Məhkəmə qərarları › İş №2(103)-4815/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4815/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4815/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və onun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı, cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə, Cavabdeh1 BOKT ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi, X5 cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 nömrəli saylı işi üzrə 17 mart 2021-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəəə Birjası “xxxx” MMC-yə, Cavabdeh1 BOKT ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhəri üzrə İcra idarəsi, X5 cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464 pbs nömrəli İpoteka müqaviləsi əsasında Cavabdeh1 BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9E mənzil 12 üzrə ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı 01 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə hazırlıq iclasında X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınması barədə vəsatəti təmin edilərək, mülki iş üzrə məhkəmə prosesinə cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin elektron kabineti vasitəsilə cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə, Cavabdeh1 BOKT ASC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsi, X4, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464 pbs nömrəli İpoteka müqaviləsi əsasında "Cavabdeh1” BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil üzrə ipotekaya xitam verilməsi, X3 adına verilmiş 10.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.(iş səh. 104). Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin elektron kabineti vasitəsilə iddiaanın təmin tədbirinə dair ərizə ilə müraciət edərək, hazırki mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəmənin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılmasına dair hər hansı hərəkətlərin edilməsinin Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və X4 qadağan edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı işi üzrə 17.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı, cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə, Cavabdeh1 BOKT ASC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsi, X5 cəlb edilməklə) “ipotekaya xitam verilməsi” tələbinə dair mülki iş üzrə “iddianın təmin etmə tədbirinin” tətbiq edilməsi barədə ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəmənin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılmasına dair hər hansı hərəkətlərin edilməsi Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə və X4 qadağan edilmişdir. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 157.1, 157.2, 158.1.1, 160.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, 09.03.2021-ci il tarixli məhkəmənin hazırlıq iclası zamanı cavabdeh "Cavabdeh1” BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, habelə X3 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi tanınması barədə vəsatətlə məhkəmənin dəftərxanasına müraciət etmiş, hər iki proses iştirakçısının Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı 01 mart 2021-ci il tarixli qərardadından məlumatı olmuşdur. Lakin mənzilin özgəninkiləşdirilməsi ilə bağlı məhkəmənin qərardadı olmasına baxmayaraq, mənzilə dair çıxarışın alınması ilə bağlı müvafiq hərəkətlər edilmişdir. Habelə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş 10.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil tam mülkiyyət hüququ ilə X3 adına özgənikiləşdirilmişdir. Hazırda mübahisənin predmeti nəzərə alındıqda, mübahisənin gedişi zamanı mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin qeyd olunan daşınmaz əmlakdan çıxarılması tərəflər arasında sonrakı məhkəmə mübahisələrinə, habelə hazırki iddia ərizəsi üzrə məhkəmə araşdırmasının aparılmasını əhəmiyyətsiz edə bilər. Məhkəmənin qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. İddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin 25.01.2021-ci il tarixli və Ali Məhkəmənin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə mənzildə yaşayan və qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılmasına dair hər hansı hərəkətlərin edilməsinin qadağan edilməsi iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi və subyektiv hüquqların real bərpası üçün kifayət edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi Vəkil2 qərardaddan şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1835/2021 saylı mülki iş üzrə 17 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1.1; 163.1; 163.2, 231.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil X3 xüsusi mülkiyyətindədir. Məhkəmənin hazırki qərardadı mülkiyyət hüququna birbaşa müdaxilədir, iddianı təmin etmək üçün tədbirlər MPM-nin 158ci maddəsində göstərilmişdir və həmin siyahıda qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi və ya icrasının dayandırılması iddianın təmini tədbiri kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsinin hakiminin Ali Məhkəmənin qərarının icrasını dayandırmaq hüququ yoxdur və hakim faktiki olaraq öz səlahiyyət həddini aşaraq, Ali Məhkəmənin hakiminin, daha doğrusu üç nəfərdən ibarət olan məhkəmə tərkibinin səlahiyyətlərini mənimsəyərək, qanunsuz qərar qəıbul etmişdir. Məhkəmənin qərardadından görünür ki, hakim MPM-nin 158.1.1-ci maddəsinə istifadə edərək sözü gedən qərardadı çıxarmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 02.04.2021-ci il tarixli qərardadı ilə Məhkəmənin 17.03.2021-ci il tarixli qərardadından üçüncü şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil2 şikayəti əsassız olduğundan təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, MPM-nin müddəalarına əsasən, cavabdehə məxsus əmlaka həbs qoyulmasının mümkün olduğunu, üçüncü şəxs olduğu halda isə həbs qoyulmasının mücərrəd məsələ olduğunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsindəki siyahıya baxanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına qadağa qoyulması qeyd edilmədiyini, digər üsulların göstərildiyini, qətnamənin icrasına möhlət verilməsi barədə ərizənin verilməli olduğunu, hakimin Ali məhkəmənin qərarının icrasına maneə olaraq, səlahiyyət həddini aşdığını, rəsmi dövlət orqanından çıxarış aldıqlarını, hal-hazırki münasibətlərin hərracdan sonrakı münasibətlər olduğunu, qanuni qüvvəyə minmiş qətnamənin icrasına qadağa qoyula bilmədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 şikayəti qəbul etməyərək, etirazını müdafiə edərək bildirmişdir ki, tərəflərindən Sumqayıt Şəhəri İcra İdarəsinin Ali Məhkəməninin 17.03.2021-ci il tarixli icra vərəqi üzrə keçiriləcək hərracla bağlı hərəkətlərin dayandırlması ilə bağlı 24.02.2021-ci il tarixli iddianın təmini barədə ərizə verilsə də 25.02.2021-ci il tarixli qərardad ilə ərizələri təmin edilməmiş və nəticədə yuxarıdakı mənzil ilkin hərracda satıldığını, halbuki ilkin hərracdan öncə alıcı ilə hərrac mərkəzində tərəfindən görüş keçirilmiş və Məhərrəmov Eldar və digər potensial alıcı hazırkı məhkəmə işi barədə məlumatlandırıldığını, daha sonra sözügüdən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulması haqqında tərəfindən iddianın təmini barədə verilmiş ərizə məhkəmənin 01.03.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş və 02.03.2021-ci il tarixli icra vərəqəsi elektron məhkəmə sistemi vasitəsi ilə müvafiq qurumlara göndərildiyini, həmçinin bu qərardad barədə məlumatın dərhal Sumqayıt Şəhəri İcra İdarəsinin icra məmuru Gündüz Aslanova ev sakinləri tərəfindən onun kabinetində verilmiş və icra məmurunun xahişi ilə qərardadın elektron variantı onun “what is up” nömrəsinə göndərildiyini, icra məmuru özgəninkiləşdirməyə qadağa ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi yollarla məlumatlandırıldığını, lakin çox “müəmmalı” şəkildə X5 bu qərardaddan 9 gün sonra, 10.03.2021-ci il tarixində həmin mənzilə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə etdiyini, halbuki bu şəxsin həm hərracdan əvvəl belə məhkəmə işinin mövcudluğu barədə məlumatlandırıldığını, həm də çıxarışı əldə etdiyi gündən 1 gün əvvəl, yəni 09.03.2021-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək üçüncü şəxs qismində tanınmasını xahiş etdiyini, məhkəmənin özü də 17.03.2021-ci il tarixli qərardadında bu şəxsin məhkəmə və ən əsası mənzil üzərində özgəninkiləşdirməyə qadağa olması barədə məlumatlı olduğu faktını qeyd etdiyini, burada məhkəmə tərəfindən öz icra sənədinə nəzarət etmək vəzifəsinə riayət edilməməsi kimi, icra məmurunun da hərəkətlərində araşdırılması məqamlar yeterincə olduğunu, ona görə də icra məmurunun, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxslərinin və X3 yuxarıda göstərilən hərərkətlərində cinayət tərkibinin olub olmaması ilə bağlı artıq tərəfindən hüquq mühafizə orqanlarına, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə müvafiq şikayət ərizələri və ona əlavə edilən sübutların göndərildiyini, cavabdeh X3 şikayət ərizəsi aşağıdakılara görə rədd edilməli olduğunu, tərəfin öz ərizəsində 17.03.2021-ci il tarixili qərardadın onun mülkiyyət hüququna müdaxilə olması əsaslandırması tamamilə əsassız və ədalətsiz olduğunu, burada mülkiyyət hüquqlarına qəsd edilən şəxs varsa, bunun İddiaçı olduğunu, çünki iddiaçı İpoteka haqqında Qanunun 43.8-ci maddəsində və bu maddənin şərhi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarı ilə ipotekaya xitam vermək üçün məhkəməyə müraciət etmək hüququnda istifadə etdiyini və bu hüquqdan istifadə edərkən göstərilən mənzil rəsmi olaraq onun adına olduğunu, lakin X1 məhkəmənin özünün də öz qərardadında qeyd etdiyi kimi “hər şeydən” məlumatlı olmasına baxmayaq “tələsik” və fikrimizcə qanunsuz yollarla mənzili öz adına keçirdiyini, halbuki məhkəmə çəkişməsindən məlumatı olan bu şəxs bu hərəkəti etməyib indiki kimi məlum qərardaddan qanunvericliyin ona verdiyi hüquqlardan istifadə etməklə öz şikayətini verə bilərdi, bu baxımdan burada X3 mülkiyyət hüququna qəsd edilməsindən söhbət belə gedə bilmədiyini, əksinə işin faktiki halları qəsdin məhz onun özü tərəfindən edildiyini göstərildiyini, tərəfin MPM-in 231.1-ci maddəsində əsaslanaraq 17.03.2021-ci il tarixli qərardadı qanuni qüvvəyə minmiş qətnamənin icrasına möhlət verilməsi və guya Ali Məhkəmənin səlahiyyətlərinin mənimsəməsi kimi yanaşması tamamilə əsassız və hüquqi olaraq dar yanaşma olduğunu, belə ki ilk öncə verdiyi iddiada göstərilən tələbin mahiyyətinə aydın başa düşmək lazım olduğunu, Belə ki, mənzil üzərində ipotekanın xitamı tələb edilməkdə olduğunu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli Qərarında ipoteka qoyanın ipoteka saxlayının öz hüquqlarında vaxtında və intizamlı istifadə etmədiyinə görə öz mülkiyyəti üzərində olan ipoteka yüklülüyünə xitam verməsi üçün məhkəməyə müraciət etmək hüququ göstərildiyini, bu hüququn reallaşması üçün hərrac mərhələlərin bitməsi tələb olunduğunu, yəni hərracda ipoteka predmetinə alıcı olmadığından və bu barədə müvafiq elan verildikdən sonra onun ipoteka saxlayan tərəfindən 1 ay müddətində əldə edilməməsi əsas götürüldüyünü, xxxx” MMC Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərraclar zamanı alıcı olmadığından 05 mart 2012-ci il tarixli məktubla mənzilin İpoteka saxlayan olaraq bank tərəfindən əldə edilməsinin təklif edildiyini, lakin ipoteka saxlayan tərəfindən bu mənzilin ümumiyyətlə əldə edilməli olduğunu, bu faktın özü artıq mənzil üzərində ipoteka xitam verilməsi üçün əsas yaratdığını və icraçının sonrakı hərəkətlərini hüquqi olaraq əhəmiyyətsiz etdiyini, məsələyə iddia tələbinin mahiyyəti və bu ipotekaya xitam verilməsi hüququnun hansı hallarda yaranması kontekstində qiymət verilməli olduğunu, çünki ipotekaya xitam verilməsi hüququ yaranarkən istənilən halda ondan əvvəl borcun ödənilməsi və həmin borcun ipoteka predmetinə yönlədirilməsi barədə qanuni məhkəmə qətnamələrinin olması şübhəsiz olduğunu, ona görə də bu məsələyə MPM-in 231-ci baxımdan yanaşılması tamamilə absur olduğunu, o zaman İpoteka haqqında Qanunun və Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında təsbit etdiyi ipotekaxa xitam vermək hüququnun reallaşdırılması əhəmiyyətsiz olardı, çünki bu hüququn səmərəli realizasiya edilməsi üçün bu tip məsələlərdə standart olaraq mövcud olan əvvəlki məhkəmə qətnaməsinin icrasının müvəqqəti olaraq dayandırlıması üçün şərt olduğunu, əks halda bu iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində göstərilən məhkəmə müdafiə hüququnu səmərəsiz edəcəyini, həmçinin mənzil üzərində olan özgəninkiləşdirmə ilə bağlı 01 mart 2021-ci il tarixli qərardadın icrasının yerinə yetirilməməsi nəticəsində indiki mərhələdə həmin mənzildə qeydiyyatda olanların və yaşayanların mənzillərindən çıxarılmasının həm icra qurumuna və həm də mülkiyyət hüququnun etibarlılığı mübahisələndirilən X4 qadağan edilməsi zərurətinin təkzibedilməz olduğunu, həmin şəxslərin başqa yaşayış sahələri olmadığını, nə də yeni yaşayış sahəsini icarə və ya mülkiyyət hüququ əsasında əldə etmələri üçün maddi imkanları çox yetəsiz olduğunu, indiki mərhələdə iddia ərizəsinə baxılarkən, hərracdan ucuz evlər alıb baha satmaqla məşğul olan X3 “ticari məqsədləri” üçün insanların mənzillərindən məhrum olması heç bir cəhətdən doğru olmadığını, iddia tələbinə dəqiqləşmə verərək cavabdehlərin siyahısını artırdığını bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-nin, Cavabdeh1 BOKT ASC-nin, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin nümayəndəsinin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb “İcra haqqında” Qanunun 17, 18 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157-164, 263-269, 385-388, 397, 398-ci maddələrinə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının (maddi və prosessual hüquq normalarına riayət etməsinin) qanuniliyinin yoxlanılmasından ibarətdir. Hazırki mübahisələndirilən qərardada münasibətdə qeyd edilməlidir ki, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə icra sənədi üzrə icraat dayandırıla bilər. Məcburi icrası müəyyən edilən məhkəmə aktının icrasına maneə olan iddianın təmin tədbiri növündə qərarın qəbul edilməsi sui-istifadəyə şərait yaradan, dispozitiv imkandan və diskression səlahiyyətlərdən kənar prosessual hərəkət kimi yolverilməzdir. Bundan əlavə, iş üzrə iddianın təmin (özgəninkiləşdirilmənin qadağan) edilməsi barədə tədbir artıq görülmüşdür və bu qərarın icrasının təmin edilməməsi başqa prosessual prosedurun predmetidir. Qeyd edilməlidir ki, mübahisə edilən növdə təmin tədbirinin seçilməsi barədə məhkəmə qərardadının səbəbləri əsaslandırılmamış və prosessual qanunvericiliyin tələblərinə müvafiq hüquqi əsasları təfsir edilməmişdir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə qərardad qəbul etdiyi zaman X3 prosessual şəxs kimi (cavabdeh və ya digər proses iştirakçısı olması) statusunu müəyyən etməmiş, iddia həcminin dəyişməsinə və bu mənada artıq mövcud olmuş tədbirin mövcudluğu və onun icrası məcrasında prosessual tədbirlərin keçirilməsi zərurətinə qiymət vermədən, gəldiyi qənaəti iddianın mahiyyətinə, ona aidiyyətinə və gələcəkdə iddianın təmin edilməsində maneənin yaradılmasına yönəlik istinadlara qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Qeyd edilənlərə əsasən, ərizəyə əsaslandırılmış münasibət bildirilməsi məhz işə baxan birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan qərardad ləğv edilməli və iddianın təmini tədbiri ərizəsinə uyğun iş müvafiq qərarın qəbul edilməsi üçün ora göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 və onun nümayəndəsi Vəkil2 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2021 saylı işi üzrə 17.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddiaçının nümayəndəsi Vəkil1 iddianın təmin edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar