Məhkəmə qərarları › İş №2(103)-486/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-486/2021

07.07.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-486/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilələrin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(005)-131/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilələrin ləğv edilərək damazlıq heyvanların sağlam vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq müqavilələri üzrə 205759,95 manat əsas borcun, 158401,39 manat cərimənin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin müqavilələrin ləğv edilərək lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 2008-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2014cü il tarixli 20-LD/14 nömrəli və 04 may 2015-ci il tarixli 49-LD/15 nömrəli müqavilələrə əsasən cavabdeh güzəştli satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 342 baş Holştin-friz cinsli damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 206342 manat məbləğində ilkin ödəniş etmiş, daha sonra müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi üçün göndərilmiş pretenziya cavabsız qalmış və dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli, 2(005)- 131/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 03.03.2014-cü il tarixli 20-LD/14 nömrəli və 04.05.2015-ci il tarixli 49-LD/15 nömrəli lizinq müqavilələrinin ləğv edilməsi, lizinq müqavilələri üzrə 205759,95 manat əsas borcun, 2000 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 207789,95 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi və lizinq obyekti olan 342 baş Holştin-friz cinsli damazlıq heyvanların sağlam vəziyyətdə cavabdehdən geri alınması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunduğu hissədə ləğv edilərək iddianın tam rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olmaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamış, borcu düzgün müəyyən etməmiş, 28 fevral 2014-cü il tarixdə həyata keçirilmiş 62000 manat ödənişi nəzərə almamışdır. Lizinqə götürülmüş hevanlardan 83 baş damazlıq heyvan tələf olmuş, lakin birinci instansiya məhkəməsi tərəfindən lizinqə götürülmüş bütün 342 baş heyvanın iddiaçıya qaytarılması qət edilmişdir. Tələf olmuş 21 baş heyvana görə iddiaçıya sığorta şirkəti tərəfindən 16425,64 manat pul ödənilmiş, lakin həmin ödənilən məbləğ ümumi borcun məbləğindən çıxılmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli qətnaməsi qismən ləğv olunmuş, Cavabdeh lizinq müqavilələri üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 142484,05 manat, cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı olan Holştin-friz cinsli damazlıq heyvanların sayı isə 259 baş müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 15807,71 manat sığorta haqqının lizinq ödənişlərinin ümumi məbləğindən çıxılması hissəsində ləğv edilmiş, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, hazırkı apellyasiya baxışının hədləri Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulacaq borcdan 62000 manat pulun və 15807,71 manat sığorta haqqının çıxılması hissəsinin yoxlanılması ilə məhdudlaşır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının nümayəndəsi Vəkil isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(005)-131/2018 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748- 10.4-cü maddəsinə görə lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. MM-nin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. MM-nin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki işin materiallarında olan 03 mart 2014-cü il tarixli № 20-LD/14 nömrəli Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə Müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC 70 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 45929,07 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan 42166,75 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. İşdə olan 28 aprel 2014-cü il tarixli, 29-LD/14 nömrəli «Damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi» barədə müqavilədən görünür ki, lizinq verən "xxxx" ASC 272 ədəd Holştin-Friz cinsli damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3 ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 161049,95 manat məbləği əvvəlcədən lizinq verənə ödəyir, qalan 179400,91 manat məbləği isə rüblər üzrə (İ, İİ, İİİ, İV) ödəniş qrafikində göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. İşdə olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış 16.09.2014-cü il tarixli pretenziya məktubundan görünür ki, yaranmış borcun tez bir zamanda "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 03.03.2014-cü il tarixli 20-LD/14 №-li lizinq müqaviləsinə əsasən ümumi dəyəri 87458,82 manat olan 70 baş, 28.04.2014-cü il tarixli 29-LD/14 №-li lizinq müqaviləsinə əsasən ümumi dəyəri 340451 manat olan 272 baş damazlıq heyvan lizinqə götürülmüşdür. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 03.03.2014-cü il tarixli 20-LD/14 saylı və 28.04.2014-cü il tarixli 29-LD/14 saylı müqaviləyə əsasən lizinqə götürülmüş ümumi dəyəri 427909,82 manat olan cəmi 342 baş damazlıq heyvan üçün cavabdeh 206342,07 manat ilkin ödəniş etmiş, qalan 221567,75 manat məbləğə isə ödəniş qrafiki tərtib olunmuşdur. Lizinqə götürülmüş heyvanlardan 83 baş damazlıq heyvan tələf olmuş, 25 baş tələf olmuş heyvana görə sığorta təşkilatı tərəfindən sığorta ödənişi verilməsindən imtina olunmuş, 21 baş heyvana görə 16425,64 manat sığorta ödənişi verilmiş, 24 baş heyvana görə sığorta ödənişi verilməsi üçün sənədlər qəbul olunmuş, 13 baş heyvanın tələf olması barədə sənədlər isə lizinq alan tərəfindən təqdim edilməmişdir. Göründüyü kimi, tələf olmuş 21 baş heyvana görə sığorta təşkilatı tərəfindən "xxxx" ASC-yə 16425,64 manat məbləğində sığorta ödənişi verildiyi halda, iddiaçı təşkilat qalıq borcdan 16425,64 manat yox, 15807,71 manat pul çıxmışdır. Lizinq müqavilələri üzrə cavabdehin iddiaçı lizinq şirkətinə olan borcunun məbləğinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsində, apellyasiya və təkrar apellyasiya icraatı mərhələsində 3 dəfə məhkəmə mühasibatlıq ekspertizaları keçirilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 17 yanvar 2018-ci il tarixli 27070 saylı rəyinə əsasən, iş materiallarında olan sənədlərə əsasən (kassa mədaxil orderləri və s.) tərəflər arasında bağlanmış 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20-LD/14 saylı müqavilələr üzrə 222149,78 (ilkin ödəniş və sığorta ödənişləri) manat məbləğində ödəniş edilməsi müəyyən olunmaqla Cavabdeh "xxxx" ASC-yə olan borcu 205759,91 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında Cavabdeh tərəfindən 28.02.2014-cü il tarixdə 62000 manat məbləğində ödəniş edilməsi göstərilsə də, həmin ödəniş müqavilələrdən əvvəlki tarixdə edildiyindən və həmin ödənişin təyinatı (hansı müqavilə üzrə) göstərilmədiyindən, hazırkı hesablamalar zamanı nəzərə alınmamışdır. Apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 11 sentyabr 2019-cu il tarixli, 28723 saylı rəyindən görünür ki, iş materiallarında olan sənədlər (kassa məxaric orderləri və s.) nəzərə alınmaqla, 03 mart 2014-cü il tarixli və 28 aprel 2014-cü il tarixli lizinq müqavilələri üzrə Cavabdeh tərəfindən "xxxx" ASCyə 285425,64 manat məbləğində pul vəsaitinin ödənilməsi müəyyən olunur. Həmin lizinq müqavilələri üzrə Cavabdeh borcu 142484,05 (427909,69-285425,65) manat məbləğində müəyyən olunur. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 17 fevral 2021-ci il tarixli 9/4538 saylı rəyinə əsasən, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 269000 manat məbləğində pul vəsaitinin 206342,07 manat məbləğində olan hissəsi cavabdehin ilkin ödənişinə, 47497,93 manat məbləğində olan hissəsi sığorta xərcinə, 15160 manat məbləğində olan hissəsi isə saxlanma xərcinə silinməsi müəyyən edilir. İş materiallarında olan sənədlər nəzərə alınmaqla 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014-cü il tarixli 20-LD/14 saylı müqavilələr üzrə Cavabdeh yuxarıda qeyd olunan xərcləri çıxılmaqla "xxxx" ASC-yə olan borcu 205141,98 manat məbləğində (427909,69-206342,07-16425,64) müəyyən olunur. 17 fevral 2021-ci il tarixli 9/4538 saylı ekspertiza rəyindən və iş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh 28.04.2014-cü il tarixli 29-LD/14 saylı və 03.03.2014cü il tarixli 20-LD/14 saylı lizinq müqavilələri üzrə cəmi 342 baş damazlıq heyvanı lizinqə götürərək 427909,82 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüş, 28.02.2014-cü il tarixdə 62000 manat, 14.03.2014-cü il tarixdə 50000 manat, 21.04.2014-cü il tarixdə 130000 manat, 28.04.2014-cü il tarixdə 27000 manat olmaqla cəmi 269000 manat ödəniş etmişdir. 28.02.2014-cü il tarixdə ödənilmiş 62000 manat pulun 45292,07 manat hissəsi, 14.03.2014-cü il tarixdə ödənilmiş 50000 manat pulun hamısı, 21.04.2014-cü il tarixdə ödənilmiş 130000 manat pulun 84050 manat hissəsi, 28.04.2014-cü il tarixdə ödənilmiş 27000 manat pulun hamısı ilkin ödəniş olmuşdur. Beləliklə, cəmi ödənilmiş 269000 manat pulun 206342,07 manat hissəsi ilkin ödəniş kimi nəzərə alınmışdır. Ödənilmiş 269000 manat pulun 47497,93 manat hissəsi sığorta xərcinə, 15160 manat hissəsi isə saxlanma xərcinə aid olmuşdur. Göründüyü kimi, cavabdehin 28.02.2014-cü il tarixdə ödədiyi 62000 manat pulun 45292,07 manat hissəsi ilkin ödəniş kimi nəzərə alınmışdır. Bundan əlavə, 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta təşkilatı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 16425,64 manat məbləğində olan sığorta ödənişi də ümumi borcdan çıxılmışdır. Tərəflər arasında bağlanmış lizinq müqavilələrinin şərtlərindən görünür ki, lizinq ödənişlərinə yalnız lizinqə verilən damazlıq heyvanların güzəştli satış dəyəri daxil edilmişdir. Digər xərclər, o cümlədən sığorta üçün ödənilən məbləğ, lizinq obyektinin əldə olunması, saxlanması və sair xərclər lizinq ödənişlərinə aid edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmiş 62000 manat pulun 45292,07 manat hissəsi ilkin ödəniş kimi, habelə 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta ödənişi kimi sığorta təşkilatı tərəfindən "xxxx" ASC-yə ödənilmiş 16425,64 manat pul ümumi borcdan çıxılmalıdır. Belə ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın əmlakına və ya əmlak mənafelərinə dəyən zərərin yerini doldurmaq üçün ödənilən pul məbləğidir. 21 baş damazlıq heyvanın tələf olmasına görə sığorta ödənişi iddiaçı lizinq şirkətinə ödənildiyindən, həmin məbləğ yenidən cavabdehdən tutula bilməz. Kollegiya qeyd edir ki, "xxxx" ASC də iddia ərizəsində ödənilmiş sığorta məbləğini ümumi borcdan çıxaraq qalan məbləği cavabdehdən tələb etmiş, lakin iddia ərizəsində ödənilmiş sığorta məbləği 16425,64 manat əvəzinə, səhvən 15807,71 manat göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(005)-131/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, iş üzrə cavabdehin "xxxx" ASC-yə olan əsas borcu 205141,98 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03 mart 2014-cü il tarixli 20-LD/14 nömrəli və 04 may 2015-ci il tarixli 49-LD/15 nömrəli müqavilələrə istinad edilsə də, iş materiallarından görünür ki, iddia ərizəsində qeyd olunmuş 04 may 2015-ci il tarixli 49-LD/15 nömrəli müqavilənin tarixi və nömrəsi 28 aprel 2014-cü il tarixli 29-LD/14 nömrəlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2018-ci il tarixli 2(005)- 131/2018 saylı qətnaməsi apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə, yəni əsas borcun məbləği hissəsində dəyişdirilsin. 03.03.2014-cü il tarixli 20-LD/14 saylı və 28.04.2014-cü il tarixli 29-LD/14 saylı lizinq müqavilələri üzrə Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulmalı olan əsas borcun məbləği 205141,98 manat məbləğində müəyyən edilsin. Təkrar apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci kimi 100 manat pul cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar