Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4839/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment borcunun azaldılması tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü Cəfər və xx.xx.2017-ci il təvəllüdlü Dilbərin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4337/2022 nömrəli qətnaməsi üzrə ondan tutularaq cavabdehə ödənilməli olan aliment borcunun 12.800 manat azaldılması, ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə iş üzrə tərəflərin nikahının pozulması, uşaqların analarının (hazırkı iş üzrə cavabdehin) yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan onun qazancının aylıq qazancının 1/3 hissədə alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay tutularaq hazırkı iş üzrə cavabdehə ödənilməsi qət edilmişdir. İddiaçının hazırda 14.000 manat məbləğində ödənilməmiş aliment borcu vardır. İddiaçı cavabdehin istəyi ilə boşanma dövründə yaranacaq aliment məbləğindən çıxılmaq şərti ilə uşaqlarının məişət, təlim, təhsil, tibbi xidmət və s. ilə bağlı xərclərini təmin etmiş, bu məqsədlə təxminən 12.800 manat məbləğində pul xərcləmişdir. Cavabdehin özünün maddi təminatı həmin xərclərin ödənilməsinə kifayət deyildi. Lakin cavabdeh çəkilmiş xərclərin aliment borcundan çıxılması üçün buna heç bir addım atmamış və bu barədə icra məmuruna ərizə verməmişdir. İddia ərizəsinə əlavə edilmiş xərc cədvəlindən görünür ki, iddiaçı, cavabdehin evdən getdiyi vaxtdan, yəni 2022-ci ilin may ayından etibarən övladı Cəfərin şahmat dərsləri üçün ümumilikdə 600 manat, xx.xx.2022-ci il tarixdən etibarən 2023-cü ilin fevral ayı da daxil olmaqla ödənişli məktəbdə təhsili üçün ümumilikdə 6,120 manat, yay tətili zamanı Dubaya səyahəti və orada geyim və məktəb ləvazimatları üçün 2.700 manat, diş həkimi üçün 150 manat, geyimi üçün 800 manat, hazırlıq kursu üçün 500 manat, skuter üçün 400 manat, 2023-cü ilin yanvar-aprel ayları ərzində psixoloji müalicəsi üçün 1.640 manat, qızı Dilbərin dişlərinin müalicəsi üçün 350 manat, beləliklə də 12.800 manat pul xərcləmişdir. 14.000 manat aliment borcundan ödənilmiş 12.800 manat çıxılmalıdır. Əks təqdirdə iddiaçı iki dəfə aliment ödəmiş olacaqdır. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat
3. Cavabdehin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının övladları üçün pul xərcləməsi o demək deyil ki, o, aliment öhdəliyindən azaddır. Aliment uşağa skuter almaq üçün yox, uşağın sağlam yaşaması, geyindirilməsi, yedizdirilməsi, sağlam böyüməsi üçündür. İddiaçı "xxxx" ASC-də departament müdiridir. Aliment iddiaçının maaşına yönləndirilib, lakin iddiaçının maddi imkanı yüksəkdir. Cavabdehin isə 200-300 manat gəliri var, o, sadəcə məşğuliyyət kimi işləyir. Uşaqlar əvvəl “Oxford” Məktəbində təhsil alırdılar, daha sonra cavabdeh uşaqların məktəbinin ödənişini etməli idi deyə uşaqları həmin məktəbdən çıxarmışdır. İddiaçı 1 ilə yaxın aliment ödəmişdir. İddiaçı ödədiyi pullar ilə uşaqların asudə vaxtını dəyərləndirmişdir. Həmin məbləğ aliment borcundan silinə bilməz. İddiaçının kredit borcları da vardır. İddia tamamilə absurd, heç bir məntiqə söykənməyən iddiadır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd edilən hallar iddiaçını aliment ödəmək öhdəliyindən azad etmir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətinin məzmununa uyğun izahat verdilər.
9. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş, iclasda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4337/2022 nömrəli qətnaməsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə iddiaçıdan hazırki iş üzrə cavabdehin xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması qət edilmiş, alimentin hesablanması xx.xx.2022-ci il tarixdən başlanmış, hazırda iddiaçının cavabdehə 14.000 manat ödənilməmiş aliment borcu vardır.
12. İddiaçı tərəfindən Rayon Məhkəməsinə "xxxx" ASC-dən xx.xx.2022-xx.xx.2023cü il tarixləri əhatə edən “Hesabdan çıxarışlar” və “Whatsapp” sosial proqramı vasitəsilə cavabdehlə olan yazışmalar təqdim edilmişdir.
13. İddiaçı təqdim etdiyi “Hesabdan çıxarışlar” və “Whatsapp” vasitəsilə cavabdehlə olan yazışmalarına istinad edərək, bildirir ki, cavabdehlə aralarında əldə edilmiş razılığa əsasən uşaqların məişət, təlim, təhsil, tibbi xidmət və s. ilə bağlı xərclərini qarşılayacaq, cavabdeh isə həmin xərclərə sərf edilmiş məbləğləri iddiaçının aliment borcundan siləcəkdir. Bu məqsədlə onun tərəfindən 12.800 manat vəsait sərf edilmiş, lakin cavabdeh tərəfindən aliment borcundan silinməsi ilə bağlı hər hansı tədbir görülməmiş, bununla bağlı icra məmuruna müraciət olunmamışdır.
14. İşdə olan xx.xx.2022-ci il tarixli, ********* nömrəli müqaviləyə əlavədən görünür ki, iddiaçı tərəfindən 411,99 manat dəyərində 1 ədəd elektrik skuteri alınmışdır.
15. Cavabdeh isə hesab edir ki, iddiaçının sərf etdiyi 12.800 manat vəsaitin aliment borcundan silinməsi üçün hər hansı mövcud deyil.
16. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
17. “İcra haqqında” Qanunun 26-ci maddəsinə görə, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.5-ci maddəsinə görə, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər.
19. Yuxarıda qeyd edildiyi kimi, Rayon Məhkəməsi iddianın əsassız olması barədə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin dəlilləri aliment borcunun azaldılması üçün əsas təşkil etmir.
20. Məhkəmə bu yanaşmanı düzgün hesab edərək qeyd edir ki, iddiaçı cavabdehlə sərf etdiyi xərclərin onun aliment borcundan silinəcəyi ilə bağlı cavabdehlə razılıq əldə etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
21. Ailə Məcəlləsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar (maddə 75.1.). Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər (maddə 107.1.). Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər (maddə 107.2.).
22. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
24. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.
25. Digər tərəfdən iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar qanunvericiliklə də aliment borcunun silinməsi üçün əsas kimi müəyyən edilməmişdir.
26. Odur ki, gəstərilənlərə əsasən hesab edilməlidir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün, apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apelyasiyanın nəticəsi
27. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
28. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
29. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
30. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
31. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27 dekabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.