Məhkəmə qərarları › İş №2(103)-4790/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4790/2021

06.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4790/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 15 saylı notariat kontorunda onun adından qanunsuz olaraq tərtib edilmiş 08 avqust 2014-cü il tarixli, daşınmaz əmlakın azyaşlı oğlu Cavabdeh2 bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına verilmiş çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinin icraatına qəbul edildikdən və iş üzrə müxtəlif tarixlərdə məhkəmə iclasları keçirildikdən sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə vəsatət ünvanlayaraq işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, xahişini onunla əsaslandırmışdır ki, mübahisəsi gedən əmlak Nərimanov rayonunda yerləşir və MPM-nin 39.1-ci maddəsinə görə işə həmin rayonun məhkəməsi baxmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı ilə ərizə (vəsatət) təmin edilməmişdir. Məhkəmə bu zaman ona əsaslanmışdır ki, cavabdehlərdən biri Bakı şəhərinin Nizami rayonunun ərazisində rəsmi qeydiyyatdadır və iş aidiyyət qaydalarına uyğun olaraq icraata qəbul edilmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından göründüyü kimi, iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məcəllənin 39.1-ci maddəsinə görə isə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia tələblərindən və onun əsaslandırıldığı hallardan görünür ki, iddiaçı nə əmlaka mülkiyyət hüququnun tanınmasını, nə də əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsini deyil, bağışlama müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir, eyni zamanda iddia tələbləri mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında da deyildir. Məhz bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə ərazi aidiyyəti baxımından müstəsna aidiyyat qaydaları da tətbiq edilə bilməz və iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Müvafiq olaraq da birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin işin baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-483/2021 saylı mülki iş üzrə 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar