Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4811/2024 08.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əlavə xərc) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərclərin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər xx.xx.2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X13 doğulmuşdur.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)- 525/2020 nömrəli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərcin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X11 xx.xx.2019-cu il tarixdə anası ilə birlikdə mərkəzə müayinə və müalicə üçün müraciət etmiş, ona uşaq autizmi, Kanner sindromu F84.0 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1 diaqnozu qoyulub.
4. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli çıxarışa görə X6 birinci dərəcə əlil olduğu qeyd olunmuş, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq autizm əlamətləri ilə. Nitqin və dəqiqləşdirilməmiş pozğunluqları diaqnozu qoyulmuşdur.
5. X4 fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Autizm xəstəliyi olan şəxsin terapevtik qayğı planı həftədə 4 dəfə psixoloji, həftədə 2 dəfə düyü bütünləmə, həftədə 2 dəfə loqopedik seans olaraq hazırlanır. Hər seans 30 AZN olaraq hesablanır. Ümumi olaraq 1 ay üçün olan terapevtik qayğı planının qiyməti 32 seans üçün 960 AZN-dır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)- 4353/2022 nömrəli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı aliment və əlavə xərc tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 960 (doqquz yüz altmış) manat məbləğində aliment və əlavə xərclər tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə 25 dekabr 2001-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X13 anadan olmuşlar. Bir müddət sonra ailə həyatında problemlər yarandığından məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 2(005)-525/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatan kimi saxlanılması üçün Cavabdeh hər ay aylıq gəlirinin 1/3 hissəsi qədər aliment və 200 manat məbləğində əlavə xərc tutulması qət edilmişdir. Belə ki, X11 xx.xx.2020-ci il tarixdən yetkinlik yaşına çatdığından, cavabdeh tərəfindən Fəridin saxlanılması üçün nə aliment, nə də əlavə xərclərinin qarşılanması üçün pul vəsaiti ödənilmir. X11 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, autizm əlamətləri ilə, nitqin digər və dəqiqləşdirilməmiş pozğunluqları” diaqnozu ilə anadan olmuşdur, autizm xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi” X12 295 saylı xx.xx.2024-cü il tarixli məktubunda da göründüyü kimi, X8 “Uşaq autizmi, Kanner sindromu F84.0, ağır dərəcəliəqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F72.1” diaqnozu təyin edilmişdir. Fərid özünü idarə edə bilmir, daima nəzarət altında olmalıdır, qulluğa və müalicəyə ehtiyacı var. Hal-hazırda o övladı X6 bütün xərclərini özü qarşılayır, onun müalicəsi üçün lazım olan dərmanlarını alır və sair xərcləri də qarşılayır, cavabdeh tərəfindən isə hər-hansı bir köməklik göstərilmir. “X5”nin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ümumi olaraq 1 ay üçün olan terapevtik qayğı planının qiyməti 32 seans üçün 960 (doqquz yüz altmış) manat təşkil edir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 aprel 2024-cü il tarixli 2(005)-1589/2024 nömrəli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2002-ci il təvəllüdlü X6 müalicəsi (terapevtik qayğı) üçün tələb olunan 960 manat xərcin yarısı, yəni 480 manat pul vəsaiti və 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2002-ci il təvəllüdlü X6 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu və s. xəstəlikdən əziyyət çəkdiyi müəyyən olunmuşdur. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, X2 şəxslərin qulluğuna ehtiyacı vardır. Bu deyilənlərin kontekstində iddiaçı kənar şəxslərin köməyinə ehtiyacı olan xx.xx.2002-ci il təvəllüdlü X9 qulluq göstərilməsi ilə əlaqədar psixiologiya mərkəzinə ödəniləcək xərcləri tələb etməkdə haqlı olmuşdur. Belə ki, həmin xərclərin həcmi 960 AZN olduğu müəyyən olunmuşdur. Bu öhdəliklər bərabər olaraq valideynlərin üzərinə qoyulmalı, iddia tələbi qismən təmin olunmalı, X9 zəruri olan qulluğun göstərilməsi üçün psixiologiya mərkəzinə çəkiləcək xərclərin məbləği də onların arasında bərabər bölünməlidir. Məhkəmə Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələblərini nəzərə alaraq, yəni valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarına görə çəkiləcək xərcin yarısının Cavabdeh alınıb İddiaçı ödənilməsini ədalətli və əsaslı hesab etmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Plenum Qərarına, Ailə Məcəlləsinin 56.1, 81, Mülki Məcəllənin 28.1, 28.8, Mülki Prosessual Məcəllənin 14.2, 119.1 220.5-ci maddələrinə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında müalicənin təyin olunması barədə həkim təyinayı yoxdur, xx.xx.2023-cü il tarixli məktub sadəcə bir kommersiya təklifidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
16. İddiaçı və nümayəndəsi-vəkili isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsi
17. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
26. Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, X11 birinci dərəcə əlilliyi olan şəxsdir. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq autizm əlamətləri ilə. Nitqin və dəqiqləşdirilməmiş pozğunluqları diaqnozu qoyulmuşdur. Kənar şəxsin qulluğuna ehtiyacı olduğu göstərilmişdir.
27. İddiaçı hazırda bu səbəbdən X10 qulluq göstərilməsi ilə əlaqədar psixologiya mərkəzinə ödəniləcək xərcləri tələb etmişdir.
28. Qanunvericiliyin tələblərinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək və uşaqları saxlamağın hər iki valideynin vəzifəsi (borcu) olduğunu nəzərə alaraq məhkəmə X9 zəruri olan qulluğun göstərilməsi üçün psixiologiya mərkəzinə çəkiləcək xərclərin yarısının cavabdehdən tutulması qənaətinə gəlmişdir.
29. Kollegiya cavabdehin apellyasiya şikayətini əsassız hesab edir.
30. X4 arayışından görünür ki, Autizm xəstəliyi olan şəxsin terapevtik qayğı planı həftədə 4 dəfə psixoloji, həftədə 2 dəfə düyü bütünləmə, həftədə 2 dəfə loqopedik seans olaraq hazırlanır. Hər seans 30 AZN olaraq hesablanır. Ümumi olaraq 1 ay üçün olan terapevtik qayğı planının qiyməti 32 seans üçün 960 AZN-dır.
31. X6 göstərilən terapevtik kursu keçməsi zəruridir. Belə olan halda isə həmin kursa görə ödənilməli olan vəsaitin yarısı cavabdehə aid edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1589/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.