Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4805/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı icbari sığorta ödənişinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2940/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmət dövründə xəsarət alması ilə bağlı qanunla nəzərdə tutulmuş 8800 manat icbari sığorta pulunun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Füzuli rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1992-ci il tarixli əmrlə N saylı hərbi hissənin şəxsi heyət siyahısına salınmışıdır. Füzuli rayonunu istiqamətində gedən döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə onurğasından odlu güllə yarası alaraq yaralanmışdır. xx.xx.1994-cü ildə həkim komissiyasının hərbi poliklinikasında şəhadətləndirilmiş, xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınması göstərilmiş və hərbi xidmətə yarasız hesab edilmişdir. xx.xx.1994-cü il tarixdə ordu sıralarından tərxis edilmiş və TSEK qərarı ilə İ qrup əlillik dərəcəsi verilmişdir. 1-ci qrup əlil olmağı ilə əlaqədar hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta ödənişinin alınması üçün Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin 07-07-352 saylı xx.xx.2017-ci il tarixli imtina məktubu almışdır, ona müsbət cavab verilməmişdir. Qeyd olunanları nəzərə alıb məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin səlahiyyətli nümayəndəsi Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işə birtərəfli baxmış, maddi və prosessual hüquq normalarını pozmuş və sonda yanlış nəticəyə gəlmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək rədd olunması, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş, 059144 saylı veteran vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Vətən Müharibəsi veteranıdır. İş materiallarında olan ƏƏSMN Suraxanı rayon şöbəsi tərəfindən verilmiş, xx.xx.2015-ci il tarixli, 072022 saylı, İddiaçı məxsus əlillik vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İ qrup əlildir. İş materiallarında olan ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissənin şəxsi heyəti sıralarında Füzuli rayonunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, xx.xx.1994-cü il tarixdə Füzuli rayonunda aparılan döyüş əməliyyatları zamanı onurğadan odlu güllə yarası almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 saylı Tibbi-Sosial Ekspert Komissiyası Sabunçu rayon üzrə əlillər barədə müayinə aktından 434 nömrəli xx.xx.2017-ci il tarixli çıxarış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron sistemdən çıxarışın surətlərindən görünür ki, İddiaçı odlu silah yaralanması nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz İ qrup əlil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş. xx.xx.1994-cü il tarixli, 10879 saylı xəsarət haqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Th6-Th7 onurğanın güllə yaralanmasından sonrakı vəziyyət. Ətrafların spastik paraplegiyası” diaqnozu qoyulmuş, xəsarət Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı ünvanladığı xx.xx.2017-ci il tarixli 07-07-352 saylı məktubundan görünür ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara, həmin məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.Ona görə bu məsələyə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müvafiq normativ hüquqi akt qəbul edildikdən sonra baxılacaqdır İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə birinci qrup əlil olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən həmin dövlət sığorta orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirir. Həmçinin müəyyən olunur ki, İddiaçı hərbi qulluqçu kimi hərbi xidmətə daxil olduğu andan qanunvericilik əsasında dövlət tərəfindən məcburi şəxsi sığortalanmış, o hərbi xidmətdə olduğu dövrdə sığorta hadisəsi baş vermiş, ona 1-ci qrup əlillik dərəcəsi təyin olunmuş, beləliklə də Dövlət Sığorta Kommersiya Şirkətinin müvafiq sığorta ödənişini ödəmək öhdəliyi yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə görə "sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.2-ci maddəsinə görə "təkrar sığorta müqaviləsi təkrarsığortalının müvafiq təkrarsığorta haqqı ödəməsi müqabilində sığortaladığı risklərin bütövlükdə və ya bir hissəsinin təkrarsığortaçıya ötürülməsi və ya onunla bölüşdürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 884.5-ci maddəsinə görə "sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 921.1-ci maddəsində qeyd edilir: "Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib olan) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır". Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə görəsığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta qanunlarıda, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Göründüyü kimi, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ikinci qrup əlil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə — 80 faiz; - İİ qrup əlilliyə görə — 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz. Qeyd olunanları nəzərə alaraq, Kollegiya hesab edir ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina üçün gətirilən əsaslar iddiaçının bu hüququnun təmin edilməməsi üçün əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının İ qrup Qarabağ əlili olması faktı aşkardır, ona müvafiq qaydada və məbləğdə sığorta ödənişi verilməlidir. Belə olan halda iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hahırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4805/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4805/2020
30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver