Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4844/2022 13.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1340/2022 saylı, 20.04.2022ci il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1340/2022 saylı, 20 aprel 2022-ci il qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçı (nümayəndəsi və vəkili Vəkilla birgə) elektron qaydada verdiyi apellyasiya şikayəti baxılması üçün birinci instansiya məhkəməsi tərəfindən mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, mübahisələndirilən qətnamə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron informasiya sistemində yaradılan elektron kabinetinə 21 aprel 2022-ci il tarixdə yerləşdirilmişdir. İddiaçının özünə isə poçt vasitəsilə 22 aprel 2022-ci il tarixdə göndərilsə də, poçt zərfi “evdə yoxdur” qeydi ilə geri qayıtmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti isə elektron qaydada 24.05.2022-ci il tarixdə daxil olmuşdur, eyni zamanda şikayətə müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Həmçinin, iddiaçının apellyasiya şikayətinin məzmunundan da görünür ki, iddiaçı şikayəti üzrlü səbəbdən qanunla müəyyən edilmiş 1 aylıq şikayətvermə müddəti bitdikdən 2 gün sonra verə bilmişdir, buna görə də müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə prosessual müddətlə bağlı iddiaçının apellyasiya şikayətində qeyd etdiklərini, eləcə də müddətin bərpası ilə bağlı ərizənin əsaslı olubolmaması məsələsinə münasibət bildirmədən apellyasiya şikayətini baxılması üçün iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bununla da məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 133-cü maddəsində nəzərdə tutulmuş prosessual qaydalara riayət etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual müddətlə bağlı məsələyə münasibət bildirilmədiyindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-ə əsasən müvafiq olaraq apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır (maddə 133.4 -133.5). Prosessual qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi əgər tərəf apellyasiya şikayəti verməklə yanaşı, həmçinin müddətin bərpası haqqında ərizə verərək qanunla müəyyən edilmiş müddətin bərpa olunmasını xahiş edirsə, bu halda məhkəmənin üzərinə düşən vəzifə buraxılmış müddətin bərpası haqqındakı ərizəni tərəflərin iştirakı ilə məhkəmə iclasında müzakirə etməklə ərizənin təmin və ya rədd, yaxud müddətin buraxılmamış hesab edilməsinə dair müvafiq nəticəyə gəlməkdən ibarətdir. Birinci instansiya məhkəməsi isə iddiaçının şikayətvermə müddəti ilə bağlı xahişini bu qaydada müzakirə etməli olduğu halda, bunu etməmiş, onun apellyasiya şikayəti vermə müddətini ötürüb-ötürmədiyi, ötürmüşdürsə, bunun üzrlü səbəblərdən baş verib-vermədiyi məsələlərinə aydınlıq gətirmədən və bununla bağlı qəbul ediləcək məhkəmə aktından işdə iştirak edən şəxslərin şikayət vermə hüquqularının olmasını nəzərə almadan şikayəti apellyasiya instansiyasına göndərmişdir. Bu səbəblə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur və mülki iş, iddiaçının müddətin bərpası haqqında vəsatətinə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1340/2022 saylı, 20.04.2022ci il qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş iddiaçının apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsinə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4844/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4844/2022
13.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver