Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4831/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(001)- 1195/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakim F.Abdıyev, iş № 2(001)-1195/21) iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 19.10.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 12 dekabr 2014-cü il təvəllüdlü X1 və 16 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 12 dekabr 2014-cü il tarixdə X3 və 16 fevral 2017-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6142/2018 saylı, 19.10.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsinə verilmiş, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməmiş, hazırda mövcud olan aliment məbləğinin hər ay yalnız 50-100 manat hissəsini ödəyə bildiyini qeyd etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun maddi durumunu nəzərə almamış və hansı çətinliklərlə üzləşəcəyini düşünməmişdir. Hər iki uşaq onun övladıdır. O da bir valideyn kimi uşaqlarını daha yüsək səviyyədə yetişdirib boya-başa çatdırmaq istəyir. O, işsiz kimi məşğulluq idarəsində qeydiyyatdadır və pandemiya düşəndən bu günə kimi faktiki olaraq işləmir və heç bir gəliri yoxdur. Təyin edilmiş alimenti isə birtəhər yaxınlarının köməyi ilə ödəyir. Göründüyü kimi, məhkəmə qətnaməsi ilə onun ağır olan durumu daha da ağırlaşmışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə münasibətdə daha az təminatlı olduğu qənaətinə gələrək iddianı təmin etmiş və mövqeyini Azərbaycan Respublikası Konstitusiyasıın 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci və “Uşaq hüquqları haqqında” Qanunun müvafiq maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə cavabdehin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, cavabdeh atadır və onun uşağına hər cür maddi və mənəvi qayğı, diqqət, dəstək göstərmək borcudur. Şikayətdə göstərilən halların heç biri, uşağı belə bir diqqət və qayğıdan məhrum etmək üçün əsas deyildir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Cavabdehin verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 28 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4831/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4831/2021
16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver