Məhkəmə qərarları › İş №2(103)-4855/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4855/2025

25.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4855/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı Mamızadə Raksananın vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mamızadə Raksana Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü Mamızadə Yunusun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Həmin qərardaddan iddiaçı Mamızadə Raksananın nümayəndəsi-vəkili Vəkil şikayət verərək sözügedən qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xarici vətəndaş olmaqla hal-hazırda Bakı şəhəri, Xəzər rayonu ərazisində yaşayır və himayəsində azyaşlı uşaq vardır. Bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli 29 saylı Vəkil Bürosuna ünvanlanmış məktubda öz əksini tapmışdır. Cavabdeh daha əvvəllər Raksana Mamızadəyə qarşı nikahın pozulması üzrə iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və onun ünvanını təsdiqləyən sənəd kimi yuxarıda göstərilən sənəd əsas götürülmüşdür. Xəzər Rayon Məhkəməsi Cavabdeh tərəfindən verilmiş bu sübutu əsas götürərək nümayəndəsi olduğu şəxsin əleyhinə e-2(003)-387/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə qəbul etmişdir. Beləliklə, əgər Xəzər Rayon Məhkəməsi Cavabdeh tərəfindən verilmiş iddia ərizəsini qəbul etmişdirsə, onda iddiaçı Raksana Mamızadə tərəfindən verilmiş ərizəni də qəbul etməlidir. Məhkəmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnu pozmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə əsasən, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 443.0.4-cü maddəsinə əsasən, aliment alınması işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan bu işlərə baxmağa haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi şəxs barəsində-xüsusi nümunəli vəsiqə; 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxs barəsində-müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus pasportun, etibarnamənin və digər sənədlərin surətindən məlum olur ki, iddiaçı X1 Federasiyası vətəndaşıdır (əcnəbidir). Əcnəbi şəxsin yaşayış yeri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli sənəd əsasında müəyyən olunmalıdır. Lakin iddiaçının Azərbaycan Respublikasında yaşayış yerinə malik olduğunu təsdiq edən yuxarıda qeyd olunan müvafiq sənəd ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən də iddiaçının şəxsiyyətini və yaşayış yerini müəyyən etməyə imkan verən məlumatlar müəyyən edilmir. Həmçinin Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh Lənkəran rayonu, Nərimanabad Ə/D, Nərimanabad qəsəbəsində rəsmi qeydiyyatdadır. Göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı yer də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Eyni zamanda Dövlət Miqrasiya Xidməti tərəfindən 29 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli məktub 10 ay əvvələ aid olmaqla iddiaçının hazırda yaşayış yerinin qeyd olunan ünvan olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bununla yanaşı istinad olunan məktub surətdir və MPM-in tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti istifadə edilə bilər. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, nə cavabdehin rəsmi qeydiyyat ünvanının, nə də iddiaçının yaşayış yerinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyi təsdiq olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şikayəti dəlilləri isə əsassız olmuşdur. Belə ki, hər hansı bir şəxsin tərəf kimi iştirak etdiyi hansısa iddia ərizəsinə Xəzər Rayon Məhkəməsində baxılmış olması, həmin şəxsin tərəf olacağı digər bütün iddiaların da bu əsasla icraata qəbul edilməli və ya edilməməli olduğu mənasına gələ bilməz. Çünki qanunvericilikdə ərazi aidiyyətinin müəyyən edilməsinin belə bir qaydası (qarşılıqlı iddia istisnadır) nəzərdə tutulmamışdır. Bu eləcə də bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Çünki hər bir iddianın xüsusatları və aidiyyət qaydaları fərdi qaydada müəyyən edilir və hər bir iddia ərizəsi yalnız o iddiaya münasibətdə qanunvericiliyn tələblərinə, o cümlədən aidiyyət qaydalarına riayət edilməklə verildiyi təqdirdə, onun məhkəmə icraatı mümkün sayıla bilər. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, iddiaçı daha əvvəl də eyni iddia tələbi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmiş (e-2(003)-3016/2025 saylı mülki iş) və ərizədə iddiaçı Raksana Mamızadənin Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşadığı qeyd edilmişdir (həmin iddia ərizəsinə təsdiqedici sənəd də əlavə edilməmişdir). Həmin iş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi cavabdehin və iddiaçının yaşayış yerinin Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid ərazidə yerləşdiyi təsdiq olunmadığına görə geri qaytarılmış və nöqsanlar aradan qardırıldıqdan sonra aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı tərəfindən həmin qərardaddan şikayət verilməmişdir. Buna baxmayaraq, qeyd olunan nöqsanlar aradan qaldırılmadan iddiaçı tərəfindən eyni nöqsanlarla Xəzər Rayon Məhkəməsinə yenidən müraciət edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı özü də şikayətində etiraf edir ki, iddiaçının yaşadığı ünvanı təsdiq etmək üçün təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktub ümumiyyətlə iddiaçı (və ya onun vəkili) tərəfindən əldə edilməmişdir. Həmin məktub Cavabdeh hazırki iddiaçıya qarşı 2024-cü ildə məhkəməyə verdiyi iddia ərizəsinə əlavə (qoşma) etdiyi sənədin kserosurətidir. Halbuki, şəxsin öz vəsiqəsini təqdim etmək və ya hazırda müvafiq orqandan müvafiq arayışı almaq imkanı olduğu halda, öz yaşadığı yeri təsdiq etmək üçün başqa bir şəxs tərəfindən aylar əvvəl əldə edilən məktuba istinad etməsi, habelə öz vəsiqəsinin surətini və ya müvafiq arayışı təqdim etməklə mübahisənin daha tez vaxtda həll edilməsi imkanı var ikən (daha əvvəlki iddia ərizəsi üzrə qərardadda da bu məsələyə qiymət verilməsinə baxmayaraq) yenidən eyni məktuba istinad edərək iddia ərizəsi verməsi və bütün bunlara baxmayaraq yenə də müvafiq sənədi əlavə etməklə məhkəməyə müraciət etməli olduğu halda qərardaddan da əsassız şikayət verməklə işin lüzumsuz uzadılmasına gətirib çıxarması iddiaçının həqiqətən də Xəzər rayonu ərazisində yaşaması barədə əsaslı şübhə doğurur. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçı aliment tələbi ilə müraciət etsə də, məhkəmənin yurisdiksiyasına aidlik sübut olunmamışdır. Belə ki, iddiaçı cavabdehin və ya öz yaşayış yerini təsdiq edən sənədləri (qeydiyyat arayışı, şəxsiyyət vəsiqəsi surəti və s.) təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli 29 saylı Vəkil Bürosuna ünvanlanmış məktub sübut kimi qəbul edilməməsi həm hüquqi, həm də sübut hüququ baxımından tam əsaslıdır. Belə ki, sübutların qiymətləndirilməsi zamanı yalnız sənədin əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti qəbul edilir. Təsdiq edilməmiş surət formal baxımdan sübut kimi qəbul edilə bilməz, çünki onun həqiqiliyi, mənbəyi və əldə edilmə şəraiti şübhə doğurur. Sənədin notarial qaydada və ya müvafiq orqan tərəfindən təsdiqlənməməsi, onun rəsmi sənəd statusunu itirməsi deməkdir. Həmçinin arayışın 10 ay əvvələ aid olması, onun indiki hüquqi və faktiki vəziyyəti əks etdirmədiyini göstərir. Halbuki məhkəmə yalnız aktual və müvafiq dövrə aid sübutları nəzərə alır.Köhnə sənədin təqdim edilməsi, xüsusilə aliment, yaşayış yeri, gəlir və digər dəyişkən hallarla bağlı işlərdə, mübahisəli faktların düzgün qiymətləndirilməsinə mane olur. Həmçinin də tarixindən görünür ki, sənəd 2024-cü ilə aiddir ki, həmin vaxtdan sonra iddiaçının yaşayış yerinin dəyişməsi ehtimalı da vardır. Bunu aradan qaldırma üçün iddiaçının Xəzər rayonu üzrə yaşayış yeri üzrə yeni tarixli müvafiq arayışı təqdim etməsi kifayət idi. Göründüyü kimi iddiaçının aliment tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciəti yurisdiksiya baxımından əsaslandırılmayıb. Nə cavabdehin, nə də iddiaçının yaşayış yeri bu rayonun ərazisinə aid olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu, həm qanunvericiliyə uyğun, həm də məhkəmə təcrübəsinə əsaslı yanaşmadır. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 7312/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3056/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar