Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4840/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənəvi ziyan tələbi” barədə ilkin, habelə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “mənəvi və maddi zərər” barədə qarşılıqlı iddia tələblərinə dair mülkiş iş üzrə Bakı şəhəri Səbail Rayon məhkəməsinin 2(009)-417/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat mələğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun əvəzinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.02.2019-cu il tarixdə iddiaçı yaşadığı mənzildən çıxaraq pilləkənlərlə aşağı dşən zaman birinci mərtəbədə qonşuları və sahə inspektorunun dayandığını görmüşdür. Həmin vaxt orada Əhmədovlar ailəsi tərəfindən quraşdırılmış kameranın yerinin dəyişdirilməsi üçün akt tərtib olunurd, İddiaçı həmin aktı oxuyub imza edib blokdan çıxaraq zibilləri atmağa getmişdir. Daha sonra mənzilinə qalxmaq üçün bloka daxil olduqda blokun birinci mərtəbəsində 12 saylı mənzildə yaşayan cavabdeh “kamera sənə mane olurdu?” sualini verib qəflətən iddiaçının qolundan tutub itələyərək divara çırpmış, bu vaxtı iddiaçının başı divara dəymiş və o, xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra o, yıxıldığı yerdən qalxıb evinə getmək istədikdə 16 nömrəli mənzilin sakini Bahadur Eynullayev hadisəni görüb ona kömək edərək mənzilinə qaldırmışdır. İddiaçı cavabdehin bu əməli barəsində “102” xidmətinə xəbər vermişdir. Lakin cavabdehin əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdehin bu əməli nəticəsində o mənəvi iztirab keçirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunur. Eyni zamanda Cavabdeh Qeorgiyevna İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat maddi zərər, 10.000 manat mənəvi zərər, hüquqi xidmətə görə ödənilən 511 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində qeyd olunanlar öz təsdiqini tapmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. 2019-cu ilin fevral ayından bu günə qədər İddiaçı hərəkətlərinə görə Cavabdeh maddi və mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində şər-böhtan nəticəsində keçirdiyi mənəvi iztirablar Cavabdeh sağlamlığına təsir göstərmişdir. Bu müddət ərzində dəfələrlə polis orqanlarına çağırılmışdır. Həmçinin, İddiaçı Cavabdeh barəsində yalan məlumatları yayaraq qonşular, cəmiyyət arasında ona olan hörməti aşağı salıb nüfuzuna xeyli miqdarda ziyan vurmuşdur. Bakı şəhəri Səbail Rayon məhkəməsinin 2(009)-417/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə hə iki iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Qətnamədən, həmçinin, Cavabdeh da apellyasiya şikayəti verərək onun ləğv edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı həmçinin onun nümayəndəsi və vəkili özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Kollegiya məhkəmə iclasının ilkin iddia üzrə iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 sentyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı mənzilinə geri qayıtdıqda o, İddiaçı dayanmasını xahiş edərək, digər qonşu Bahadur Eynullayevin arvadı Murgünaz Tağızadənin onun mənzilinin qapısına nəcis yaxmasına dair foto şəkilləri göstərmiş, lakin İddiaçı heç bir reaksiya vermədən pilləkənlə qalxıb evinə getmişdir. Həmin vaxt o, İddiaçı ilə mübahisə etməməsini, qolundan tutub itələməməsini və qəsdən xəssarət yetirməməsini göstərmişdir. 63 nömrəli ekspert rəyində İddiaçı üzərində müəyyən olunmuş xəsarətin sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsinin təyin olunmadığı qeyd edilmişdir. Kollegiya ilkin iddia tələbinə qiymət vererək qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 yanvar 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Kollegiya qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir mənəvi ziyan vurduğunu təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. İddiaçının iddia etdiyi kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir xəsarət yetirilməsi və ekspert rəyində qeyd olunan sağlamlığa zərər vurmayan xəsarətin məhz cavabdeh tərəfindən törədildiyi iş materialları ilə öz təsdiqini tapmır. Qarşılıqlı iddia üzrə iddiaçının “maddi və mənəvi zərər tələbi”nə dair kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin göstərilən müddəalarına əsasən müvafiq iddia tələbini irəli sürməkdə subyektiv hüquq sahibi olsa da, onun tələbinin qanuni əsaslarının digər dispozitiv şərtlərinin mövcudluğu, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan dəydiyini sübuta yetirə bilməmişdir. Belə ki, TTTYS-nın Sahə həkiminin Xəbərdarlıq vərəqələrində Cavabdeh həkim xidməti göstərildiyi qeyd edilsə də, kollegiya hesab edir ki, Cavabdeh səhhətinin pisləşməsinin məhz İddiaçı hərəkətləri nəticəsində baş verməsini təsdiq edə biləcək mötəbər sübut kimi qəbul edilə bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mənəvi ziyan tələbi üzrə gəlmiş olduğu nəticə ilə də razılaşır və bununla bağlı hər hansı əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin iddianın araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon məhkəməsinin 2(009)-417/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4840/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4840/2021
19.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver