Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4756/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “mənzil üzərində mülkiyyət hüququna xitam verilməsi, mənzilin boşaldılması və sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3232/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iş üzrə ekspertiza təyin olunsun və ekspert rəyi məhkəməyə daxil olana kimi iş üzrə icraat dayandırılsın. Şikayətdə tələb olunub ki, qərardad iş üzrə icraatın dayandırılmasına aid hissədə ləğv olunsun. Şikayət təmin edilə bilməz, qərardad iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Şikayətçinin narazılığı ekspertiza təyin edilməsi ilə bağlıdır, o, hesab edir ki, ekspertiza təyin edilərkən qanunvericiliyin tələbi pozulub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə görə, məhkəmənin iş üzrə ekspertiza təyin etmək səlahiyyəti var. Ekspertiza təyin edilməsi barədə qərardaddan şikayət verilə bilməz, işdə iştirak edən şəxslər belə qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətinə daxil edə bilərlər (MPM, maddə 395.2). Ona görə də qərardadın ekspertiza təyin edilməsinə aid hissəsinin qanuniliyi hazırda apellyasiya qaydasında yoxlanıla bilməz. Ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandırmaq məhkəmənin hüququdur (MPM, maddə 255.0.5), birinci instansiya məhkəməsi bu hüququnu həyata keçirərkən qanunvericiliyin tələblərini pozmayıb. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 3232/2024 nömrəli qərardadı iş üzrə icraatın dayandırılmasına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4756/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4756/2024
26.07.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver