Məhkəmə qərarları › İş №2(103)-4762/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4762/2021

11.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4762/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-422/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 09.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 məxsus “Mercedes Benz S320” markalı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 və Cavabdeh1 tərəfindən vurulmuş maddi ziyana görə 2937 manat, mənəvi zərərə görə 20000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 özünə məxsus olan “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili 24.01.2020-ci il tarixdə saat 17:45-də “X6”nin qarşısında saxlamış və dostu ilə birlikdə “X9”də olacağını avtomobil dayanacağa baxan nəzarətçiyə bildirmişdir. Təxminən bir saat sonra kafedən çıxıb evə gedən zaman avtomobilin sol yan güzgüsünün sındırıldığını və qapının zədələndiyini görmüş, soruşduqda nəzarətçidən güzgünün “Chevrolet Aveo” minik markalı, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 əli ilə vuraraq sındırdığını öyrənmişdir. Avtomobilin güzgüsünü bərpa etmək üçün 2937 manat vəsait tələb olunur. Avtomobilin qapısı isə zədələnməmişdir. X3 ona 3000 manat borcu vardır. Borcun əvəzində Bakı şəhəri 23 saylı notariat ofisində 02.09.2020-ci il tarixdə bağlanmış 3M-108 reyestr nömrəli tələb hüququnun güzəşt edilməsinə dair müqavilənin 1.1-ci bəndinə əsasən X1 Abdulrəhman Ramiz oğlu və Cavabdeh2 tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərini İddiaçı güzəşt etmiş, İddiaçı isə onun adından Cavabdeh1 və Cavabdeh2 tələb etmə hüququnun güzəştini qəbul etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-422/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X4 məxsus “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə vurulmuş zərərin aradan qaldırılması üçün Cavabdeh2 200 (iki yüz) manat pulun tutularaq X7 ilə İddiaçı arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 02.09.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh2 qarşı olan digər hissələrində rədd edilməsi, iddia tələbinin Cavabdeh1 qarşı olan hissədə tam rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avto-nəqliyyat hadisəsi nəticəsində avtomobilə vurulmuş ziyanın müəyyən edilməsi üçün "xxxx" MMC-Daymler AG-nin “Mercedes Benz” avtomobilləri üzrə Azərbaycandakı Rəsmi Nümayəndəliyinə sorğu göndərilmiş və alınmış cavaba əsasən 1998-ci il istehsallı “Mercedes Benz S-320” markalı avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təyin edilmiş ekspertizanın rəyinə əsasən avtomobilə 2937 (iki min doqquz yüz otuz yeddi) manat məbləğində maddi ziyan vurulmuşdur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, 1998-ci il istehsalı “Mercedes Benz S-320” minik avtomobili antikvar maşın hesab olunur və hal-hazırda satışda deyildir. Buna görə də avtomobilin ehtiyat hissələrinin dəyəri və qiymətləndirilməsi yalnız mütəxəssis tərəfindən verilmiş rəy nəticəsində mümkündür. Lakin məhkəmə qətnaməsində bütün qeyd olunan hüquqi faktlara, sübutlara heç bir hüquqi münasibət bildirməmiş, tərəfindən təqdim edilmiş ekspertiza rəyini deyil, “internet vasitəsilə” ehtiyat hissələrinin satışı ilə bağlı mağazalarda olan qiymətləri tədqiq edərək qərar qəbul etmişdir. Tərəfindən əsaslı və mötəbər sübutlar təqdim olunmasına baxmayaraq, məhkəmə cavabdehin təqdim etdiyi “google axtarış” nəticələrini əsaslı hesab etmişdir. Apellyasiya baxışı iclasında İddiaçı şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və əlavə etdi ki, mübahisənin predmeti olan avtomobil ölkəyə sifarişlə gətirilmiş, ondan xarici dövlətlərdən gələn qonaqların qarşılanmasında istifadə edilmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh2 şikayəti qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh A.Usupov məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh2 24.01.2020-ci il tarixdə “Mercedes Benz S320” markalı avtomobilin sol güzgüsünə əli ilə zərbə endirərək zərər yetirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 29.04.2019-cu il tarixdə verilmiş AD 502975 nömrəli şəhadətnamənin surətindən müəyyən edilir ki, “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. İşdə olan “AZEMİS” Elektron Məhkəmə Sisteminin çıxarışından müəyyən edilmişdir ki, “Chevrolet Aveo” minik markalı, 2013-cü il buraxılışlı, ağ mirvari rəngli, ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 mülkiyyətindədir. İşdə olan İddiaçı ilə X7 arasında Bakı şəhəri 23 saylı notariat ofisində 02.09.2020-ci il tarixdə bağlanmış 3M-108 reyestr nömrəli tələb hüququnun güzəşt edilməsinə dair müqaviləsinin 1.1-ci bəndinə əsasən həmin müqaviləyə görə X1 Abdulrəhman Ramiz oğlu və Cavabdeh2 tərəfindən vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərini İddiaçı güzəşt etmiş, İddiaçı isə onun adından Cavabdeh1 və Cavabdeh2 tələb etmə hüququnun güzəştini qəbul etməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Cavabdeh1 hansı qanunsuz hərəkətləri nəticəsində X3 maddi və mənəvi sarsıntılara məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirməmiş və hansı səbəbdən Cavabdeh1 qarşı iddia verdiyini izah edə bilməmişdir. Məhkəmə kollegiyası məhkəmənin Cavabdeh1 barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı həmin şəxsin onun hansı hüquqlarını pozduğunu göstərməmiş, bu halların nədən ibarət olduğunu əsaslandırmamışdır. Mülki qanunvericiliyin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2 iddiaçıya maddi ziyana görə pulun tutulmalı olması barədə gəldiyi nəticəni əsaslı sayır, lakin maddi zərərin hesablanması əsası və məbləği ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. Qeyd edilən məsələyə aydınlıq gətirilməsi xüsusi biliyə malik olan ekspert tərəfindən mümkün olduğu üçün iş üzrə məhkəmə ekspertizasının keçirilməsi zəruri olmuşdur. Bu səbəbdən apellyasiya baxışı zamanı iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mülki iş üzrə tərtib edilmiş 21.09.2021-ci il tarixli, 9/4230 saylı ekspert rəyinin nəticəsindən görünür ki, “...1998-ci il buraxılışlı “Mercedes Benz S320” markalı avtomobilin sol yan güzgüsünün orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə orta bazar qiyməti nəzəri qaydada təxminən 250 manat müəyyən edilir.” Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı ilə X7 arasında Bakı şəhəri 23 saylı notariat ofisində 02.09.2020-ci il tarixdə bağlanmış 3M-108 reyestr nömrəli tələb hüququnun güzəşt edilməsinə dair müqaviləsinin 1.1-ci bəndinə əsasən X7 Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblərini İddiaçı güzəşt etmiş, İddiaçı isə onun adından Cavabdeh1 və Cavabdeh2 tələb etmə hüququnun güzəştini qəbul etməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 hüquqa zidd hərəkətləri nəticəsində X3 avtomobilinin sol yan güzgüsünə zərər vurulmuşdur, dəymiş ziyan bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 250 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-422/2021 saylı qətnaməsi avtomobilə vurulan zərərə görə iddiaçının xeyrinə tutulan pul məbləği hissəsində dəyişdirilməli, X4 məxsus “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə vurulmuş zərərin aradan qaldırılması üçün iddiaçının xeyrinə tutulan pulun məbləği 250 (iki yüz əlli) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(004)-422/2021 saylı qətnaməsi avtomobilə vurulan zərərə görə iddiaçının xeyrinə tutulan pul məbləği hissəsində dəyişdirilsin. X4 məxsus “Mercedes Benz S320” markalı, 1998-ci il buraxılışlı, Ban nömrəsi WDB1400331A429980 olan, ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan güzgüsünə vurulmuş zərərin aradan qaldırılması üçün iddiaçının xeyrinə tutulan pulun məbləği 250 (iki yüz əlli) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar