Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4858/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti) qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 2009-cu ilin iyun ayından 2021-ci ilin mart ayının 31-dək işəgötürən Cavabdeh məxsus iş yerində avtobus sürücüsü vəsifəsində işləmiş, işlədiyi illər ərzində ona cavabdeh tərəfindən əmək haqqı tam ödənilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh sürücü işlədiyi 12 il müddətində ödənilməmiş əmək haqqının orta hesabla 1 ay üçün 300 manat olmaqla, cəmi 43200 manat pulun (əmək haqqının) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2009-cu ilin iyun ayının 1-dən 31 mart 2021-ci il tarixə kimi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX "xxxx" MMC-nin Sumqayıt Regional Bölməsində “Xırdalan – Goradil qəsəbəsi - Quşçuluq” marşurutu üzrə hərəkət edən marşrut avtobusunda (2009cu idən 2011-ci ilə qədər 249 saylı avtobus olub, 2011-ci ildən 2021-ci ilədək isə 149 saylı avtobus olub) sürücü işləmişdir. Sürücü işlədiyi 12 il ərzində cavabdeh tərəfindən ona heç bir əmək haqqı və məzuniyyət pulu ödənilməmişdir. Həmin dövr üçün ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə cavabdehə pretenziya qaydasında müraciət etmiş, lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
4. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddianın təmin edilməməsi, ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2022, qəbzin nömrəsi: 19180) dövlət büdcəsindən İddiaçı qaytarılması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş eyni tələbə dair iddia ərizəsi ilə daha əvvəl Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, lakin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəfin mövqeyinə görə məhz bu səbəbdən qanunla müəyyən edilmiş bir illik iddia müddəti daxilində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilə bilməmişdir. Tərəflərin hər ikisi mübahisələndirmədən qəbul edir ki, onlar arasındakı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2022-ci il tarixli qərardadından belə görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə birinci dəfə xx.xx.2022ci tarixində (“Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən) Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsi iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə müəyyən edilmiş əsasla - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən – geri qaytarmışdır. Bundan dörd ay sonra isə - 2022-ci ilin iyul ayında iddiaçı mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət etmiş və ona xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Daha sonra iddiaçı yenə dörd ay ərzində heç bir prosessual hərəkət etməmiş, yalnız xx.xx.2022-ci il tarixdə müvafiq iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının daha əvvəl eyni iddia ərizəsi ilə başqa məhkəməyə müraciət etməsi və yaxud mediasiya sessiyasında iştirak etməsi kimi hallar hazırkı işdə iddia müddətinin ötürülməsinin üzrlü səbəbləri kimi qiymətləndirilə bilməz. İddiaçı özünün iddia etdiyi kimi 2009-cu ildən əmək haqqı almadan, yaxud günlük 3-5 manat muzd qarşılığında işləyibsə, onun hüququnun pozulduğunu bildiyi (bilməli olduğu) gün elə 2009-cu il tarixdə ilk əmək haqqını almadığı gündür. Lakin belə görünür ki, iddiaçı həmin gündən sonra bir il ərzində nəinki pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş, xx.xx.2021-ci il tarixədək əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının işçi kimi hüququnun pozulduğunu bildiyi gün əmək müqaviləsinə xitam verildiyi gün (xx.xx.2021) qəbul edilsə belə (hərçənd bu inandırıcı deyil), bu halda da onun tərəfindən qanunla müəyyən edilmiş bir illik iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddiaçının 2009-cu ildən 2021-ci ilin mart ayınadək heç bir əmək haqqı almadan əmək fəaliyyəti ilə məşğul olmasına dair iddiasını tam əsaslı saymasa da, işəgötürən kimi bu sənədləri saxlamağa borclu olan cavabdehin iddiaçının əmək fəaliyyəti, eləcə də bu fəaliyyət dövründə ona ödənən əmək haqqı ilə bağlı heç bir sənədi məhkəməyə təqdim edə bilməməsini, iddiaçının təqdim etdiyi hesabdan çıxarış məlumatlarından isə həmin dövr üçün əmək haqqının tam ödənilmədiyinin görünməsini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gördüyü işə görə əmək haqqı tam ödənilməmiş, bununla da işəgötürən (cavabdeh) tərəfindən işçinin (iddiaçının) hüquqları pozulmuşdur. Bununla belə iddiaçı hüquqlarının pozulduğunu bildiyi (bilməli olduğu) gündən bir il müddətində pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. Odur ki, iddia təmin edilə bilməz.
6. Məhkəmə gəldiyi nəticəni Əmək 3, 5, 81, 85, 86, 154, 155, 157, 173, 177, 296-cı maddələri, Mülki Məcəllənin 372, 375, 377-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 88, 107, 119, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4561/2023 saylı qətnaməsini ləğv edərək, apellyasiya şikayətim təmin olunmaqla cavabdehdən 43200 manat pulun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, o, xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilə qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi DANX ANDT MMC-nin Sumqayıt Regional Bölməsində Xırdalan-Göradil qəsəbəsi-Quşçuluq marşrutu üzrə hərəkət edən marşrut avtobusunda (2009-cu ildən 2011-ci ilə qədər 249 saylı avtobus olub, 2011-ci ildən 2021-ci ilədək isə 149 saylı avtobus olub) sürücü işləyib. Sürücü işlədiyi 12 il ərzində cavabdeh tərəfindən ona heç bir əmək haqqı və məzuniyyət pulu ödənilməmişdir. Həmin dövr üçün ödənilməmiş əmək haqqının ona ödənilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət edib, lakin cavabdeh tərəfindən heç bir addım atılmamışdır. O həmin vaxtlarda cavabdehə gündəlik plan verib, cavabdehə gündəlik ödəməli olduğu pulu verdikdən sonra, ona 3-5 manat pul qalmışdır. Həmin dövrlərdə heç bir əmək haqqı almayıb. Buna görə də ailəsinin maddi yardımı hesabına yaşamalı olub. Cavabdeh onunla əmək müqaviləsi də bağlamamışdır. Həmin vaxtlar qanunu bilmədiyi üçün hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməyib. Hazırda isə 12 il ərzində ödənilməmiş əmək haqqını cavabdehdən tələb edir. O 2008-ci ildən sürücü işləyib və əmək haqqı ona gündəlik ödənilmişdir. Lakin onunla əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır. bank tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, onun hesabına yalnız 2020-ci ildə 3 aylıq əmək haqqı köçmüşdür. Onunla əmək müqaviləsinə 2021-ci ilin mart ayında xitam verilmişdir. Buna baxmayaraq əmr ona təqdim olunmamış, son haqqhesab ödənilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilməlidir. Ona birinci instansiya məhkəməsinin qətnaməsi göndərilməmişdir. O asan imza aldıqdan sonra portaldan qətnaməni yükləyib. Ona görə də müddəti ötürməyib. İşəgötürən iddia etmişdir ki, 5 il müddət ötdüyü üçün onunla bağlı sənədlər məhv edilmişdir. Lakin qanunvericiliyin tələbindən də aydın olur ki, həmin sənədlər 5 ilin tamamında məhv edilməli deyildi, dövlət arxivinə təhvil verilməli idi. Göründüyü kimi, bu iş üzrə işəgötürən tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. Məhkəmə isə bu sadalanan hüquqpozmalar barəsində məsuliyyət məsələsini həll etməmiş, onu açıq saxlamışdır. Bu epizodda işçini qeyri-rəsmi işlətməklə bağlı işəgötürənin barəsində vergi orqanı operativ vergi nəzarətini və növbəti səyyar vergi yoxlamasını həyata keçirtməli və işəgötürənin barəsində maliyyə sanksiyası tətbiq etməli idi. Lakin məhkəmə hüquq-mühafizə orqanı qismində Dövlət vergi Xidmətinə bu hüquqpozma barəsində heç bir məlumat verməmişdir. Belə olduğu halda, onun həm əmək haqqı ödənilməmiş, həm də işəgötürən məsuliyyətdən kənarda saxlanılmışdır. Göründüyü kimi, işəgötürən onu qeyri-rəsmi işlətdiyini özü də etiraf etmişdir. O işə başladıqdan sonra 5 iş günü ərzində ona əmək kitabçası açılmalı idi. Odur ki, işəgötürən öz öhdəliklərini yerinə yetirmədiyi üçün onun qarşısında maddi məsuliyyət daşımalıdır. Bu halda məhkəmə xüsusi qərardad çıxardıb ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora xəbər verməli idi. Məhkəmə isə yuxarıda sadaladıqları daxil olmaqla, bunların heç birini təmin etməmişdir. Sual olunur ki, elementar səlahiyyətlərini həyata keçirə bilməyən məhkəmə onun pozulmuş əmək hüquqlarımı bərpa edə bilərmi? Odur ki, bu qətnamə apellyasiya qaydasında ləğv edilməsi və əmək haqqının ona geri ödənilməsi təmin edilməlidir. Bu iş üzrə isə məhkəmə onun işin hallarını nəzərə almamış, görməzdən gəlmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İş materiallarından da aydın olur ki, işəgötürən müəyyən zaman kəsiyində onun kartına minimum əmək haqqından az olan məbləği köçürtmüşdür. Bu inzibati məsuliyyətə səbəb olur ki, məhkəmə bu barədə heç bir tədbir görməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirir ki, 2014-сü il noyabrın 1-də əmək müqaviləsi bağlayıb, sosial arayışda da bu var. 2020-ci ilin martın 21-i onun xəbəri olmadan əmək müqaviləsi əğv edilib. Ona bir yoldaş 2021-ci ilin oktyabr ayında dedi ki, onun müqaviləsi ləğv edilib. Hansı ki, orada işləyirdi və dispetçer kağızına imza çəkirdi. 2021-ci ilin dekabr ayında o vəkil tutub Sumqayıt məhkəməsinə müraciət edib və orada işim 8 ay qalıb. Onun başqa gecikməsi olmayıb. O 2009-cu ildən 2014-cü ilin noyabrın 1nə qədər müqaviləsiz işləyib, o vaxtı müqavilə yox idi. 2014-cü ilin noyabrın 1-də müqavilə bağlayıblar. Sonradan o işləyə-işləyə, onun xəbəri olmadan 2020-ci ilin martın 31-də onun müqaviləsinə xitam verilib. Onun təqaüdə çıxmağına 9 ay qalmışdı. Onun təqüdünü də əlindən alıblar. O indi sosial təqaüd alır. 9 aydan sonra o DOST-dan arayış alıb. Arayışda nə qədər əməkhaqqı aldığı göstərilib. Onlara Covid-19 vaxtı kart verilib və onda da 3 dəfə əməkhaqqı verilib-ayrılıqda 60,70,90 manat olub. O 2021-ci ilin oktyabr ayında işdən çıxıb və dekabr ayında vəkil tutub, məhkəməyə müraciət edib. Gecikmənin nə qədər olduğundan xəbəri yoxdur.
11. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, 31 mart 2021-ci il tarixində əmək müqaviləsinə xitam verilib. Məhkəmə 1 illik müddət tətbiq edib və bir il müddət də 2022-ci ilin martın 31-i edir. İş materiallarında da var ki, müraciət 25 fevral 2022-ci ildə edilib. Müddət ötürülməmişdir. Mediasiya prosessinin keçilməsi zəruri olmuşdur. Məhkəmənin qərardadı çıxarması, onun şikayət verilmə müddəti və s. prosesslər məsələni uzadıb. İddiaçı Xırdalan-Goradil istiqamətində marşrut xəttində işləyirib. Amma iş yerinin tam olaraq harada yerləşdiyini bilmirdi. Sonradan müəyyən edildi ki, Sumqayıtda yerləşən filialimiş. Filial da cavabdeh kimi qoyula bilmədiyi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir. Bu üzrü səbəbdir. Sumqayıt Rayon Məhkəməsinə müraciət edilib. İddiaçı iradə ifadəsini vaxtında bildirmişdir. Mediasiya prosessi, pretenziya, sənədləşmə prosessləri olmuşdur.
12. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin əsaslandırılma hissəsinə baxdıqda tərəf yalnız hesab edir ki, cavabdeh Vergi Məcəlləsinin tələbini pozub, inzibati xəta törədib və Cinayət qanunvericiliyinin də tələbini pozub. Amma mülki qaydada Əmək Məcəlləsinin hansı şərtlərini pozulub, ümumiyyətlə,göstərilmir. Sadəcə orada göstərilir ki, iddiaçı 2009-cu ildən işləyib və maaşı ödənilməlidi. Tərəflə 2015-ci ildə əmək müqaviləsi bağlanıb və 2021-ci ilin 31 martında əmək müqavilsinə xitam verilib. İddia tələbinin əsası iddiaçının 12 il işləyib amma maaş almamasıdır.Təbii ki,bu səhv düşüncədir. Tərəf hesab edir ki, Sumqayıt Rayon Məhkəməsinə müraciət edib və iddia müddəti kəsilib. Suraxanı Rayon Məhkəməsinə müraciət etdikdə iddia müddəti yenidən başlanmalı idi. Tərəf şikayət verəndə iddia müddəti ötürülmüşdür,ona görə də hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməsini xahiş edir. İddiaçı özü məhkəməyə təqdim edib ki, onun maaş kartı olub. Onlar birinci instansiya məhkəməsində də qeyd ediblər ki, əgər maaş ödənilməsə idi, əmək haqqı tələbi üçün qanunvericilik konkret müddət müəyyən edir. Əgər müddət ötürülməsə idi, onlar da sübutlarını gətirərdilər ki, şəxs 2009-cu ildən maaş alır. 2009-cu ildən maaşın ödənilməməsini sübut edə bilməzlər. Maliyyə sənədləri ilə bağlı dəqiq bir söz deyə bilmir, amma cavabdeh tərəf qeyd deyir ki, bu sənədlər qalmayıb. Dövlətə sosial sığortanın alt sistemində elektron qaydada məlumatların niyə yerləşdirliməməsini bilmir. Əgər edilibsə də, bu inzibati xətadır, lakin, iddianının əsaslı olmağını sübut etmir. Burada əmək haqqınının ödənməsindən söhbət gedir, sosial sığorta ödənilib-ödənilməməsinin heç bir aidiyyəti yoxdur.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
"Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İddiaçı 2009-cu ilin iyun ayından 2021-ci ilin mart ayınadək işəgötürən Cavabdeh məxsus iş yerində avtobus sürücüsü vəsifəsində işlədiyi dövr üçün ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi iddia müddəti keçdiyinə görə təmin edilməmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür.
25. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə 31 mart 2021-ci il tarixdə xitam verilmişdir.
26. Göründüyü kimi iddiaçının hüququnun pozulduğunu bildiyi vaxt 31 mart 2021-ci il olmuşdur. İddiaçı iddia ərizəsilə məhkəməyə xx.xx.2022-ci ildə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vaxtında müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilməməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
27. Bundan sonra iddiaçı tərəfindən qərardadda göstərilmiş nöqsanın aradan qaldırılması üçün 2022-ci ilin iyul ayında mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı bundan sonra arayışı əldə etdiyi vaxtdan 3 aydan çox vaxtdan keçdikdən sonra 29 noyabr 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Beləliklə, iddiaçı hüququnun pozulduğunu 31 mart 2021-ci il tarixdə bilməklə iddia müddətinin axımı başlamış, xx.xx.2022-ci ildə tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də mülki prosessual qanunvericiliyin tələbinə uyğun şəkildə iddia ərizəsi vermədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılmış, 2022-ci ilin iyul ayında mediasiya prosesində iştirak etmək üçün mediasiya təşkilatına müraciət edilməsi ilə müddətin axımı dayanmış, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verilməsi ilə müddətin axımı bərpa olunmuşdur. İddiaçı hazırki iddia ərizəsi ilə 29 noyabr 2022-ci il tarixdə müraciət etmişdir.
29. Göründüyü kimi, iddiaçı tərəfindən ilkin olaraq vaxtında məhkəməyə müraciət edilsə də, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmadığına görə geri qaytarılmışdır. Lakin bundan sonra iddiaçı tərəfindən yol verilmiş nöqsanlar ağlabatan müddətdə aradan qaldırılmamış və bu hal iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilməməlidir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilir ki, “...İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.”
31. Əmək Məcəlləsinin 296.6-cı maddəsində qeyd edilir ki, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
32. Hazırkı halda iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsaslanaraq iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
34. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, işəgötürən tərəfindən kobud qanun pozuntularına yol verilərək onunla bağlı sənədlər 5 il müddət keçdikdən sonra dövlət arxivinə təhvil verilməli olduğu halda məhv edilmiş, lakin məhkəmə tərəfindən işəgötürən barəsində hər hansı məsuliyyət tədbiri tətbiq edilməmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı ona ödənilməyən əmək haqqı məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən işə iddia tələbi həddində baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev