Məhkəmə qərarları › İş №2(103)-4784/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4784/2024

08.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4784/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ödənilmiş alimentin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ödənilmiş alimentin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-693/2024 nömrəli 05 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-239/2014 nömrəli xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə X6 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və Xəzər rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 23 may 2012-ci il təvəllüdlü X7 anası X3 yanında saxlanılması, xx.xx.2014-cü il tarixdən başlayaraq 23 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün X4 hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir.

2. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-3439/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla cavabdeh İddiaçı X3 xeyrinə 23 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment tutulmuşdur.

3. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-233/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-239/2014 saylı 05 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış və 23 may 2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay 154 manat sabit pul məbləğində aliment iddiaçı X3 xeyrinə tutulmuşdur.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2622/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, 23 may 2012-ci il təvəllüdlü X1 üçün cavabdeh İddiaçı tutulan alimentin məbləği artırılaraq, 160 manat məbləğində müəyyən edilmişdir və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, cavabdeh İddiaçı hər ay sabit pul məbləğində tutularaq (uşaq yetkinlik yaşına çatanadək) iddiaçı X5 ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2551/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə tutulan aliməntin miqdarı artırılmışdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı X8 xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmuşdur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2012-ci il tarixində Bakı şəhərində doğulmuş X11 barəsində Bakı şəhəri Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 1305 nömrəli akt qeydində ata haqqında məlumatlar ləğv edilmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü Lalayev Səidə görə hər ay ödənilməsi qət edilmiş aliment öhdəliyindən azad edilmişdir.

8. Bakı şəhəri Pirallahı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2551/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir.

9. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna görə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin işçisi İddiaçı əmək haqqından 8468.00 məbləğində aliment borcu tutularaq X3 bank hesabına köçürülmüşdür.

10. Doğum haqqında akt qeydinə görə uşaq haqqında məlumat qrafasında “X9”, ata haqqında məlumat qrafasında X10, ana qrafasında Cavabdeh qeyd edilmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ata haqqında məlumatlar ləğv edilmiş və məlumatlar ananın dediyinə görə yazılmışdır.

11. Pirallahı rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna görə Xəzər Rayon Məhkəməsi tərəfindən verilən və Pirallahı rayon İcra şöbəsinin icraatında olmuş xx.xx.2020-ci il taixli, 2(003)-2551/2020 saylı icra sənədinə əsasən borclu İddiaçı işlədiyi təşkilat tərəfindən gəlirlərindən tutulması yolu ilə 8468,00 manat, bilavasitə özü tərəfindən nağd şəkildə ödənilməsi yolu ilə 1615,00 manat olmaqla tələbkar Cavabdeh cəmi 10083,00 manat məbləğində aliment pulu ödənilmişdir.

12. Qəbzlərə əsasən müxtəlif vaxtlarda olmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 üçün İddiaçı Cavabdeh xeyrinə ümumilikdə 14.904 manat məbləğində aliment ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xeyrinə 15037 manat məbləğində ödənilmiş alimentin, 135,5 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul xahiş etmişdir.

14. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2012-ci il tarixində nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikah dövründə xx.xx.2012-ci il tarixdə X11 doğulmuşdur və onlara doğum haqqında şəhadətnamə təqdim edilmişdir. Həmin sənədə əsasən ata qrafasında onun adı qeyd edilmişdir. xx.xx.2014-cü il tarixində aralarında olan nikah pozulmuşdur. Pirallahı Rayon Məhkəməsinin 2(094)-239/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən ondan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsinə əsasən aliment məbləği artırılmışdır və hər ay üçün 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Onda birgə nikah dövründə anadan olmuş uşağın bioloji atası olması barədə ciddi şübhələr yaranmış və buna dair kifayət qədər dəllilər olduğuna görə o, doğum haqqında şəhadətnamədə ata qeydində onun adının silinməsi üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi 2(003)-348/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddia ərizəsi təmin edilmişdir. Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(003)-2551/2020 saylı qətnaməsi ilə qət edilmiş aliment öhdəliyindən azad olunmuşdur. Beləliklə, xx.xx.2014-cü il tarixindən xx.xx.2020-ci il tarixinədək Cavabdeh xeyrinə onun uşağı olmayan X1 üçün 15037 (on beş min otuz yeddi) manat məbləğində aliment ödəmişdir.

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-693/2024 nömrəli 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Zaur Tağıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 14904 manat məbləğində ödənilmiş aliment və 134,7 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, uşağı saxlamaq vəzifəsi kənar şəxsin deyil məhz valideynlərin borcudur. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X7 atası olmadığı və onun uşağı saxlamağa borclu olmadığı halda bu illər ərzində ondan tutulmuş aliment qanunsuz olmuşdur. Bu səbəbdən iddia tələbi qismən təmin edilməlidir.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17, Ailə Məcəlləsinin 75.1, 109.1, 109.2, 109.2.1, 109.2.2, 109.2.3, 109.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayətində göstərilmişdir ki, o iddiaçıdan nə yalan məlumatların verilməsi nə də saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment almamışdır. Aliment Bakı şəhəri Pirallahı rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tutulmuşdur. Həmin mülki işin protokollarına diqqət yetirsək aydın olur ki, İddiaçı iddianı qəbul etmiş, xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Səid oğlunun anasının yanında qalmasına və hər ay 100 manat sabit pul məbləğində alimentin ödənilməsinə etiraz etməmiş və bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Eyni zamanda istər atalığın ləğvi tələbinə baxan məhkəmədə, istərsə də hazırkı mübahisəli qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsində hazırkı iş üzrə iddiaçı tərəfindən xx.xx.2012-ci il təvəllüdlü İddiaçı Səid oğlunun onun uşağı olmadığını hansı tarixdən bildiyi araşdırılmamışdır. Sual yaranır ki, əgər İddiaçı uşağın ondan olmamasını bilirdisə, bəs bu halda nə üçün məhkəməyə müvafiq iddia tələbi ilə müraciət etmirdi və nə üçün bunu 2021-ci il tarixdə etmişdir? Alimentin geri ödənilməsinin mümkünlüyü ilə bağlı Ailə Məcəllənin 109-cu maddəsində qeyd edilən şərtlər hazırkı işin hallarına uyğun gəlmir. Belə ki, hazırkı iş üzrə iddiaçıdan aliment tutulmasına əsas olan Pirallahı rayon Məhkəməsinin 2(094)- 239/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin saxtalaşdırılması faktı ilə bağlı məhkəmə hökmünün olması və sözügedən qətnamənin ləğv edilməsi halı iş materialları ilə müəyyən edilmir. İcra hərəkətləri də məhz qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən verilmiş icra sənədinə əsasən aparılır. Alimentin tutulmasının hüquqi (qanuni) əsası olmuşdur. Belə olan halda isə hazırki tələb özüözlüyündə uğurlu sayıla bilməz. Əks halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bir-birini təkzib etmiş olar (bir məhkəmə qərarı ilə alimentin tutulmalı olması, digəri ilə isə alimentin tələb olunmasının qanunsuz sayılması) ki, bu da prosessual hüquq normalarının tələblərinə uyğun olmazdı. Göründüyü kimi, ödənilmiş alimentin geri tələb olunması yalnız qanunda nəzərdə tutulmuş istisna halların mövcudluğu ilə bağlıdır. İddiaçı isə həmin hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

21. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

22. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

23. Maddə 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz.

24. Maddə 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz:

25. Maddə 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə;

26. Maddə 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda;

27. Maddə 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

28. Maddə 109.3. Bu Məcəllənin 109.2.1-109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir.

36. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər xx.xx.2012-ci il tarixində nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2012-ci il tarixdə X11 doğulmuşdur. xx.xx.2014-cü il tarixində tərəflər arasında olan nikah pozulmuş, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ondan Cavabdeh xeyrinə alimentin tutulmuşdur. Daha sonra alimentin miqdarı artırılmışdır. İddiaçı birgə nikah dövründə anadan olmuş uşağın bioloji atası olması barədə ciddi şübhələri yaranmış, o, doğum haqqında şəhadətnamədə ata qeydində onun adının silinməsi üçün Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və onun iddia ərizəsi təmin edilmişdir. Bundan başqa, Xəzər Rayon Məhkəməsinin e-2(003)-1432/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə o, aliment öhdəliyindən azad olunmuşdur.

37. Hazırda iddiaçı ödədiyi alimentin geri qaytarılmasını tələb edir.

38. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı uşağın atası olmadığı və onun uşağı saxlamağa borclu olmadığı halda bu illər ərzində ondan tutulmuş aliment qanunsuz olmuşdur, ona görə də iddia qismən təmin edilməlidir.

39. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti əsassız olmuşdur.

40. Belə ki, Ailə Məcəlləsinin 109.2-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda.

41. Göründüyü kimi qanunvericilikdə alimentin ödənilmiş məbləğinin hansı istisna hallarda geri tələb edilə bilməsi konkret olaraq göstərilmişdir.

42. Baxılan iş üzrə isə göstərilən halların heç biri baş verməmiş, qanuni qüvvəsini almış məhkəmə qətnamələri əsasında müəyyən edilmiş aliment məbləğləri tutulmuşdur.

43. Belə olan halda ödənilmiş alimentin geri tələb edilməsi barədə iddiaçının tələbi əsassız olmuşdur.

44. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-693/2024 nömrəli iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “ödənilmiş alimentin geri qaytarılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar