Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4851/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(001)-6549/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvvəli 01 may 2020-ci il tarixdən hesablanmaqla hamiləliyi dövründə hər ay üçün sabit pul məbləğində 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Səadət Sarayında 1013 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuş və cavabdehin, yəni həyat yoldaşı Cavabdeh, X2 və X1 yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə hazırda nikah münasibətində olsalar da, cari ilin aprel ayından faktiki nikah münasibətləri pozulmuş və 2020-ci ilin may ayından başlayaraq o, valideynlərinə məxsus ünvan 2 ünvanında yaşayır. Hazırda hamilədir və hamiləliyinin 26-cı həftəsini keçirir. Cavabdeh tərəfindən ona hamilə olduğu müddətdə heç bir maddi köməklik göstərilməmiş və birgə nikahdan doğulacaq gələcək övladlarının taleyinə biganə yanaşılmışdır. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bütün maliyyə öhdəlikləri geri çevrilmiş və hamiləliklə bağlı bütün xərclər öz valideynləri tərəfindən qarşılanmaqdadır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(001)-6549/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, hamiləlik dövrü üçün 04 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüzyetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq, İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(001)-6549/2020 saylı qətnaməsinin qismən “iddianın təmin edildiyi hissədə” ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd edirki, iş materiallarına əlavə olunmuş Respublika Perinatal Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli Ultra-səs müayinəsi protokolundan görünür ki, pasiyent İddiaçı 26 həftə + 4 günlük hamiləlik müəyyən edilmişdir. Lakin Bakı şəhəri Binəqədi rayon Məhkəməsi 02.12.2020-ci il tarixdə iddiaçının ümumiyyətlə hamilə olub-olmaması halı araşdırmamışdır. Ümumiyyətlə paradoksal hal yaranır ki, əgər İddiaçı artıq 02.12.2020-ci il tarixdə hamilə olmasa belə, Şirinov X3 Paşazadəyə olmayan “vertual uşağın” saxlanılması üçün 18 yaşına çatana kimi “real aliment” ödəməlidir. Belə olan halda apellyasiya qaydasında işə baxan məhkəmə İddiaçıin hamilə olub-olmadığı halı araşdıraraq ona hüquqi qiymət verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Brumaresku Rumıniyaya qarşı” işdə (şikayət № 28342/95, ECHR 1999) qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Bununla yanaşı birinci instansiya məhkəməsi Cavabdeh atalığın müəyyən edilməsi ilə bağlı olan qarşılıqlı iddia tələblərini ümumiyyətlə icraata qəbul etməyərək, doğulacağı ehtimal olunan “uşağı” artıq atalığını müəyyən edərək, ona alimentin tutulmasını qət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığınımübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 19 noyabr 2019-cu il tarixdə nikah qeyd etdirmişlər. İş materiallarına əlavə olunmuş Respublika Perinatal Mərkəzinin 23 oktyabr 2020-ci il tarixli Ultra-səs müayinəsi protokolundan görünür ki, pasiyent İddiaçı 26 həftə + 4 günlük hamiləlik müəyyən edilmişdir. Göründüyü kimi tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər 19 noyabr 2019-cu il tarixdən hal-hazıradək rəsmi nikahdadırlar və iddiaçı hazırda hamiləlik dövründədir. Lakin, tərəflər birgə nikahda olmalarına baxmayaraq, onlar faktiki olaraq ayrı yaşayırlar. Hazırda iddiaçı əvvəli 01 may 2020-ci il tarixdən başlayaraq hamiləlik dövrü üçün cavabdehdən hər ay üçün 200 manat sabit pul məbləğində aliment tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Kollegiya qeyd edir ki, hazırkı halda iddia tələbinin hüquqi əsasının Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-AM) 84.1 və 84.2.2-ci maddələri təşkil edir. AM-nin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. AM-nin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. AM-nin 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda göstərilmiş normalarını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı hazırda hamiləlik dövründə olduğundan, habelə onun maddi yardıma ehtiyacı olduğundan iddiaçıya hamiləlik dövrü üçün alimentin tutulması zəruridir. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən, hər iki tərəfin maddi vəziyyətini və diqqətəlayiq digər məqamları nəzərə almalıdır. Ona görə də məhkəmə iddia tələbinin “200 manat sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, hamiləlik dövrü üçün tutulmalı olan alimentin məbləği 170 manat məbləğində müəyyən edilməlidir. Belə ki, məhkəmə ananın və doğulacaq uşağın mənafeyini nəzərə alaraq, hamiləlik dövrü üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını ədalətli və məqsədə müvafiq hesab etmişdir. Digər tərəfdən, məhkəmə iddia tələbinin “alimentin tutulmasının əvvəlinin 01 may 2020-ci il tarixdən hesablanması” hissəsi ilə əlaqədar AM-nin 100.1 və 100.3-cü maddələrinə istinad etmişdir. AM-nin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. AM-nin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd edilən ailə qanuvericiliyinin normalarından da göründüyü kimi, iddiaçı əvvəlki dövr üçün aliment tələb edirsə bu halda iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək onun aliment almaq üçün hansı tədbirlər gördüyünü, tədbir görülməsinə baxmayaraq cavabdehin alimenti verməkdən boyun qaçırdığını və bunun nəticəsində iddiaçının aliment ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etməlidir, lakin hazırda isə iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab etmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, alimentin tutulma müddəti iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırki aliment tələbi ilə 04 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi - 04 noyabr 2020-ci il tarixdən başlanmalıdır. Həmçinin məhkəmə “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2, 9.4, 8.1.1-ci maddələrinə istinad edərək, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentin tutulmasının dərhal icra olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyatorun məhkəmənin iddiaçının hamilə olub-olmaması ilə bağlı araşdırma aparmamasını ilə əlaqədar dəlilini əsassız hesab edərək, qeyd edir ki, işdə tibb sənədləri olduğu halda, apellyator həmin sənədləri təkzib edən sübutlar təqdim etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli, 2(001)- 6549/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4851/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4851/2021
19.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver