Məhkəmə qərarları › İş №2(103)-6788/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6788/2021

30.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6788/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, cavabdehin nümyəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 18 may 2021-ci il tarixli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş ayrı-ayrılıqda verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, İddiaçı nümayəndəsi X2 iddianı təmin etmə tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, iddianı təmin etmə tədbiri qismində cavabdehdən aliment və əlavə xərclərin alınması, həmçinin digər tələbləri üzrə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı saxlanması üçün Cavabdeh hər ay 500 manat sabit pul miqdarında alimentin tutulması, alimentin tutulmasının məhkəməyə müraciət edildiyi tarixdən, yəni 18.03.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Qərardaddan iddiaçının nümayəndəsi şikayət verərək, onun dəyişdirilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qərardaddan həmçinin cavabdehin nümayəndəsi və vəkili şikayət verərək onun ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, alimentin miqdarının çox olması, birinci instansiya məhkəməsinin onun işsiz olmasını himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə almamışdır. Sözügedən şikayətlər Yasamal Rayon Məhkəməsinin müvafiq olaraq 25.05.2021-ci il və 02.06.2021-ci il tarixli qərardadları ilə təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi özləri tərəfindən verilmiş şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə özünün verdiyi şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarında toplanmış sübutları və şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunvericiliyin qeyd olunan müddəasının mənasından göründüyü kimi iddianı təmin tədbiri çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Bu mənada, görüləcək iddianı təmin tədbiri ilə məhkəmə qətnaməsinin gələcəkdəki icrası arasındakı əlaqə müəyyən olunmalıdır. Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Kollegiya şikayətlərin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki halda məhkəmənin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və mübahisəni qabaqcadan həll etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müvəqqəti olaraq ərizəni qismən təmin etməklə və həmin qərardaddan verilmiş şikayətləri təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2596/2021 saylı, 18 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar