalanmış sığorta müqaviləsinin şərtlərinə görə sığorta hadisəsi hesab edilmir. Belə ki, İddiaçı ilə “X6” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, M-Lİ P207947/14 №-li “İpoteka götürən şəxslər üçün həyat sığortası şəhadətnaməsi”nin şərtlərinə əsasən iddiaçıya aşağıdakı risklərdən sığorta təminatı verilmişdir: 1) Sığortalının ölümü; 2) Bədbəxt hadisə və xəstəlik nəticəsində Sığortalının ümumi əmək qabiliyyətinin daimi tam və qismən itirilməsi; 3) Bədbəxt hadisə nəticəsində Sığortalının əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin müvafiq qurumu tərəfindən xx.xx.2017-ci il tarixdə 5 (beş) il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Bu və digər sənədlərə baxış keçirildikdən sonra baş vermiş hadisə sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq sığorta hadisəsi hesab edilməmiş və ona görə də sığorta şirkəti tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıya əlillik bədbəxt hadisə ilə əlaqədar deyil, xəstəliklə əlaqədar təyin edilmişdir. Eyni zamanda, iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə nəticələnmiş əlillik daimi tam deyil, müddətli təyin edilmişdir. Bundan əlavə, sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, iddiaçı sığorta şəhadətnaməsinin (müqavilənin) şərtləri ilə tanış olduğunu və bütün şərtlərlə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1306/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1306/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi olaraq verildiyi vaxtdan 2 ay müddətində kassasiya şikayəti verilmədiyi halda qanuni qüvvəyə minir və ondan Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Emin Mehdiyev Hakimlər imzalar: Şərafət Məmmədova Xəyal Sarıyev Əsli ilə düzdür: Hakim Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-4756/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4756/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver