Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4765/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Fariz qızının, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1201/2024 saylı iş üzrə 30 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «qeyd edilən dövr üzrə aliment borcunun ödənilməsindən azad edilməsi və aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsi məbləğində tutulması müəyyən olunan alimentin ödənilməsindən 2019-cu ilin may ayından birgə yaşadıqları 2023-cü ilin yanvar ayı da daxil olmaqla olan müddətdə tamamilə azad edilərək həmin dövrlərə görə hal-hazıradək əmək haqqına yönələn aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları vardır. Bunlar xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X4r. Cavabdehlə ailə quran tarixdən 2023-cü il yanvar ayının ortalarınadək ailəsi ilə, övladlarıyla birgə yaşamış, birgə təsərrüfat aparmışlar. 2023-cü ilin əvvəllərində cavabdeh uşaqları da götürüb yaşadıqları evi tərk etmişdir. 2023-cü ilin mart ayının sonunda cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq uşaqları yetkinlik yaşına çatanadək əmək haqqı və əlavə gəlirlərdən 1/3 hissədə aliment tutulması tələblərinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(002)24/2023 saylı qərardadı ilə alimentin müvəqqəti tutulmasına dair ərizə qismən təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ondan övladlarının saxlanması üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müvəqqəti alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadı Xəzər Rayon İcra Şöbəsinə daxil olduqdan və araşdırıldıqdan sonra Cavabdeh özünə də məlum olmuşdur ki, cavabdehin ona qarşı əvvəllər də aliment tələbi ilə bağlı iddiası olmuşdur və bu barədə məhkəmə qətnaməsi vardır. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyd olunan müvəqqəti təminat tədbiri barədə qərardad ləğv olunmuşdur. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində üzə çıxan bu hallardan sarsıntı keçirmişdir. Belə ki, bu illər ərzində onlar çox mehriban ailə olaraq bir yerdə yaşamışlar, ailənin, uşaqların bütün maddi ehtiyaclarının ödənilməsi, ailəsinin saxlanması ailə başçısı olaraq bütünlüklə onun üzərində olmuşdur. Övladları, ailəsi üçün mümkün qədər qayğısız, firavan həyat yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)- 2049/2019 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün ondan əmək haqqının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək xx.xx.2019-cu il tarixdən ondan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində aliment tutularaq Cavabdeh ödənilməsi, ondan 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 6698/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya mərhələsində hər iki tərəfin izahatları dinlənilmiş və işi araşdıran apellyasiya məhkəməsi öz qətnaməsində aşağıdakıları bildirmişdir : - «23. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2019cu il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də uşaqların mənafeyini əsas götürərək uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilsə də, iddiaçı Cavabdeh icra şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək barışdıqlarının nəzərə alınmasını və məcburi icra tədbirini tətbiq etməməyi xahiş etmişdir. - 24. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən xx.xx.2023-cü il tarixdə iddiaçının ərizə ilə müraciət edərək qətnamənin icra edilməsini xahiş etməsi müəyyən olunur. -25. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü ilin aprel ayınadək alimentin tutulmaması barədə iddiaçı tərəfindən icra şöbəsinə ərizə verilmişdir. Lakin cavabdeh bildirir ki, ona həmin dövr üçün aliment borcu hesablanmışdır. - 26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi barışıb bir ailə olaraq yaşadıqları dövr üçün əgər aliment borcu hesablanmışdırsa, cavabdeh İddiaçı aliment borcunun silinməsini tələb edə bilər». Bildirir ki, cavabdeh ilə nikahları bağlandığı tarixdən 2023-cü ilin əvvəllərində cavabdeh uşaqları da götürüb yaşadıqları evi tərk edənədək bir ailə, bir ocaq olmuşlar. Ailənin bütün ehtiyaclarının qarşılanması onun tərəfindən həyata keçirilmişdir. Çalışmışdır ki, övladları ehtiyacın nə olduğunu bilməsinlər, aldığı əmək haqqını son qəpiyinə qədər ailəsinə, uşaqlarına xərcləmişdir. Ailəcanlı olduğu bütün yaxın dost-tanışlarına da yaxşı məlumdur. Dəfələrlə iş yoldaşları, dostları öz ailələri ilə birgə onların evində tədbirlərdə olmuşlar. Bu illər ərzində, o cümlədən 2019-2022-ci illərdə evə aldıqları məişət əşyalarının alınmasına dair çoxsaylı sənədlərdən də görünür ki, əşyaların çatdırılması ünvanı yaşadıqları Buzovna, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov (bəzi sənədlərdə ünvan 1 ünvanı, əlaqə nömrələri olaraq cavabdeh birgə yaşadıqları evin ev telefon nömrəsini **********, öz nömrəsi ilə yanaşı onun istifadəsində olan ********** mobil nömrəsi göstərilmişdir. Hal-hazırda da cavabdehin hansı səbəbdən 2019-cu ildə aliment tutulmasına dair belə bir iddia qaldırması, sonra ərizə yazıb, iş yerinə heç bir sənəd göndərilməməsini xahiş etməsi, bu illər ərzində bir dəfə də olsun bu barədə bəhs etməməsi, bunu gizlətməsi ümumiyyətlə ona aydın deyil. Əlavə olaraq bildirir ki, qeydiyyatı formal olaraq ata evi olan ünvan 2 ünvanı olsa da, o, 25 ilə yaxındır ki, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov, ev 100 (bəzi sənədlərdə ünvan 3 ünvanında yaşayır. Bu illər ərzində cavabdeh və övladları ilə bərabər həmin ünvanda yaşamışlar. Uşaqlar həmin evdən bağçaya, məktəbə getmişlər. Cavabdeh cehiz əmlakları və digər əşyalar 2023-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırandan sonra Cavabdeh öz yaxın qohumları (qardaşı və başqaları) tərəfindən bu evdən aparılmışdır. Övladlarını da oxuduqları 183 saylı məktəbdən çıxarıb başqa məktəbə, 310 saylı məktəbə yazdırmışdır. Lakin sonradan böyük övladı məktəbdən çıxaraq birbaşa könüllü onun yanına, öz evlərinə gəlmişdir. Bu dövr ərzində dəfələrlə toy, şənliklər, ad günləri, gəzintilər və s. tədbirlərdə birlikdə iştirak etmişlər. Bundan başqa, Xəzər Rayon İcra və Probasiya şöbəsindən təqdim olunan cavabdehin xx.xx.2019-cu il tarixli ərizəsindən də məlum olur ki, nə cavabdehin, nə də övladlarının maddi yardıma, alimentə ehtiyacı olmayıb. Bildirir ki, xx.xx.2023-cü il tarixədək aliment tutulmasına görə onun iş yerinə icra və probasiya şöbəsindən heç bir sənəd daxil olmamışdır (yalnız xx.xx.2023-cü il tarixdə belə bir məktub daxil olmuşdur), onun əmək haqqından və ya ona hesablanan əlavələrdən ümumiyyətlə heç bir halda alimentə görə tutulmalar olmamışdır. Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən işlədiyi idarəyə ilk dəfə 108/2 21F saylı, xx.xx.2023-cü il tarixlİ icra tədbirlərinin görülməsi barədə məktub ünvanlanmışdır (işlədiyi təşkilata xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) ki, bu da yalnız xx.xx.2023-cü ildə cavabdehin icra şöbəsinə ərizəsindən sonrakı aylarda baş vermişdir. Həmin tarixədək isə cavabdehin özünün xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən heç bir icra tədbiri aparılmamışdır. Qeyd olunan məktubda məhkəmə qərarı üzrə bu günə olan aliment borcunun 36 ay təşkil etdiyi, onun hər ay əmək haqqının 1/3 hissəsi məbləğində borc qurtarana qədər 70 %-i miqdarında aliment ödənilməsi bildirilmişdir. Göründüyü kimi, işin faktiki halları, təqdim etdiyi sübutlardan aydın olur ki, onlar həm əvvəllər, həm də cavabdehin ondan aliment tələb etdiyi dövr - 2019-cu ildən 2023-cü ilin əvvəllərinədək bir yerdə yaşamaqla bir ailə olmuşlar, birgə təsərrüfat aparmışlar, ailənin, övladlarının bütün xərcləri, zəruri ehtiyacları onun özü tərəfindən ödənilmişdir. Hətta 2023-cü ilin yanvar ayında evi tərk etdikdən sonra belə cavabdeh alimentin alınması üçün heç bir tədbir görməmişdir. Çünki cavabdehin, övladlarının bu illər ərzində o alimentə ehtiyacı olmamışdır və hətta cavabdeh belə bir qətnamənin mövcudluğunu belə unutmuşdur. Yalnız Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan qərardadı icraya yönəldikdən və icra şöbəsində məlumat üzə çıxdıqdan sonra cavabdeh xatırlamışdır ki, 2019-cu ildə belə bir qətnamə olmuşdur. Hətta cavabdehin məqsədi həqiqətən də ondan aliment tutulması olmuş olsaydı belə, bu illər ərzində (2019cu ildən 2023-cü ilin aprel ayınadək) bircə dəfə də olsun icra şöbəsinə alimentin hansı səbəbdən ödənilməməsi, icra tədbirlərinin görülməməsi, uşaqların ehtiyac içində olması və s. bağlı müraciət etmiş olardı. Bu isə onu deməyə əsas verir ki, 2019-cu ildə icra şöbəsinə ərizə ilə müraciət edərək heç bir icra tədbiri görülməməsini, iş yerinə heç bir sənəd göndərilməməsini xahiş edən, qətnamənin mövcudluğunu belə unudan və yalnız Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin alimentin müvəqqəti tutulmasına dair xx.xx.2023-cü il tarixli qərardadının icrasına başlandıqdan sonra 2019-cu ilin qətnaməsini xatırlayan cavabdehin həmin qətnamənin icrasına heç bir ehtiyacı və marağı olmamışdır. Əgər həqiqətən də ailəsi, övladları ehtiyac içərisində yaşasaydılar, o, ailəsinə baxmasaydı cavabdeh alimenti tələb etmək üçün 4 il (2019-cu ilin mayından xx.xx.2023-cü ilədək) niyə gözləyirdi? Çünki bu illər ərzində (2023-cü ilin yanvar ayı ortalarınadək) birgə yaşayıb, birgə təsərrüfat apardıqlarından, ailə dəyərlərinə önəm verdiklərindən cavabdehin o alimenti almağa nə maddi ehtiyacı, nə də marağı olmamışdır. Bundan başqa, cavabdeh 2019-cu ildə, eləcə də həmin tarixdən keçən illər ərzində heç bir vaxt nikahın pozulmasını arzulamamış, bu barədə iddia irəli sürməmişdir. Onlar ailə qurduqları tarixdən 2023-cü ilin yanvar ayı daxil olmaqla rəsmi və faktiki bir ailə olaraq yaşamış, birgə təsərrüfat aparmışlar. Yalnız 2023-cü ilin mart ayında cavabdeh məhkəməyə nikahın pozulması, aliment tutulması və s. tələblərlə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e2(002)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, övladlarından X5 onunla qalması, digər övladlarının isə cavabdehlə qalması qət edilmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin mahiyyətinə görə uşaqlar üçün tutulan alimentin məqsədi uşağın mənafeyinə xidmət etməklə, onun zəruri ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Hazırkı işə münasibətdə 2019-cu ildən əvvəl də, 2019-cu ildən 2023-cü ilədək (yanvar ayı ortalarınadək) ailəsi ilə bir yerdə yaşamışlarsa, ailəsinin, övladlarının bütün maddi ehtiyaclarını özü ödəmişdirsə, ondan yenidən aliment tutulması qanuna ziddir. Üstəlik, nəzərə alınsa ki, məhz 5 il keçəndən, xx.xx.2023-cü il tarixdə cavabdeh icra şöbəsinə ərizə yazıb aliment tələb etdikdən sonra 2023-cü il avqust ayından başlayaraq əmək haqqının 70% miqdarında aliment tutulmağa başlamışdır. İcraçının hərəkətlərindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilmiş, icraçının hərəkətləri qanunsuz hesab edilsə də, lakin sonradan hal-hazıradək 50% tutulmalar davam edir. Bütün bunlar isə onun ağır maddi vəziyyətə düşməsinə gətirib çıxarmaqla, cavabdehin əsassız varlanmasına səbəb olur. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)- 1301/2023 saylı qətnaməsi ilə övladlarından X5 onunla qalması qət edilmişdir. Bu illər ərzində (2023-cü ilin yanvar ayının ortalarınadək) cavabdehlə birgə yaşadıqları Bakı Apellyasiya Məhkəməsində cavabdehin öz izahatları ilə bir daha təsdiq olunmuşdur. Cavabdeh izahatında bildirmişdir ki, birgə yaşadığı dövrdə aldığı əmlaklar onun adına olub, onları hazırda təkbaşına ödəməli deyil. Cavabdehin də qeyd etdiyi kimi «birgə yaşayış dövründə alınmış əmlaklar»ın tarixinə nəzərə yetirmək kifayətdir ki, bu əmlakların bəzilərinin 2019-2022-ci illər ərzində alınması məlum olsun. Həmin əşyaların alınmasına dair sənədləri, zəmanət talonları, quraşdırma və sair sənədləri məhkəməyə təqdim etmişdir. Göründüyü kimi cavabdehin özü də bildirir ki, bu illər ərzində birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Bütün bu qeyd olunanlar və əlavə edilmiş sübutlar onu təsdiq edir və əsas verir ki, 2019-cu ilin may ayından 2023-cü ilin yanvar ayının ortalarınadək ondan aliment tutulması qanuni sayıla bilməz. Həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında bir sıra məsələlərə dair razılıq əldə edilərək notarial qaydada təsdiqlənməklə saziş bağlanmışdır. Həmin Sazişin 2.6-cı bəndinə görə Cavabdeh hər iki övladı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək aliment tələbindən imtina edir. Hesab edir ki, qeyd olunan sazişin tələblərinə müvafiq olaraq da ondan heç bir aliment tələb olunmamalıdır. Lakin təəssüf ki, heç bir hüquqi əsas olmadan bu günədək ondan əmək haqqının 50 % miqdarında aliment tutulur. Bu onun bir vətəndaş, bir ata olaraq hüquqlarının ədalətsiz şəkildə pozulması, digər tərəfin isə cavabdehin heç bir qanuni əsas olmadan varlanması deməkdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, ilkin mediasiya prosesində cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi baradə MŞB/11/2024-00078 saylı, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1201/2024 saylı iş üzrə 30 may 2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayının 01-dək olan dövr ərzində azad edilməsi və həmin dövr üçün hesablanmış aliment borcunun silinməsi, ödənilmiş 99 manat dövlət rüsumunun, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması və s. kimi əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Fariz qızı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e- 2(002)-1201/2024 saylı iş üzrə 30 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Həmin təminatlardan biri Konstitusiyanın 62-ci maddəsində təsbit edilmiş hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququdur. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir. Qanunvericilikdə mübahisələrin məhkəmə aidiyyəti məsələsinin aydın və dəqiq göstərilməsi insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə təminatı baxımından olduqca əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Bu məsələ ilə bağlı Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq-hüquqi aktların tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli bərpa olunmasını təmin etməlidir. Məhz bu baxımdan qanunverici öz səlahiyyətləri çərçivəsində hər kəsin hüquq və azadlıqlarının qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası mərhələsində həmin aktın icra olunmasının təmin edilməsinə yönəlmiş qaydaları müəyyən edir və onları mütəmadi təkmilləşdirir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə, işin hallarına, iddia tələbinin hüquqi təbiətinə, həmçinin aşağıdakılara əsasən hesab edir ki, hazırki məsələ icra icraatı qaydasında həll edilməli məsələ olmaqla, ona mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəsini almış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsi məbləğində tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. Cavabdeh icra qurumuna ərizə ilə müraciət edərək, icra sənədi üzrə icra tədbirlərinin görülməməsini xahiş etmişdir. Daha sonra Cavabdeh 10 aprel 2023-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, 2019-cu ildə verilmiş icra sənədinin icra olunmadığını bildirmiş və icra olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)- 231/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borclu İddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019- cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borcun borclu İddiaçı əmək haqqının 70 faizinə yönəldilməsi barədə Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkəti qanuna uyğun olmayan hesab edilmiş və bu barədə görülmüş tədbirlər ləğv edilmişdir. Hazırda iddiaçı (borclu) məhz icra məmurunun keçən dövr üzrə hesabladığı aliment borcunu mübahisələndirərək, bununla bağlı icra məmurunun hərəkətinin qanuni olmadığını, tələbkarın ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasını, çünki həmin dövrdə barışaraq bir ailə kimi birlikdə yaşamalarını, ailənin və uşaqlarının ehtiyaclarını qarşılamasını, buna tələbkarın hər hansı etirazının olmamasını, həmin müddət ərzində icra məmuruna müraciət etməməsini və s. göstərmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, icra mərhələsində aliment borcları məhz icra məmuru tərəfindən müəyyən olunur və mübahisə halında tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər (çünki, bu kimi hallar alimentin ödənilməsi zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır). İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən olunmaması və s. bu kimi hallarla bağlıdır. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Qeyd edilən normalardan da göründüyü kimi, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Eyni zamanda icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230,231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. Sonda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərəfli həllinə yönəlmişdir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə icraata xitam verilməsi qənaətinə gəldiyindən, apellyasiya şikayətinin dəlillərinə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmir. MPM-in 262.3-cü maddəsinə əsasən, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1201/2024 saylı iş üzrə 30 may 2024-cü il tarixli qətnaməsi iş üzrə icraata xitam verilməklə ləğv edilsin. İzah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4765/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4765/2024
09.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver