Məhkəmə qərarları › İş №2(103)-4856/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4856/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4856/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “əlavə xərcin tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərcin tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-152/2023 saylı, 10 aprel 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X11 və xx.xx.2014-cü il tarixdə X10 doğulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1276/2019 saylı qətnaməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmuşdur. İddiaçı əmək müqaviləsi əsasında əmək fəaliyyəti ilə məşğul olması müəyyən edilmir. Cavabdeh isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində mayor vəzifəsində xidmət edir.

2. “Bakı Baş Səhiyyə Mərkəzi” X17 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X2 qastrit diaqnozu qoyulmuş, uşağın mütəmadi olaraq müayinə və müalicə aldığı qeyd edilmişdir. “Bakı Baş Səhiyyə Mərkəzi” X17 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışdan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 bronxit diaqnozu qoyulmuş, uşağın mütəmadi olaraq müayinə və müalicə aldığı qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 17/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2012-ci il təvəllüdlü X7 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və özünün məhkəmə-tibbi müayinəsinə əsasən onda “Kəskin qastrit və kəskin bronxit. Hər iki gözdə refraksion dəqiqləşdirilməmiş pozğunluq” kimi xəstəliklərin olduğu qeyd edilmiş, qeyd olunan xəstəliklərin xroniki gedişli olub, bununla əlaqədar onun həkim nəzarətində olmasına ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi qeyd edilmişdir. Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X9” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 2014cü il təvəllüdlü X4 “Hər iki gözdə miopiya. Xroniki tonzillit” kimi xəstəliklərin olduğu qeyd edilmiş, qeyd olunan xəstəliklərin xroniki gedişli olub, bununla əlaqədar onun həkim nəzarətində olmasına ehtiyac olduğu və lazım gəldikdə adekvat müayinə və müalicəyə cəlb oluna biləcəyi qeyd edilmişdir. Uşaqda digər hər hansı bir ağır xəstəliklər müəyyən edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ödədiyi alimentdən əlavə olaraq xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək onların müalicəsi ilə əlaqədar hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müracət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan xx.xx.2011-ci il tarixli nikah pozulmuş, iki azyaşlı uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavadehdən hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində aliment tutuması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa 154 manat məbləğində aliment tutulması qət edilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-1276 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1557/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin məbləği dəyişdirilmiş, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment və hər ay hər uşağa 50 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hər iki uşaq uzun müddətli xəstəlikdən əziyyət çəkir və müntəzəm müalicə alırlar. Cavabdeh xəstə uşaqlarının maddi təminatı üçün əlavə köməklik göstərmir, buna görə də məcbur qalıb uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin ödənilməsi barədə məhkəməyə müraciət edir. Hazırda 400 manat məbləğində aliment uşaqların təminatı üçün yetərli deyildir. Cavabdeh müəyyən edilmiş aliment məbləğindən başqa xəstə uşaqların saxlanmasında əlavə heç bir maddi yardım göstərmir və onların problemləri ilə maraqlanmır. O, uşaqları ilə birlikdə valideynlərinin darısqal evində yaşayır. Hazırda mövcud olan qanunun tələbinə görə uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərin bölüşdürülməsi ilə əlaqədar ilkin olaraq Mediasiya Xidmətinə müraciət etmişdir. Mediasiya Xidmətində onun tələbi ilə əlaqədar cavabdehlə razılaşma əldə edilməmişdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 10:30-11:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə bu barədə arayış tərtib edilmişdir. Uşaqların xəstəliyi ilə bağlı “Bakı Baş Səhiyyə Mərkəzi” X17 tərəfindən təqdim olunmuş tibbi arayışdan da uşaqların bir sıra xəstəliklərin daşıyıcısı kimi mütəmadi olaraq müalicə olunmaları göstəriş və həmçinin əməliyyat olunmalarının məsləhət olunduğu qeyd olunur. Bütün bunları etmək onun imkanı xaricindədir. O özü işləmir və valideynlərinin təqaüdü ilə birtəhər dolanır. İşsizlik və istehlak qiymətlərinin artımı onun və uşaqlarının maddi vəziyyətini kəskin şədildə pisləşdirmişdir. Cavabdeh isə bir hərbçi kimi yüksək əmək haqqı alır və eyni zamanda sahibkarlıq fəaliyyətindən də kifayət qədər gəlir əldə edir. Hesab edir ki, cavabdeh uşaqların sağlamlığı ilə bağlı çəkiləcək xərclərə cəlb edilməlidir, hər uşaq üçün hər ay 100 manat olmaqla, cəmi 200 manat əlavə xərc ödəməlidir.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-152/2023 saylı, 10 aprel 2023cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim X12) .

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, uşaqların heç birində cavabdehdən əlavə xərc tutulmasını zəruri edəcək ağır xəstəlik və ya əlillik yoxdur. Belə ki, iddiaçı bu barədə iddiasını təsdiq edən dəlil kimi məhkəməyə “Bakı Baş Səhiyyə Mərkəzi” X17 30 saylı ambulatoriya tərəfindən təqdim olunmuş tibbi arayışları təqdim etmişdir ki, həmin arayışlarda uşaqlardan birinə kəskin qastrit, digərinə isə kəskin bronxit diaqnozu qoyulduğu, onların mütəmadi müalicə və müayinəyə ehtiyacı olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqlarda hansısa xəstəlik olması, bu xəstəliyə görə onların mütəmadi müalicə və müayinəyə ehtiyaclarının olması təklikdə digər valideynin əlavə xərcə cəlb edilməsi üçün əsas təşkil etmir. Ona görə ki, uşaqların saxlanılması üçün tutulan aliment həm də uşaqların ümumi sağlamlıq qayğılarının çəkilməsinə, səhhətləri ilə bağlı adi xərclərinin qarşılanmasına yönəlir. Xüsusən bu iş üzrə tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin kifayət qədər yüksək məbləğdə olduğu nəzərə alınmalıdır. Belə ki, iş materiallarında olan cavabdehin iş yerindən arayışdan görünür ki, Cavabdeh təkcə 2023-cü ilin ilk üç ayı üçün 2589.4 manat məbləğində aliment ödəmişdir. Cari ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun 220 manat məbləğində olduğu nəzərə alınsa, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün ödənilən alimentin yaşayış minimumundan təxminən iki dəfəyə yaxın çox olduğu müəyyən olunur. Bu vəziyyətdə cavabdehin uşaqların saxlanılması üçün ödədiyi aliment uşaqların adi sağlamlıq xərclərini qarşılamağa kifayət etməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək qeyd etmişdir ki, iddiaçı cavabdehdən yalnız o halda alimentdən əlavə xərc tələb edə bilər ki, uşaqlarda olan hansısa ağır xəstəlik(lər)ə görə çəkilən xərclər onların sağlamlıqları ilə bağlı adi qayğılar üçün çəkilən xərclərin dairəsindən kənara çıxsın, həmin xəstəliyə bağlı olaraq uşağın saxlanılması, yaxud xəstəliyin müalicəsi müstəsna xərc tələb etsin. Hazırkı işdə isə bu halların heç biri müəyyən edilməmişdir. Əksinə, iş üzrə verilmiş ekspert rəyində uşaqların həkim nəzarətində olmalı olduğu, lazım gələrsə müayinə və müalicəyə cəlb oluna biləcəkləri, digər bir ağır xəstəlikləri olmadığı qeyd edilmişdir. Məhkəmə iclasında verilmiş rəylə bağlı izahatı dinlənilən ekspert də uşaqlarda heç bir ağır xəstəlik olmadığını bir daha təsdiqləmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü, 27-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, cavabdehin uşaqların saxlanması üçün müəyyn edilmiş minimum dolanışıq həddindən yuxarı aliment ödəməsi onun xəstə uşaqlara görə əlavə xərclərin ödənilməsinə cəlb edilməsini heç bir halda istisna edə bilməz. Cavabdehin uşaqlara görə əlavə xərclərə cəlb edilməsinə dair iddianı təmin etməməklə məhkəmə azyaşlı və xəstə uşaqlarımın mövcud ailə və maddi vəziyyətini kifayət qədər nəzərə almamaqla qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Ekspert rəyində göstərilmiş uşaqlarda digər hər hansı bir ağır xəstəliklərin müəyyən edilməməsi rəydə göstərilən xəstəliklərin ağır xəstəliklər olduğunu göstərir. Buna baxmayaraq, məhkəmə şikayət olunan qətnamədə uşaqlarda hər hansı bir ağır xəstəliyin olmaması qənaətinə gəlmişdir. Bu da onu göstərir ki uşaqlarda hər hansı bir ağır xəstəliyin olmamasına dair məhkəmənin qətnamədə göstərdiyi nəticlər işin faktiki hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

15. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, xəstəliklə bağlı çəkilməli olan övladlara münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

20. Hazırkı işin faktiki hallarından göründüyü kimi, İddiaçı Cavabdehla birgə nikahından doğulmuş hər iki uşağın uzunmüddətli xəstəlikdən əziyyət çəkdiyini, davamlı müalicə aldığını, müalicənin kifayət qədər yüksək məbləğdə xərc tələb etdiyini iddia edərək cavabdehin bu xərclərə cəlb edilməsini xahiş etmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş, uşaqlarda heç bir ağır xəstəlik olmadığını iddia etmişdir.

21. Məhkəmə kollegiyası işin halları baxımından qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyində və məhkəməyə təqdim olunmuş tibbi arayışlarda uşaqlardan birində (Emin) “Kəskin qastrit və kəskin bronxit. Hər iki gözdə refraksion dəqiqləşdirilməmiş pozğunluq” kimi xəstəliklərin olduğu, qeyd olunan xəstəliklərin xroniki gedişli olduğu, bununla əlaqədar həkim nəzarətində olmağa ehtiyacının olduğu, o cümlədən digər uşaqda (Elvin) “Hər iki gözdə miopiya, Xroniki tonzillit” kimi xəstəliklərin olduğu, qeyd olunan xəstəliklərin xroniki gedişli olduğu, bununla əlaqədar hər iki uşağın həkim nəzarətində olmağa ehtiyaclarının olduğu qeyd edilmişdir. Yəni uşaqlarda qeyd edilən xəstəliklərin mövcudluğu və xroniki xarakter alması hazırkı işin mübahisələndirilməyən halıdır. Eyni zamanda ekspertiza tətqiqatından keçən zaman müəalicə edilməsinin istisna edilməsi deyil, lazım gəldiyi halda (ekspertiza tətqiqatı dövründə lüzum görülməməsi ola bilərdi) adekvat müalicələrə cəlb edilməsinin mümkünlüyü qeyd edilmişdir.

22. Kollegiya uşaqlarda olan xəstəliklərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, qastrit – mədənin selikli qişasının iltihabi prosesi ilə xarakterizə olunan xəstəlikdir. Xəstəliyi kəskin və xroniki formalara ayırırlar. Uşaqlarda qastrit ən çox orqanizmin intensiv böyüməsi dövründə yaranır. Bu xəstəliyin müəlicəsi zamanı mədədə turşuluğu normallaşdıran dərman preparatlarından, mədənin selikli qişasını bərpa edən preparatlardan istifadə edilməsi, antibakterial terapiya tətbiq edilməsi lazım gəlir. Bu xəstəliyin erkən olaraq müalicəsinə başlanılmazsa, yəni ağırlaşmasının müalicəsinə vaxtında başlanılmasa, bu xəstəliyin xroniki formasının inkişafına və mədə qanaxmaları, mədə xorası formasında ağırlaşmalara gətirib çıxara bilər. Bundan başqa, bronxit – bronxial ağacın selikli qişasının müxtəlif etiologiyalı iltihabıdır. Hələki hazırda uşaqda olan diaqnozdaki kimi bronxitin kəskin dövründə yataq rejimi, vitaminlərlə zəngin qidaların qəbulu, spesifik terapiya, virus əleyhinə preparatlar (umifenovir-hidroxlorid, rimantidin və s.), antibiotiklər (penisillin, sefalosporin, makrolid), göbələk əleyhinə vasitələrlə aparılması müəyyən edilir, o cümlədən uşaqlarda bronxitin müalicəsin mukolitik və bəlğəmgətirici preparatlardan istifadə edilir. Hətta uşaqlarda bronxitin müalicəsində fizioterapevtik üsullar: dərman, yağ və qələvi inhalyasiyaları, nebulayzer terapiyası, UBŞ, UYT və döş qəfəsinin elektrofarezi, mikrodalğalı terapiya və s. prosedurlar tətbiq edilməsi zəruri hesab edilir.

23. Bundan başqa, uşağın birində olan xəstəlik miopiya gözdə olan xəstəlik olmaqla uzağı aydın görə bilməmək problemidir. Büllur fokuslana bilmədikdə, məsafədə olan obyektləri görmək çətin olur. Miopiya görmə qüsurlarından ən geniş yayılanlardan biridir, adətən məktəb yaşlarında özünü göstərir və yetkinlik yaşına qədər artır. Bu xəstəliyin müalicəsində də, lazer üsullu mualicələrinin tətbiqi istisna edilmir. Digər xəstəlik isə Xroniki tonzillit, yəni damaq badamcıqlarının xroniki iltihabıdır. Orqanizmin müdafiə qabiliyyətinin zəifləməsi, immunitetin aşağı düşməsi, allergik fon və sairə damaq badamcıqlarında olan mikroorqanizmlərin fəallığını artırır, bu isə anginaların əmələ gəlməsinə səbəb olur. Bu prosesin qarşısını almaq üçün xroniki tonzillitin müalicəsində dərman terapiyası: xəstəliyin müalicəsində antibiotiklərdən, antihistamin preparatlardan, vitaminlərdən istifadə olunur. Eyni zamanda, tonzilliti antibakterial preparatların (“antibiotik”lər) köməyi ilə müalicə etmək vacib olmasıda xəstəliklkə bağlı qeydlərdəndir. Qeyd edilir ki, müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər.

24. Bütün yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkməsi qanunvericiliyin müvafiq müddasına formal baxımdan istinad etməklə tətbiq etsə də, işin faktiki hallarına, uşaqlarda olan xəstəliklərin müalicəsinin zəruriliyinə, eləcə də müalicə olunmadığı halda hansı ağır fəsadlara yol aça biləcəyinə dair hər hansı araşdırma aparmadan, yalnız ağır xəstəlik hesab edilməməsini göstərməklə iddianı rədd etməkdə haqlı olmamışdır. Halbuki, göstərilən xəstəliklərin hər biri ekspert rəyinə əsasən də ağır xəstəlik hesab edilməsə də, həmin xəstəliklərin müəalicəsinin aparılmadığı və ya düzgün aparılmadığı halda uşaqların üçün çox ağır fəsadlar (mədə qanaxmaları, mədə xorası formasında ağırlaşmalar, ürək və böyrək xəstəlikləri və s.) törədə biləcəyə istisna edilmir. Bu baxımdan kollegiya hesab edir ki, xətəliklərin müalicəsi ilə bağlı əlavə xərclər formasında cavabdehdən iddiaçının iddia tələbində qeyd edilən məbləğdə olmasa da, cavadehin uşaqların hər birinə münasibətdə 50 manat civarında müalicə xərclərində iştirakı ədalətli və ağlabatandır.

25. Beləliklə, kollegiya hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-152/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 müalicələri başa çatanadək hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit məbləğdə pul İddiaçı xeyrinə tutulmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384-390-cı, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-152/2023 saylı, 10 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X3 müalicələri başa çatanadək hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit məbləğdə pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar