Məhkəmə qərarları › İş №2(103)-4815/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4815/2025

16.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4815/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4815/2025 (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3205/2025 nömrəli 21 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mərhum xx.xx.2001-ci il təvəllüdlü X6 iddiaçının oğludur.

2. Ölüm haqqında şəhadətnaməyə əsasən X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində bədən səthinin 90% və ya daha çox termiki yanığı səbəbindən vəfat etmişdir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1384/2022 saylı 06 oktyabr 2022-ci il tarixli Hökmü ilə X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X8 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilərək, onun üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmuşdur.

4. Həmin hökmlə müəyyən edilmişdir ki, X14 vəzifəli şəxs olaraq işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməmiş və lazımi qaydada yerinə yetirməmiş, nəticədə ehtiyatsızlıqdan 4 nəfər zərərçəkmiş şəxslərin ölümünə, 36 nəfər zərərçəkmiş şəxslərin müxtəlif dərəcəli yanıq və küt bədən xəsarətləri almasına, 3 qeyri-yaşayış sahəsinə, 1 mənzilə və 13 avtomobilə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2011-ci il tarixli 134/ş saylı əmrlə Azərbaycan Respublikası Cavabdeh X22 Xidmətinin 2-ci Ərazi X22 idarəsinin X22 şöbəsinin inspektoru vəzifəsinə təyin edilməklə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası “Cavabdeh X22 Xidməti haqqında Əsasnaməsi”nin 8.2-ci bəndinə əsasən X22 orqanlarının fəaliyyətini istiqamətləndirmək məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi üçün yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata keçirmək, 8.7-ci bəndinə əsasən icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək, 8.9-ci bəndə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində yanğından mühafizəni və yanğın təhlükəsizliyi sahəsində işlərin görülməsini və xidmətlərin göstərilməsini təşkil etmək, 8.10-cu bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək kimi səlahiyyətlərə malik vəzifəli şəxs olaraq Azərbaycan Respublikası Cavabdeh, X22 Xidməti, 2-ci Ərazi Dövlət Yanğın Nəzarət idarəsi rəisinin xx.xx.2022-ci il tarixli 004 saylı əmri ilə ünvan 1 ünvanının yerləşdiyi 28 nömrəli xidmət sahəsinə inspektor olaraq təhkim edilməsinə baxmayaraq ona həvalə olunmuş həmin vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə həyata keçirməyib, öz işinə vicdansız və laqeyd münasibət göstərərək öz əməlinin başqalarının ölümünə, çoxsaylı şəxslərin ağır və digər xəsarət almalarına, eləcə də külli miqdarda əmlak ziyanının dəyməsinə səbəb olacağı imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu görməyərək və eləcə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin faktiki direktoru və rəhbəri X3 da vəzifəli şəxs olaraq öz işinə vicdansız və ya laqeyd münasibəti ilə öz vəzifələrini yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılmasının və istifadəsinin qadağan edildiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi Qaydaları”nın 4.7.5.3-ci bəndinə əsasən mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq ictimai iaşə müəssisələrində qadağan edildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999- cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 6.7-ci bəndinə əsasən səyyar bufetlərdə, yeməkxanalarda və s. qaz balon qurğularının quraşdırılmasına, qaz təsərrüfatını istismar edən yerli təşkilatla və dövlət texniki nəzarət orqanı ilə razılaşdırılmış layihə olduqda icazə verildiyi halda qanunvericiliyin həmin tələblərini, yəni öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib, xx.xx.2020-ci il tarixdə X12 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən dövlət reyestrindən çıxarış əsasında rəsmləşdirilən və xidmət etdiyi sahədə, yəni ünvan 1-da yerləşən 172.9 kv.metr olan qeyri yaşayış sahəsinin ********** nömrəli VÖEN əsasında qeydiyyatdan keçən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X11 tərəfindən 26 yanvar 2022-ci il tarixdə 2 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisində təsdiq olunmuş icarə müqaviləsi əsasında icarəyə götürülməklə “The Location” adı altında fəaliyyət göstərən gecə klubunda, sonuncu ictimai iaşə obyektinin yanğın təhlükəsizliyi üzrə məsul şəxsi təyin edilmiş X9 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 31 may 2001-ci il tarixdə qeydiyyata alınmış “Azərbaycan Respublikasına Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.8-ci bəndinə əsasən partlayıcı maddələr, qazla dolu balonlar, qablaşdırılmış aerozol mallar, sellüloid və digər partlayış-yanğın təhlükəli maddə və materialların müəssisələrin, binaların və tikililərin otaqlarında saxlanılması və istifadəsinin qadağan olunmasına baxmayaraq həmin normativ aktların tələblərinə zidd olaraq gecə klubunda mətbəx kimi ayrılan otaqda qaz sobasının işlədilməsi məqsədilə 25 litr maye qaz tutumu həcmi olan metal qaz balonunun obyektin mətbəxindən binanın həyətinə tərəf olan çıxışda metal çərçivə içərisinə yerləşdirib oradan rezin boru vasitəsi ilə mətbəxə çəkilməsi, habelə 50 litr tutumu olan içərisi maye qazla doldurulmuş ehtiyat yanacaq balonunun mətbəx otağında qaz sobasının yaxınlığında qanunsuz saxlanılması kimi qanunsuz hərəkətlərin qarşısının vaxtında alınması, yanğın təhlükəsizliyi qaydalarına zidd olan sertifikatlaşdırılmamış avadanlıqların dövriyyədən çıxarılması, obyektin təhlükəsiz istismarı üçün digər zəruri qabaqlayıcı tədbirləri görməmiş, nəticədə 3 aprel 2022-ci il tarixdə, saat 02:55-də ünvan 2 ünvanda yaşayış binasının 1-ci mərtəbəsində “The Location” adı altında fəaliyyət göstərən gecə klubunun mətbəx otağına qoyulmuş 50 litr tutumu olan mayeləşdirilmiş propan qazla doldurulmuş qaz balonu gövdəsinin kipliyinin pozulması nəticəsində propan qazının ətrafa sızması və partlayış konsentrasiyası həddinə çatmış qaz-hava qarışığının alışması ilə partlamış, yanğınla müşayiət olunan güclü partlayış zamanı ehtiyatsızlıqdan gecə klubunda xidmətçi işləyən xx.xx.2001-ci il təvəllüdlü X10 ümumi bədən səthinin 50-55%-ni əhatə edən İİİ-İV dərəcəli termiki alov yanığı, yuxarı tənəffüs yollarının, qida borusunun selikli qişasının yanığı ilə aldığı ağır dərəcəli xəsarətlərdən və yanıq xəstəliyi ilə əlaqədar inkişaf edən yanıq intoksikasiyası nəticəsində xx.xx.2022-ci il tarixdə müalicə aldığı «Medera Hospital» tibb müəssisəsində ölmüşdür.

5. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş İddiaçı göstərmişdir ki, oğlu X13 və İnşaat Universitetinin 4-cü kurs tələbəsi olmuşdur. Maddi cəhətdən imkanı zəif olduğundan Ayxan özü üçün müxtəlif yerlərdə ofisiant işləmişdir. 2022-ci ilin mart ayının ortalarında, Novruz bayramından əvvəl söhbət əsnasında Ayxan ona bildirmişdir ki, təzə fəaliyyətə başlamış “The Location” gecə klubunda günəmuzd 15 manat müqabilində ofisiant kimi işə düzəlib. Ayxan təxminən 18 mart 2022-ci il tarixdən, yəni partlayış baş vermiş obyektdə gecə klubu fəaliyyətə başlayandan orada gecələr ofisiant işləmişdir. 3 aprel 2022-ci il tarixdə saat təxminən 04 radələrində evdə olarkən tanımadığı mobil nömrədən telefonuna zəng edən və adını xatırlamadığı cavan bir oğlan Ayxanın iş yoldaşı olduğunu, gecə klubunda partlayış baş verdiyini və Ayxanın xəsarət alaraq Nərimanov rayonunda 5 nömrəli xəstəxanaya aparıldığını bildirmişdir. Səhər oğlu Ayxanla görüşüb hadisə barədə ondan soruşmuş, Ayxan ona işlədiyi gecə klubunda qaz balonunun partlaması nəticəsində xəsarət aldığını bildirmişdir. 10 aprel 2022-ci il tarixdə Ayxan müalicə olunduğu “Medera” hospitalda ölmüşdür.

6. İddiaçı 06 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə 99.000 manat mənəvi ziyan, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 125 manat, ümumilikdə 99125 manat pulun və ödənilmiş 388 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum X4 itkisi ailəsi üçün dərin və ağır bir kədər buraxmışdır. Onun ilk övladı olan Muradın ölməsi, hər bir valideynin yaşamaq istəmədiyi ən dəhşətli acıdır. Hələ oğul övladının valideyn həyatında necə mühüm yer tutduğunu nəzərə aldıqda, bu itkini sözlə ifadə etmək qeyri-mümkün hala gəlir. Mərhumun qəfil və zamansız vəfatı, onun üçün bərpaolunmaz, dərin mənəvi iztiraba səbəb olmuşdur. Mərhum ailənin ilk övladı olmuş və valideynlər üçün sevinc, ümid və həyat mənbəyi hesab edilmişdir. Oğul övladının ilk addımları, sözləri, böyüməsi və həyat planları ilə bağlı xatirələr atanın yaddaşında xüsusi yer tutmuşdur. Bu xatirələr indi bir ağrıya, itirilməmiş xəyallara və böyük bir boşluğa çevrilmişdir. X15 həm gənc yaşında dünyasını dəyişməsi, həm də maddi çətinliklərə baxmayaraq təhsil alaraq öz ayaqları üstündə durmaq istəməsi, onun yaşadığı mənəvi itkini daha da ağırlaşdırır. Zəhmətkeş, çalışqan və gələcək arzularla yaşayan bir gənc olmuşdur. Ayxan öz ailəsinin ümidi və atası üçün qürur mənbəyi olmuşdur.

9. Cavabdeh tərəf iddia tələbinə etiraz ünvanlayaraq, onun rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 iyun 2025-ci il tarixli 2(004)-3205/2025 nömrəli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia rədd edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının övladının gənc yaşda faciəvi şəkildə həlak olması, bunun nəticəsində ailənin natamam qalması, onun yaşadığı ruhi sarsıntılar iddiaçıya mənəvi zərərin yetirilməsinə dəlalət edir. Cavabdeh orqanın işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də, mənəvi zərər tələb etmek hüququnu istisna etmir. Bununla yanaşı, cinayət prosesində zərərçəkən şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə cəza təyin edilərkən nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin qarşılıqlı güzəşt əsasında həll olunması kimi qiymətləndirilməlidir.

12. Həmçinin məhkəmə göstərmişdir ki, İddiaçı 06 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bununla belə hazırda Cavabdehnə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İşin hallarından da göründüyü kimi, iddiaçının cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmamış, iddiaçı oğlunun ölümünün nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas tutaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, İddiaçı Cavabdehnə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1 və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4 maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının “fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə 2(102)- 3351/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli barışıq ərizəsi yalnız cinayət işində təqsirləndirilən şəxslərlə barışmağa dair verilmiş və cavabdeh ilə bağlı deyil. Bu barışıq ümumi mənəvi zərərin kompensasiyasından imtina kimi qiymətləndirilə bilməz və bununla onun digər hüquq subyektlərinə qarşı mülki hüquq iddiası qaldırmaq imkanları məhdudlaşdırıla bilməz. Məhkəmə həmin barışıq ərizəsinin hüquqi nəticələrini yanlış təfsir edərək, onun hüququndan ümumilikdə imtina etdiyini əsas götürmüş, lakin bu ərizənin yalnız cinayət işində konkret təqsirləndirilən şəxsə münasibətdə hüquqi nəticə doğurduğunu, digər hüquqi və inzibati subyektlərə qarşı tələbləri istisna etmədiyini araşdırmamış və qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

22. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 24.Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

32. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

35. Baş vermiş hadisə nəticəsində iddiaçının oğlu ölmüşdür. Cavabdeh orqanın işçisinin səhlənkarlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının həlak olması ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir.

36. Bununla belə iş materiallarından müəyyən edilir ki, İddiaçı 06 may 2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir.

37. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının cinayət prosesində təqsirləndirilən şəxslərlə barışdıqdan sonra hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmamış, hazırda iddiaçının oğlunun ölümünün nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini əsas tutaraq qaldırdığı iddia tələbi rədd edilməlidir.

38. İddiaçı apellyasiya şikayətində ona əsaslanır ki, xx.xx.2022-ci il tarixli barışıq ərizəsi yalnız cinayət işində təqsirləndirilən şəxslərlə barışmağa dair verilmişdir və cavabdeh ilə bağlı deyil.

39. Kollegiya iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, hadisə cavabdeh orqanın işçisinin səhlənkarlığı nəticəsində baş vermiş, iddiaçı isə cinayət prosesi zamani təqsirləndirilən şəxslə barışmış və şikayətinin, tələbinin, mülki iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Bundan sonra isə iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməsi üçün yeni bir əsas yaranmamışdır.

40. Cinayət işi üzrə barışıq olmadığı təqdirdə iddiaçı Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanaraq X2 işəgötürəni kimi Cavabdehnə qarşı hazırki iddianı qaldıra bilərdi. Həmin iddia təmin olunduğu təqdirdə isə Cavabdeh zərəri ödədikdən sonra X5 qarşı reqres tələb irəli sürə bilərdi. Yəni, vurulmuş maddi və mənəvi zərərə görə son nəticədə X7 məsuliyyət daşımalı idi ki, iddiaçı da onunla barışmışdır. 41.Beləliklə Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3205/2025 nömrəli iş üzrə 21 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar