Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4787/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin birgə övladlarının – xx.xx.2008-ci il təvəllüdlü Nərgiz və xx.xx.2010-cu il təvəllüdlü Əsədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin mediasiya təklifi göndərilən tarixdən hesablanmaqla, habelə mediasiya sessiyası üçün ödənilmiş xərcin əvəzi olaraq 55 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmadan faktiki olaraq ailə qurmuşlar. Onların 2 uşağı doğulsa da, münasibətləri pozulmuş, onlar ayrılmış və uşaqlar iddiaçının yanında qalmışlar. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir, iddiaçıya maddi köməklik göstərmir. İddiaçı, uşaqların xərclərini təkbaşına qarşılayır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən xx.xx.2023-cü il tarixdən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini, iddiaçı tərəfindən mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya verilməsini, 8,20 manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsini, iddianın qalan hissədə təmin edilməməsini, qətnamənin aliment hissəsində dərhal icra edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər rəsmi nikaha daxil olmadan faktiki olaraq ailə qurmuşlar. Onların 2 uşağı doğulsa da, münasibətləri pozulmuş, onlar ayrılmış və uşaqlar iddiaçının yanında qalmışlar. Cavabdeh uşaqların saxlanmasında iştirak etmir, iddiaçıya maddi köməklik göstərmir. İddiaçı, uşaqların xərclərini təkbaşına qarşılayır. Doğum haqqında akt qeydləri kitabında cavabdeh uşaqların atası kimi göstərilmişdir. Buna görə də, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar iddiaçının yanında qaldıqlarından uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. c) apellyasiya şikayətləri barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı nikaha girməmişlər. Cavabdehin uşaqların atası olması və atalığın müəyyən edilməsi barədə qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. Cavabdeh, uşaqların atası olması barədə hər hansı etiraf ərizəsi verməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi işin qeyd edilən bu kimi hallarını araşdırmamış, iddianı qismən də olsa təmin etməklə əsassız nəticəyə gəlmişdir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
7. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir.
8. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin iclasa gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İddiaçı apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, cavabdeh onun əmisi oğludur və bu səbəbdən də soyadları eynidir. Uşaqların adına “Doğum haqqında şəhadətnamə” alınmasında cavabdeh iştirak etməmiş və uşaqların atası olmasının etiraf edilməsi barədə ərizələri Qeydiyyat Şöbəsinə verməmişdir. O, cavabdehin uşaqların atası olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməmiş və bu kimi faktın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi qəbul edilməyib. Buna baxmayaraq nəzərə alınmalıdır ki, uşaqların atası cavabdehdir. Aralarında rəsmi nikah mövcud olmasa da, cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
11. Belə ki, AZ-İİ seriyalı, 737755 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, iddia ərizəsində adları göstərilən uşaqlardan biri – Nərgiz xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Şəhadətnamədə onun atası kimi Cavabdeh, anası kimi isə İddiaçınin adları göstərilmişdir.
12. AZ-İİ seriyalı, 687936 nömrəli “Doğum haqqında şəhadətnamədən” görünür ki, iddia ərizəsində adları göstərilən uşaqlardan digəri – Əsəd xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Şəhadətnamədə onun atası kimi Cavabdeh, anası kimi isə İddiaçınin adları göstərilmişdir.
13. İddiaçı bildirir ki, uşaqların atası cavabdehdir. Uşaqlar onun cavabdehlə qeyrirəsmi ailə münasibətlərindən doğulmuşdur. Aralarında rəsmi nikah mövcud olmasa da, cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur.
14. Cavabdeh isə apellyasiya şikayətində iddiaçı ilə aralarında nikah olmadığını, onun tərəfindən qeydiyyat orqanında atalığa dair hər hansı razılıq ərizəsi verilmədiyini, cavabdehin qeyd olunan uşaqların atası olması faktının məhkəmə qaydasında müəyyən edilmədiyini və ya onun razılığı əsasında müvafiq icra hakimiyyəti orqanda qeydə alınmadığını bildirir.
15. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər (maddə 75.2.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.4.).
16. Apellyasiya baxışı zamanı izahatı alınmış iddiaçı, müvafiq Qeydiyyat Şöbəsində uşaqların doğumunun onun müraciəti əsasında qeydə alındığını, cavabdehin uşaqların atası olmasının etiraf edilməsi barədə ərizələr ilə Qeydiyyat Şöbəsinə müraciət etməməsini, cavabdehin uşaqların atası olması faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsinin mövcud olmadığını bildirmişdir.
17. Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
18. Məhkəmə sorğusu əsasında Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsindən uşaqların doğumunun qeydə alınması üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri əldə edilmiş və həmin sənədlərin tədqiqi nəticəsində müəyyən edilmişdir ki, uşaqların doğumunun qeydə alınması ilə bağlı cavabdehin müraciəti olmamış, doğum qeydləri yalnız iddiaçının ərizəsi əsasında aparılmışdır.
19. Beləliklə apellyasiya araşdırması zamanı apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmış, cavabdehin uşaqların atası olması faktının dövlət tərəfindən rəsmi qaydada tanınmadığı, iddiaçının bununla bağlı müraciətinin olmadığı müəyyən edilmişdir. Belə olan təqdirdə cavabdehin üzərinə bir valideyn kimi uşaqların saxlanması öhdəliyinin qoyulması ailə qanunvericiliyinin tələblərinə uyğun hesab edilə bilməz.
20. Lakin işin qeyd edilən hallarını araşdırmamış Rayon Məhkəməsi iddia tələbini qismən də olsa təmin etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. f) apellyasiya baxışının nəticəsi
21. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.
22. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddianın qiyməti (400 x 12=) 4.800 manat təşkil edir.
23. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 may 2024-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiası təmin edilməsin edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.