Məhkəmə qərarları › İş №2(103)-4832/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4832/2021

05.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4832/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı Adilova Vəsilə Musa qızının iştirakı ilə, İddiaçı Adilova Vəsilə Musa qızının cavabdeh “xxxx” MMC-yə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(001)-1312/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Adilova Vəsilə Musa qızı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11 dekabr 2020-ci il tarixdən 20 fevral 2021-ci il tarixədək ödənilməmiş əmək haqqının əvəzi kimi 961 manat məbləğində pulun, son haqq-hesaba görə (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və digər ödəmələr) 55 manat məbləğində və hər gecikdirilimiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin “xxxx” MMC-dən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(001)- 1312/2021 saylı qərardadı ilə tərəflər məhkəmənin hazırlıq və birinci baxış iclasına gəlmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mülki işin baxılmamış saxlanılmasına hər hansı bir əsas yoxdur, çünki iddiaçı məhkəmə iclasına hava şəraitinin kəskin dəyişməsi və tıxac yaranması səbəbindən gecikmiş, daha sonra iş üzrə ərizənin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilmişdir. Ərizənin baxılmamış saxlanılması əmək mübahisələri üzrə 1 illik iddia müddətinin keçməsinə səbəb olduğuna görə o, cavabdehə qarşı iddia irəli sürmək hüququndan məhrum olur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli 2(001)- 1312/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(001)-1312/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmənin 29 yanvar 2021-ci il tarixdə keçirilmiş hazırlıq, habelə 05 mart 2021-ci il tarixdə keçirilmiş baxış iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Eyni zamanda, cavabdehin məhkəməyə mülki işə mahiyyəti üzrə baxılması tələbini ifadə edən ərizəsi, vəsatəti və sair sənədlər daxil olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259-260-cı, 263-264-cü, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(001)- 1312/2021 saylı qərardadından iddiaçının şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar