Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4757/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması, qazanc və ya başqa gəlirin ¼ hissəsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4172/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5567/2015 saylı, 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş 03 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən, Cavabdeh "xxxx" QSC-də hərbi səfərbərlik üzrə mühəndis vəzifəsində çalışır və 1.815 manat əmək haqqı alır.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Cavabdeh qazanc və gəlirlərindən dörddə bir hissədə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan hesablanması və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində ödənilmiş pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Tələbdə göstərilir ki, uşaq iddiaçının himayəsində qalmaqdadır. Uzun müddətdir ki, iddiaçı səhhəti ilə bağlı işləyə bilmir. 2015-ci il tarixdə tutulan 108 manat aliment ümumi bir ayı hesablayanda uşağın bir həftəlik maddi ehtiyacını görmür. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı alimentlə bağlı məsələnin həlli məqsədi ilə müvafiq olaraq qarşı tərəfə mediasiya prosesinin tətbiq edilməsi barədə təklif göndərmiş, lakin Bakı 2 saylı Mediasiya Təşkilatında barışıq əldə edilməyindən hazırkı halda aliment tələbi ilə məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Raman Abışov tərəfindən 24 fevral 2024-cü il tarixli MŞB/2-0099/2024 nömrəli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan və qəbzdən görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində vəsait 2 saylı Mediasiya Təşkilatına ödənilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4172/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddianın təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5567/2015 saylı, 04 avqust 2015-ci il tarixli qətnaməsi əsasında 03 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi; hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 03 iyun 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qazanc və gəlirlərinin 1/4 (dörddə bir) hissəsi qədər alimentin tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 50 (əlli) manat mediasiya xərcinin alınaraq İddiaçı, 74.45 (yetmiş dörd manat qırx beş qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, cavabdehin əmək haqqısı artdığından, iddiaçı hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır. Cavabdeh yenidən ailə qurduğunu, himayəsində 5 dəfə insult keçirmiş və əlillik dərəcəsi olan xəstə atası və onkoloji xəstə olan anası olduğunu, həmçinin kredit öhdəliklərinin olduğunu və kirayədə yaşadığını qeyd etsə də, buna dair hər hansı dəlili məhkəməyə təqdim etməmiş, qeyd olunanlar işin hər hansı halı ilə sübuta yetirilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, şikayətinin isə təmin olunmasını xahiş edib göstərir ki, əvvəl tutulan aliment sabit pul məbləğində olmuşdur, lakin Xətai Rayon Məhkəməsi bu xüsusatı araşdırmamış və nəticədə hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Belə ki, keçmiş həyat yoldaşım İddiaçı diş həkimi işləyir və aylıq gəliri ondan dəfələrlə artıqdır. Xətai Rayon məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi kimi nəzərdə tutmasına və hazırkı halda uşaqın himayəsində saxlanıldıqları anaları – İddiaçı diş həkimi-stomatoloq işləməsini nəzərə almamış, hüquqa zidd nəticələr doğuran qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
8. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi yazılı etirazda apellyasiya şikayətinin rədd edilib qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri tamamilə yalan və cəfəngiyyatdır. Belə ki, övladı X3 yetkinlik dövrünü həssas keçirməsi ilə əlaqədar işləyə bilmir. Vaxtını övladına həsr etməyi seçib. Gecə-gündüz uşaq nəzarəti altındadır. Hal-hazırda 14 yaşı var. Belə ki, uşağın hazırlıq kürsları, məktəb xərcləri və digər xərclərini ödəməkdə çox çətinlik çəkir. Valideynləri gücləri çatandan ona dəstək olur. Bu da onunla qızına yetmir. Cavabdehin bir ata olaraq övladına heç bir maddi və mənəvi dəstəyi yoxdur. Bir dəfə də olsun övladı ilə maraqlanmayıb. Uşaq nə yeyir nə içir, nə sıxıntısı var uşağı görməyə belə gəlmir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə səhhəti ilə əlaqədar hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə gəlməməsinin səbəbini təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
10. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
Maddə 22.2-ci və 22.2.1-ci və 22.2.2. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqdauşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1 və 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Maddə 107.1. Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin tam ləğv olunması xahiş edilib, şikayətin məzmunundan da görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə tam yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
23. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.
24. Cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə rəsmi nikah münasibətlərindən doğulan uşaqları ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə nikah bağlaması alimentin qazancın və başqa gəlirlərinin müəyyən hissəsi kimi müəyyən edilməsinin rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz. Çünki uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
25. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.
26. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, cavabdehin apellyasiya şikayətinin dəlili kimi vurğuladığı ikinci dəfə ailə qurması faktı nəinki məhkəmənin qanuni və ədalətli qətnaməsinin ləğvi üçün əsas ola bilməz, hətta mənəvi baxımdan da müsbət qarşılanmayan haldır. Belə ki, bu fakt uşağın qanuni və mənəvi haqqı olan alimentdən yayınmaq üçün vasitə olmamalıdır. Əksinə övladının təməl xərclərini qarşılamaq üçün kifayət qədər maddi imkanı olmadığını bəyan etməsi ilə cavabdehin yenidən ailə qurması bir-birinə uyğun olmayan, yəni bir-birini tamamlamayan hallar sayılır. Valideynlərin ayrılmasının uşağın psixoloji vəziyyətində yaratdığı natamamlıq hissi danılmazdır. Uşağın təməl xərclərinin cüzi hissəsini qarşılaması üçün aliment tutulması qaydasının dəyişdirilməsinin mübahisə predmeti olması atanın valideyn kimi öhdəliyindən yayınması təəsüratını yaradır. Ancaq cavabdeh də unutmamalıdır ki, iddiaçı ilə uğursuz nikah münasibətlərinin acısını uşaq çəkməməlidir.
27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4172/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4172/2024 saylı, 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.