Məhkəmə qərarları › İş №2(103)-4840/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4840/2020

11.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4840/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1005/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh alınan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 200 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment təyin olunması və alimentin miqdarının artırılması barədə iddiaçı dəfələrlə məhkəməyə müraciət etmiş və sonuncu dəfə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3662/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hal-hazırda Cavabdeh tutulmalı olan alimentin məbləği Azərbaycan Respublikasında müəyyən olunmuş uşağın yaşayış minimumundan aşağı olduğundan, o, alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1005/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2018-ci ildə təyin olunan alimentin miqdarı uşaqların zəruri ehtiyaclarının ödənilməsi üçün yetərli deyil, buna görə də alimentin miqdarı uşaqlar üçün respublikamızda müəyyən olunmuş yaşayış minimumuna uyğunlaşdırılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh isə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1005/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 doğulmuş, iddiaçı ilə cavabdeh arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment təyin olunmuş, alimentin miqdarı iddiaçının tələbi əsasında bir neçə dəfə məhkəmə qətnamələri ilə artırılmış, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı hər ay hər uşaq üçün 154 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Baş Səhiyyə İdarəsi 38 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 57 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2009-cu il tarixdən 38 saylı şəhər poliklinikasında həkim işləyir və 93,75 manat məbləğində əmək haqqı alır. “xxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 022/20 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən bu günə kimi “xxxxxxxxx” MMC-də 0.5 ştatla məsləhətçi həkim vəzifəsində çalışır və aylıq vəzifə maaşı 150 manat təşkil edir. Cavabdehin məhkəməyə təqdim etdiyi Kapital Bankın ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə İddiaçı hesabına hər ay 308 manat vəsait daxil olmuş, xx.xx.2020-ci il tarixdə kart hesabında 308,18 manat pul vəsaiti olmuşdur. Çıxarışdan görünür ki, hesaba daxil olan pul vəsaitləri bəzən bir neçə ay yığılmış və hesabdan çıxarılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin də maddi və ailə vəziyyətini əsas götürərək iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı cavabdehin maddi vəziyyətində dəyişiklik baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-in 112.1.6-cı maddəsinə əsasən, ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(007)-1005/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə elan olunduğu vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar