Məhkəmə qərarları › İş №2(103)-484/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-484/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-484/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(007)-102/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi, alimentin tutulması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızı Həmra Melissanın atası olması, uşaq yetkinlik yaşına çatanadək Cavabdeh hər ay sabit məbləğdə 200 manat, eləcə də ona vurduğu mənəvi ziyana görə 50000 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılır ki, Cavabdeh ilə 2016-cı ilin yay aylarında tanış olmuş və bu tanışlıq sonradan faktiki nikah münasibətlərinə çevrilmişdir. Onların münasibətləri 2018-ci ilin aprel ayının sonlarına qədər davam edib. Həmin faktiki münasibətdən hamilə qalmış, 08 noyabr 2018-ci il tarixdə X3 anadan olmuşdur. Cavabdeh ondan hamilə qaldığını biləndən sonra onunla münasibətlərində soyuqluq yaradaraq nəhayətdə ondan tamamilə uzaqlaşmışdır. Ona görə də uşaq doğulanda onun atası olaraq cavabdehin adını soyadı olaraq öz soyadı qeyd olunmuşdur. 05 sentyabr 2019-cu il tarixdə uşağa doğum şəhadətnaməsi almışdır. Cavabdeh bütün bu baş verənlərə heç nə olmamış kimi, adi hal olaraq baxır. Onu ailə quracağı ilə aldadaraq heysiyyətinə, ləyaqətinə, şərəfinə ağır zərbə vuran bu şəxs onu körpə uşaqla atıb getmişdir. O, əminliklə uşağın atasının cavabdeh olduğunu desə də cavabdeh bunu etiraf etmir. Cavabdehin ona qarşı yol verdiyi bu hərəkətlər nəticəsində ağır mənəvi sarsıntılara məruz qalmış, bununla yanaşı, körpə uşaqla ağır maddi durum qarşısında qalmışdır. Cavabdeh uşağın saxlanılmasında belə iştirak etmək istəmir. Ona görə də o, bu məsuliyyətsiz cavabdehə qarşı yuxarıda qeyd olunan tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildiyinə görə cavabdeh Quba şəhərində İdman Kompleksində işləyir. Onun bu və digər işlərlə əlaqədar yüksək gəlirləri var. Ölkə üzrə müəyyən edilən yaşayış minimumunu, cavabdehin kifayət qədər yaxşı olan maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatana kimi onun himayəsində olan uşağının saxlanması üçün cavabdehdən hər ay 200 manat aliment tutulmalıdır. Bundan başqa yuxarıda qeyd etdiyi kimi cavabdeh onun saflığından belə iyrənc istifadə nəticəsində ləyaqətini ayaqlar altına atıb. Cavabdehi ailə quracağı ilə aldadaraq onunla faktiki münasibətdə olması, sonradan da onu həmin faktiki münasibətdən doğulmuş uşaqla qoyub qaçması nəticəsində o, istirablar keçirməyə məcbur qalmışdır. Cavabdehin ona qarşı etdikləri nəticəsində həmin dəhşəti yaşamaq məcburiyyətindədir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(007)-102/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 08 noyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı olan Həmra Melissanın atası olması müəyyən olunması, X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 20.09.2019-cu il tarixdən 31.12.2019-cu il tarixinədək hər ay 160 manat, 01.01.2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinədək hər ay 170 manat, 01.01.2021-ci il tarixdən başlayaraq isə hər ay 175 manat İddiaçı xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(007)-102/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, uşağın atasının o olmağı heç bir hal ilə sübut edilmədiyi və öz təsdiqini tapmadığı halda, onun Həmra Melissanın atası olmağının müəyyən olunması ondan aliment tutulması tam qanunsuz və əsassızdır. Belə ki, iddiaçının yaşadığı həyat tərzi də uşağın atasının o olma ehtimalını sıfıra endirir. Bu səbəbdəndir ki, o, məhkəmə-genetik, tibbi-bioloji ekspertiza keçirilməsinə etiraz etməmişdir. Lakin həmin ekspertiza zamanı ekpertizada olmağına və iddiaçının gəlməməyinə baxmayaraq, məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində guya ekspert keçirən orqana məhz onun getməməyini qeyd etməsi məhkəmənin nə qədər qərəzli olduğunu bir daha sübut edir. Məhkəmə iclasında da onu məcbur edərək, uşağın atası olduğunu bildirməyə məcbur etdiyindən öz etirazını bildirdikdə onu məhkəmə iclas zalından qovan hakimin qərəzli hərəkətləri əvvəlcədən görsənirdi. Bunun məntiqi davamı idi ki, iddiaçının heç bir zaman ondan aliment tələb etməməsinə, buna dair sübutlar təqdim etməməsinə də əhəmiyyət verməyərək keçmiş dövrlər üçün 2019-cu ilə, 2020-ci ilə və 2021-ci ilə görə 3 ilə yaxın müddətlik aliment tutması barədə qətnamə qəbul etmişdir. Ailə Məcəlləsinin 100cü maddəsinin tələbinə əsasən “100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.” Lakin maddənin tələbindən də göründüyü kimi iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən etməsi barədə heç bir sübut olmadı?, o hissədə iddianı təmin etməsinin əsasını göstərmədən, hətta 100.3-cü maddəyə istinad belə etmədən 100.2-ci maddəyə istinad edərək 2019-cu ilin sentyabrından aliment tutmasını da əsaslandıra bilmədən qərəzli qətnamə qəbul etmişdir. Ekspertiza keçirən orqana onun getdiyi, iddiaçının getmədiyinə baxmayaraq məhkəmə bu halları qərəzli olaraq qətnamədə əksini qeyd etməklə, onun adından ekspert rəyi ilə uşağın atası olduğu təqdirdə iddianı etiraf edəcəyini qeyd etməsi də kobud pozuntu və qərəzdən başqa bir şey deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdehin dəlillərinə münasibətdə hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmiş, iddiaçı tərəf iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AZ-İV seriyalı 332375 doğum haqqında şəhadətnamədən görünür ki, X3 08 noyabr 2018ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Ata qrafasında Həmrayev Şəhriyar Namiq oğlu, ana qrafasında İddiaçı qeydləri aparılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM-in) 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşma çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. AM-nin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Birinci instansiya məhkəməsində işə baxılarkən, bir neçə dəfə tibbi-genetik və tibbi-bioloji eksertizalar təyin edilmiş, birinci dəfə cavabdeh, qalan hallarda tərəflər ekspertizanın kesirilməsi üçün eksertizada iştirak etməmişlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər 2016-cı ilin yay aylarından başlayaraq faktiki ər-arvad münasibətlərində olmuşlar. Həmin münasibətlər 2018-ci ilin noyabr ayınadək davam edib. 08 noyabr 2018-ci il tarixdə İddiaçı Həmra Melissa adlı uşaq doğmuişdur. Cavabdeh həmin uşağın atası olmasını nə təsdiq, nə də inkar etmişdir. Ekspert rəyi ilə uşağın atası olması təsdiq olunarsa iddianı qəbul edəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məxcəllənin 97.5-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, cavabdeh ekspertiza keçirilməsi barədə məlumat alsa da, ekspertiza keçirən orqana getməkdən imtina etmişdir. Bu hal-bir-neçə dəfə təkrar olunmuşdur. Məhkəmə qeyd olunan xesusatları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh 08 noyabr 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, anası İddiaçı olan Həmra Melissanın atası olması öz təsdiqini tapır. Ona görə du atalığın müəyyən olunması hissəsində iddia təmin olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edərək qeyd edir ki, məhkəmə kollegiyasının iclasında işə baxılarkən, iş üzrə məhkəmə tibbi-genetik və məhkəməbioloji ekspertizası təyin edilmişdir. Azərbaycan Resublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi eksertiza və X5” X14 25 noyabr 2021-ci il tarixli, 789/2021-MTBŞ saylı rəyindən görünür ki, qan və ağız suyunun tədqiqi əsasında Cavabdeh qrup göstəriciləri: B/lll/, Rezus-D/+/. İddiaçı qıznın qrup göstəriciləri: B/lll/, Rezus-D/+/. X7rp göstəriciləri: B/lll/, Rezus-D/+/. Hər üç şəxs ağız suyunun tədqiqinə görə ifraz edənlər kateqoriyasına aiddir. Yuxarıda tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarının göstəricilərinə eksertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində Cavabdeh atalıq faktı inkar olunmadı. Ekspertizanın genetik səviyyədə keçirilməsi üçün reaktivlərin alınması təmin olunmadığı üçün, müayinənin DNT-nin təhlilinə əsasən aparılması mümkün olmadı. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməbioloji ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Alimentlə bağlı hissədə kollegiya aşadığakıları qeyd edir: AM-nin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-nin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət olunduğu 20.09.2020ci il tarixdən başlayaraq hazırkı tarixədək uşaqların saxlanması üçün sabit pul məbləğində alimentin məbləği müxtəlif olmuşdur. 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat, 2020-ci ildə 170 manat, 01 yanvar 2021-ci il tarixdən başlayaraq isə 175 manat olmuşdur. Kollegiya apellyatorun əvvəlki 3 illik müddət üçün alimentin tutulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə alimentin tutulmasını məhkəməyə müraciət olunduğu 20.09.2019-cu il tarixdən 31.12.2019-cu il tarixinədək hər ay 160 manat, 01.01.2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinədək hər ay 170 manat, 01.01.2021-ci il tarixdən başlayaraq isə hər ay 175 manat müəyyən etmişdir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimentin tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müyyən edilə bilməz. Çünki atalığın müəyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Kollegiya hesab edir ki, məhkmə prosessual qanunvericiliyin tələbinə uyğun olaraq alimentin dərhal tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, mübahisələndirilən hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(007)- 102/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar