Məhkəmə qərarları › İş №2(103)-4824/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4824/2021

20.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4824/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “əmək haqqının və onun gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qiyabi qətnaməsindən cavabdehin nümayəndəsi (rektoru) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə (bundan sonra müvafiq hallarda Univerisitet adlandırılacaqdır) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin oktyabr ayından 2020-ci ilin iyul ayına kimi Universitetdə müxtəlif vəzifələrdə işlədiyini, son vəzifəsinin 2020-ci ilin fevral ayından 01 iyul 2020-ci ilədək köməkçi məlumat bazası olduğunu, üzərinə düşən işləri qüsursuz yerinə yetirdiyini, 30 iyun 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işdən azad edildiyini, son dəfə 2019-cu ilin dekabr ayının əmək haqqını aldığını və 2020-ci ilin 6 ayının (yanvar-iyun) əmək haqqının ona ödənilmədiyini, işdən çıxmasından 2 aydan çox vaxt keçməsinə baxmayaraq onunla hələ də son haqq-hesab aparılmadığını bildirmiş, buna görə də Universitetdən 1750 manat əmək haqqının və əmək haqqının 8 ay gecikdirilməsinə görə azı bir faizi məbləğində ödənişin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Universitetdən 1750 (bir min yeddi yüz əlli manat) ödənilməmiş əmək haqqının, 8 ay ərzində gecikdirilmiş əmək haqqının hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödəncin hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh müəssisənin rektoru apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddiaçının əmək haqqının ödənilməməsinin obyektiv səbəblərinin olduğunu, müəssisənin ciddi maliyyə sıxıntıları yaşadığını və bütün əmlakına həbs qoyulduğunu nəzərə almamış, qətnamədə iddiaçının əmək haqqının 200-250 manat olduğunu göstərsə də hansı məbləğin tutulmalı olduğunu göstərməmiş, cərimə məbləğini nə cür hesabladığı qeyrimüəyyən qalmış, tərəfləri barışdırmaq üçün heç bir tədbir görməmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh müəssisə nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, işə qiyabi icraat qaydasında baxılmasına əsaslar olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan “qiyabi qətnamə” qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən, “iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır”. Həmin Məcəllənin 240.1.1-ci maddəsinə görə, gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə qiyabi qətnamənin çıxarılması yolverilməzdir. İş materiallarında cavabdehin məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış olduğu barədə hər hansı sübut yoxdur və bu xüsusat, işə qiyabi icraat qaydasında baxılmasının prosessual əsasları mövcud olmadığı halda məhkəmənin “qiyabi” adlanan qətnamə qəbul etdiyini ortaya çıxarır. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının xeyrinə tutulmasını müəyyənləşdirdiyi pul vəsaitinin məbləğini konkret göstərməməklə, həmçinin məhkəmə xərclərinə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi qaydası, 222.2-ci maddəsinə görə isə, pul vəsaitlərinin tutulması qət edildikdə ... alınmalı olan ümumi məbləğ qətnamənin nəticə hissəsində göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil....MPMin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olubolmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçı 16.10.2018-ci il tarixdə “Təfəkkür” Universitetində komputer operatoru vəzifəsinə işə qəbul olunmuş, 30.06.2020ci il tarixinə qədər həmin Universitetdə müxtəlif vəzifələrdə işləmiş, qeyd olunan tarixdə Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən (müqavilənin müddətinin bitməsinə görə) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının iddiasına görə, 2020-ci ilin yanvar-iyun aylarının əmək haqqı, habelə son haqq-hesabı ona ödənilməmişdir və o, məhz ödənilməyən əmək haqqının gecikmə faizləri ilə birlikdə xeyrinə tutulmasını tələb etməkdədir. Əmək Məcəlləsinin 172-ci maddəsinin birinci hissəsinə görə, aylıq əmək haqqı işçilərə bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə, əmək haqqı illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir; hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi isə ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İş materiallarından aydın olur ki, İddiaçı 16.09.2019-cu il tarixdən etibarən Universitetdə köməkçi vəzifəsində işləmiş və aylıq maaşı 250 manat təşkil etmişdir; cavabdeh müəssisə isə ona 2020-ci ilin yanvar-iyun ayları üçün əmək haqqı, eləcə də son haqq-hesab ödənilmədiyini mübahisələndirməyərək bunu Universitetin maddi vəziyyətindəki problemlərlə əlaqələndirmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hal onun həmin tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır və sözügedən tələb qismən təmin olunaraq Universitetdən 1500 manat (250 manat x 6 ay = 1500) ödənilməyən əmək haqqı qismində iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya, iddiaçının əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi tələbini də əsaslı hesab edir: Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə görə isə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göstərilən maddənin qeyd hissəsində izah edilmişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, cavabdeh müəssisə iddiaçının əmək haqqının ödənilməsinin gecikdirilməsini müəssisədə yaranmış maliyyə sıxıntıları ilə əlaqələndirmişdir; bu isə o deməkdir ki, iddiaçının əmək haqqının gecikdirilməsi bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan halla əlaqədar olmaqla, müvafiq gecikdirmə faizi iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunduğu kimi, Universitet iddiaçının 2020-ci ilin yanvar-iyun ayları üçün əmək haqqı almadığını mübahisələndirməmiş, iddiaçı isə 8 aylıq gecikdirilməyə görə pul tələb etmişdir; bu o deməkdir ki, iddiaçıya ödənilməli olan ödənc (aylıq əmək haqqının 250 manat təşkil etdiyi nəzərə alındığında) 7350 (yeddi min üç yüz əlli) manat təşkil edir ((yanvar ayının maaşı üçün 600 manat (250 manat x 1% x 240 gün); yanvar və fevral ayının maaşı üçün 1050 manat (500 manat x 1% x 210 gün); yanvar-fevral-mart aylarının maaşı üçün 1350 manat (750 manat x 1% x 180 gün); yanvar-aprel aylarının maaşı üçün 1500 manat (1000 manat x 1% x 150 gün); yanvar-may aylarının maaşı üçün 1500 manat (1250 manat x 1% x 120 gün); yanvar-iyun aylarının maaşı üçün 1350 manat (1500 manat x 1% x 90 gün)). Kollegiya eyni zamanda iddiaçıya izah edir ki, əgər onun istifadə etmədiyi əmək məzuniyyəti olmuşdursa, o, son haqq-hesab qismində həmin vəsaiti də cavabdehdən tələb etmək hüququna sahibdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdeh müəssisədən alınaraq Dövlət büdcəsinə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi rüsum məbləği onun özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3871/2020 saylı iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “əmək haqqının və onun gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbi qismən təmin olunsun. 2020-ci ilin yanvar-iyun ayları üçün ödənilməyən əmək haqqı qismində 1500 (min beş yüz) manat, əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 7350 (yeddi min üç yüz əlli) manat olmaqla cəmi 8850 (səkkiz min səkkiz yüz əlli) manat Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən tutulub Dövlət büdcəsinə köçürülsün; apellyasiya şikayətinin verilməsi üçün cavabdeh müəssisənin ödədiyi rüsum məbləği isə onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar