Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4757/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, nümayəndəsi X2, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1175/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "X13 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək “X13 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qəlibçi vəzifəsində çalışmışdır. Orada həftənin şənbə və bazar günləri də daxil olmaqla gündə 8 saatdan artıq, yəni 10 saat işləməsinə baxmayaraq, şirkət tərəfindən ona iş vaxtından artıq və istirahət günlərində işləməyə görə əmək haqqı verilməmişdir. İşdən azad olunarkən ona iş vaxtından artıq və istirahət günlərində işlədiyinə görə ödənilməli olan 3861 manat ödənilməmiş, işdən çıxarkən iki aylıq təzminat verilməmişdir. İddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1175/2020 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə çıxarılaraq iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün təqdim edilən sübutların heç birini düzgün qiymətləndirməmiş, eləcə də sübutların toplanması üçün verilmiş vəsatəti təmin etməmişdir. İddiaçının şirkətdə iş vaxtından artıq işləməsini müəyyən etmək üçün “İşçilərin iş tabeli” jurnalı tələb edilib baxış keçirilməmiş, əmək haqqı məbləğini hesablamaq üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndəsi X4 hər biri ayrıayrılıqda apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh təşkilatın nümayəndəsi X6 apelyasiya şikayətinin təmin olunmamasını xahiş edərək izahatında bildirdi ki, İddiaçı əmək haqqının düzgün hesablanmaması barədə Dövlət Əmək Müfəttişliyinə də müraciət etmiş, lakin onun müraciətində göstərilən xüsusatlar təsdiq olunmamışdır. Hesab edir ki, apelyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan "X13 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həmin şirkətdə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək qəlibçi işində işləmiş, ümumi əmək haqqı məbləği 4277,09 manat təşkil etmişdir. İş materiallarında olan "X13 Sanayi ve Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə ünvanlanan məktubdan görünür ki, şirkətdə işlərin kəskin azalması səbəbindən işçilərin sayı və ştatların ixtisarına görə İddiaçı xx.xx.2019-cu il tarixli 276K nömrəli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilmiş, ona qalan əmək haqqı, istifadə elmədiyi məzuniyyət haqqı, işdənçıxma müavinəti hesablanmış və vaxtında ödəniş aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Eyni Məcəllənin 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 154-cü maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə on ildən çox əmək stajı olduqda azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İddiaçı xx xxxxxxx 2019-cu il tarixli, 276K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən işdən azad edilmiş, iddiaçı işdən azad edilməmişdən əvvəl qanunvericiliyə uyğun olaraq ona əvvəlcədən (2 təqvim həftəsi) xəbərdarlıq edilmiş, iddiaçı işdən azad edilərkən ona çatası əmək haqqı, istifadə etmədiyi məzuniyyət haqqı, işdənçıxma müavinəti hesablanmış və ödəniş aparılmışdır. Eyni zamanda İddiaçı iş saatlarından artıq işə cəlb edilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X7 nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X9 birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında göstərmişdir ki, İddiaçı müddətdən artıq işə cəlb edilməsi və əmək haqqının düzgün hesablanmaması barədə müraciəti Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən araşdırılmış, yoxlama zamanı hər hansı qanun pozuntusu aşkar olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə mühasibatlıq ekspertizasının keçirilməməsinə dair apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçıya ödənilməli olan əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesabla bağlı hər hansı bir ziddiyətli hallar mövcud olmadığına görə ekspertizanın keçirilməsinə lüzum yoxdur. İş materiallarında olan sübutlardan görünür ki, məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də yoxlama aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(011)-58/2018 saylı qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və mahiyyəti üzrə düzgün olduğundan, apelyasiya şikayətində göstərilənlər isə formal mülahizələrdən ibarət olduğundan, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1175/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4757/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4757/2020
04.08.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver