Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4859/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-4859/2025 (Açar sözlər: işə bərpa və məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2025 nömrəli 13 may 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. xx.xx.2021-ci il tarixli 1/G saylı əmək müqaviləsinə əsasən İddiaçı "xxxx" QSC-nin YDD-nin manevr lokomotivlərinin istismarı xidmətinin Gəncə manevr lokomotivlərinin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran işləmişdir.
2. SN seriyalı, ******* saylı Əmək qabiliyyətinin olmaması vərəqəsinə görə İddiaçı “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu qoyulmuş, stasionar rejimdə xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə müalicə almış, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024xx.xx.2024, xx.xx.2024-xx.xx.2024 tarixlərində işdən azad edilməsi nəzərdə tutularaq, xx.xx.2024-cü il işə başlamalı olduğu gün kimi müəyyən edilmişdir.
3. xx.xx.2024-cü il tarixli akta əsasən Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı dəfələrlə iş yerini özbaşına tərk etmiş, işə başlama vaxtından hər gün ən azı 1 saat gec gəlmiş və ona şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, davranışlarında heç bir müsbət irəliləyiş etməmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə saat 13:55-də ona zəng edilərək harda olduğu soruşulanda evdə olduğunu bildirmiş və çağırılması nəticəsində 20 dəqiqə sonra digər işçilərlə birlikdə Süleymanov tərəfindən göndərilmiş 523146 nömrəli teleqrama uyğun olaraq ADY QSC-nin bütün müəssisə və təşkilatlarında iməclik keçirilməsi məqsədilə depo növbətçilərinin binasını və istehsalat sahəsini təmizləməsi tapşırılsa da, o, verilən tapşırıqdan boyun qaçırmış, özbaşına hərəkətlərinə davam edərək başqa bir yerə getmişdir. Sözügedən şəxsin bu davranışlarına baxaraq digər həmin vəzifədə çalışan şəxslər də (Quliyeva Rafiyə, Məlikova İlahə, Vəliyeva İlqamə) haqlı etirazlarını bildirmişdirlər.
4. 29 iyul 2024-cü il tarixli akta görə Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı dəfələrlə iş yerini özbaşına tərk etmiş, işə başlama vaxtından hər gün ən az 1 saat gec gəlmiş, gəldikdən qısa bir müddət sonra isə icazə almadan, məlumat vermədən deponu özbaşına tərk edərək iş müddətinin bitməsinə bir qədər qalmış depoya gəlirmiş. İddiaçı şifahi xəbərdarlıq edilməsinə, barəsində xx.xx.2024-cü il tarixli, 13-1-23/3-13- 17310/2024 saylı sənəd ilə əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmədiyinə, əmək funksiyalarını tam və ya qismən yerinə yetirmədiyinə, yaxud keyfiyyətsiz yerinə yetirdiyinə görə töhmət elan edilməsinə baxmayaraq, davranışlarında heç bir müsbət irəliləyiş etməmişdir. xx.xx.2024-cü il tarixdə mühəndis İslamzadə Fariz ilə birlikdə depo ərazisində İddiaçı axtarılsa da tapılmamışdır. Daha sonra saat 15:15-də ona zəng edərək harda olduğu soruşulanda evdə olduğunu bildirmiş, sonrasında depoya çağırılmış və 15.35-də depoya gələn İddiaçı saat 09:00-da işdən getmiş və bunu öz izahatı ilə təsdiq etmişdir.
5. 02.09.2024-cü il tarixli akta görə Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Onun ev ünvanına xx.xx.2024-cü il tarixdə, 13-123/2-1474/2024 saylı məktub göndərilərək qısa müddət ərzində işə gəlməmə səbəbini rəsmi sürətdə bildirməsi, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcəyi bildirilsə də, bugünədək heç bir rəsmi cavab və ya sənəd təqdim edilməmişdir.
6. 27.09.2024-cü il tarixli akta görə Gəncə lokomotivlərin istismarı deposunda istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışan İddiaçı xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. İddiaçı ev ünvanına xx.xx.2024-cü il tarixli 13-1-3/2-1690/2024 saylı məktub göndərilərək qısa müddət ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi, əks təqdirdə onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcəyi bildirilsə də, bugünədək heç bir rəsmi cavab və ya sənəd təqdim etməmişdir.
7. xx.xx.2024-cü il tarixli 13-1-23/3-10-32391/2024 saylı əmr ilə "xxxx" SC-nin X4nin lokomotivlərinin istismarı xidmətinin Gəncə lokomotivlərin istismarı deposunun təsərrüfat sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran X3 ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
8. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin 28 aprel 2025-ci il tarixli, 81-37/2- 522/2025 saylı “İddiaçı göstərilən tibbi xidmət” barədə arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə A.Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş, həkim-cərrah R.Q.Qasımovun baxışı və məsləhəti ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “qasıq yırtığı” diaqnozu ilə zəruri tibbi müayinələr olunmuş, “yırtığın ləğvi, alloplastika” əməliyyatı icra olunmuşdur. R.Q.Qasımov izahatında İddiaçı xx.xx.2024-cü il tarixdə 6 gün müddətinə ambulator nəzarət üçün evə buraxılmış, xx.xx.2024cü il tarixədək uzadılmış, xx.xx.2024-cü il tarixdə işə yazılmışdır. R.Q.Qasımov və G.Q.Vəliyeva izahatlarında İddiaçı təxminən 1 ay sonra, xx.xx.2024-cü il tarixdə müraciət etdiyini, ötən dövr işə çıxa bilmədiyini, müvəqqəti əmək qabiliyyəti olmama vərəqinin “xəstəlik davam edir” qeydi ilə başqa tibb müəssisəsində uzadılması üçün dəyişdirilməsini istədiyini bildirmişdir. Həmin müraciətlə bağlı İddiaçı başqa tibb müəssisəsində uzadılmasının mümkün olmaması barədə izahat verilmiş, ayrı-ayrı xəstəliklər üzrə müvəqqəti əmək qabiliyyəti olmama günlərinin müddətləri, müvəqqəti əmək qabiliyyəti olmama vərəqinin verilmə və uzadılması qaydaları barədə izahat verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi stasionar və ambulator müalicədə olmasını nəzərə alaraq QSC-nin X4 tərəfindən qanunsuz işdən çıxarıldığına görə cavabdehin ona xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdən Gəncə lokomotivlərinin istismarı deposunun təsərrüfat sahəsinin istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə o, Azərbaycan Dövlət Dəmir X8 Xidməti Gəncə Dəmir Yol Poliklinikasında tibbi müayinədən keçmiş və ona “kəskin böyrək sancısı” diaqnozu qoyularaq xx.xx.2024-cü il tarixdən müalicə təyin olunmuşdur. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu ilə əməliyyat olmuş və xx.xx.2024-cü il tarixə kimi stasionar müalicə almış, sonra isə o ev şəraitində ambulator müalicədə olmuşdur. 3-4 dəfə xəstəxanaya gedib sarğılarını dəyişdirmiş və xx.xx.2024-cü il tarixdə o, xəstəxanadan “əmək qabiliyyətinin olmaması vərəqəsi” (büllleteni) alıb işə çıxmaq istəmiş, həmin vərəqədə xx.xx.2024-cü il tarixdə işə başlamalı olduğu qeyd edilmişdir, buna görə də o, işə buraxılmamış və ona bildirilmişdir ki, “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndə (bülletendə) göstərilən tarixlər düzgün yazılmamışdır. Bundan sonra o xəstəxanaya gedib xx.xx.2024-cü il tarixədək ambulator (ev şəraitində) müalicə olunmağı barədə qeyd etməyi xahiş etmiş, lakin xəstəxanada yalnız “əmək qabiliyyətinin olmaması vərəqəsində” (bülleten) “xəstəlik davam edir” sözləri əlavə edilib, “düzəliş etibarlıdır” sözləri yazılıb, əlavə möhür vurulmuşdur. Bundan sonra o yenidən həmin “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) aparıb işə təqdim etmiş, lakin buna baxmayaraq yenə də o, işə buraxılmamış və xəstə olduğu günlərə ona əmək haqqı ödənilməmişdir. Hesab edir ki, Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahədi “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) götürməməkdə, onu işə buraxmamaqda və ona əmək haqqı yazmamaqda haqlı deyildir. Belə ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ev şəraitində, ambulator müalicədə olmuş və dəfələrlə xəstəxanaya gedib sarğısını dəyişdirmişdir. Bunu şahidlər də təsdiq edə bilər. xx.xx.2024-cü il tarixdən o dəfələrlə “əmək qabiliyyətinin olmaması vərəqəsini” (bülleteni) Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsinə təqdim edərək işə çıxmaq istəmiş, lakin Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsi onun bülleten vərəqəsini götürməmiş və onu işə buraxmayaraq, xx.xx.2024-cü il tarixdə ona məktubla cavab verərək bildirmişlər ki, “xx.xx.2024-cü il tarixindən heç bir üzrlü səbəb bildirmədən işə gəlmirsiniz. Xahiş edirik, qısa müddət ərzində işə gəlməmə səbəbini bizə rəsmi surətdə bildirəsiniz. Əks təqdirdə Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyə müvafiq olaraq xitam veriləcək.” Halbuki o bülleteni təqdim edir, “sağ tərəfli çəp qasıq yırtığı” diaqnozu xəstəlikdən əməliyyat olmasını və ambulator müalicədə olmasını bildirir, buna baxmayaraq o, işə buraxılmır və həmin günlər üçün əmək haqqı hesablanmır. O, 3cü qrup əlildir, qasıq yırtığı var, ona ağır iş olmaz, lakin buna baxmayaraq, ona Deponun baş mühəndisi Anar Camallı vaqondan yanğın söndürən balonları boşaltmağı tapşırmış və həmin balonları boşaltdıqdan sonra onun qasıq yırtığı şişmiş və o, xəstəxanaya düşmüşdür. Bu barədə o, dəfələrlə Gəncə lokomotivlərinin istismarı deposu təsərrüfat sahəsinə, cavabdehə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət etsə də, müsbət cavab verilməmiş və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. O, şəhid ailəsinin üzvüdür, atası Yusif 1993-cü ildə İ-ci Qarabağ müharibəsində şəhid olmuşdur, o özü 3-cü qrup əlildir, evli və 3 azyaşlı uşaq atasıdır, ailəyə yeganə qazanc gətirən şəxsdir, ailə vəziyyətinin maddi durumu olduqca ağırdır. Hesab edir ki, "xxxx" QSC-nin X4 tərəfindən qanunsuz və əsassız olaraq işdən azad edilmişdir. Cavabdeh tərəfindən ona qanunsuz işdən çıxarıldığına görə xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur.
11. Cavabdeh iddia ərizəsinə etiraz edərək, göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilsə də, iddiaçı mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı isə xx.xx.2025-ci il tarixdə əldə etmiş, məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürdüyündən, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay müddətində məhkəməyə müraciət etməyərək, müddəti 5 gün ötürdüyündən, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1877/2025 nömrəli 13 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən artıq qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Başqa sözlə iddia müddəti başa çatdıqdan 5 gün sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam veriləndən sonra o, mediasiya təklifini xx.xx.2024-cü il tarixdə göndərmiş, ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etmiş, məhkəməyə isə xx.xx.2025-ci il tarixində müraciət etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi gündən bunun əsası barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən həmin əmrin məhkəmə qaydasında mübahisələndirilməsi ilə bağlı müddət axımının başlanması həmin hadisənin ertəsi günündən hesablanmalıdır. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı qanunvericiliklə tələb olunan iddia müddətini ötürmüş, hüquqlarının pozulduğunu bildiyi halda 1 ay müddətində məhkəməyə müraciət etməmişdir. Həmçinin iş materiallarından görünür ki, iddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 377.1-ci, Əmək Məcəlləsinin 2.1, 68.1, 68.2, 69.1, 70.4, 76, 83, 296.2, 296.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, təklif məktubu xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə baxmayaraq , xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə cavabdehə göndərmiş, Mediasiya Şurasının müraciət qaydasına əsasən 10 iş günü gözləməli olduğundan, xx.xx.2024-cü il tarixdə mediatora müraciət etmişdir. Mediator tərəfindən cavabdehə göndərilmiş bildiriş xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İlkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı xx.xx.2025-ci il tarixdə əldə etmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və poçt vasitəsi ilə məhkəməyə göndərilmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
21. Maddə 70, “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
22. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
23. Maddə 296, 2-ci hissə. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
24. Maddə 296, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
25. Maddə 296, 6-cı hissə. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Belə ki, əmək mübahisələrində iddia müdətinin keçməsi, iddianın, əsaslı olub-olmamasından asılı olmayaraq, rədd olunması üçün birbaşa əsasdır və əlavə araşdırma aparmağa zərurət yoxdur.
36. Əmək mübahisəsində iddia müddətinin tətbiqi barədə ərizə verilibsə və iddia müddəti üzürsüz səbəbdən ötürülübsə işə baxan məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsi əsası ilə iddia tələbini təmin etməməlidir. Yalnız müvafiq iddia müddəti daxilində verilmiş tələbə baxıla və mahiyyəti həll oluna bilər.
37. Cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
38. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürülməsi aşkardır.
39. Göründüyü kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir, iddiaçı həmin tarixdən məlumatlı olmuşdur, xx.xx.2024-cü ildə mediasiya təklifini göndərmiş, xx.xx.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasının keçirilməməsi barədə arayışı əldə etmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə, yəni qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürüldükdən sonra müraciət etmişdir.
40. İddiaçı iddia ərizəsini xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə göndərdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sənədi (poçt xəbərnaməsini) təqdim etməmişdir, iş materiallarında isə belə bir sənəd mövcud deyildir.
41. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsinə dair hər hansı əsaslar təqdim edilməmişdir.
42. Beləliklə kollegiya hesab edir ki, iddia müddəti ötürüldüyündən, iddianın əsaslılığına qiymət verməyə ehtiyac qalmır, məhkəmə bununla bağlı düzgün qənaətə gəlmişdir.
43. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1877/2025 nömrəli iş üzrə 13 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.