Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4863/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-Vəkil, Cavabdehin nümayəndəsi Əliyeva səbinə İlyas qızının iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı sığorta ödənişinin və dəbbə pulunun verilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimil rayon Məhkəməsinin 2(006)-324/21 saylı 15.02.2021-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçi İddiaçı məxsus olan 2015-ci il buraxılışlı “Chevrolet Tarx” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə 11436 (on bir min dörd yüz otuz altı) manat sığorta ödənişin, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə 3991,16 (üç min doqquz yüz doxsan bir manat, on altı qəpik) manat dəbbə pulun, cəmi 15,427.16 (on beş min dörd yüz iyirmi yeddi manat, on altı qəpik) manat məbləğində pul vəsaitinin cavabdeh «xxxx» ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «xxxx» ASC-nə qarşı «sığorta ödənişinin və dəbbə pulunun verilməsinə məcbur edilməsi» tələbinə dair iddia ərizəsi ilə Nəsimil rayon Məhkəməsinə müraciət edərək, «xxxx» ASC-dən sığorta ödənişi məbləğini təşkil edən 13.184 (on min yüz səksən dörd) manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablanmaqla 329 manat, cəmi 13513 (on üç min beş yüz on üç) manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 10.06.2019-cu il tarixdə «xxxx» ASC ilə İddiaçı arasında sonuncuya məxsus «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli minik avtomobilinin sığortalanmasına dair AS310/19 saylı sığorta müqaviləsi bağlanmış və bu barədə həmin tarixli avtokasko sığorta riskləri üzrə «Nəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi» verilmişdir. İddiaçı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı, ağ mirvari rəngli minik avtomobilini 18.05.2018-ci il tarixli etibarnamə əsasında 5 il müddətində «xxxx» MMC-yə müvəqqəti istifadə etmək məqsədilə vermişdir. «xxxx» MMC 12.02.2020-ci il tarixli 93 saylı icarə müqaviləsi ilə İddiaçı onlara verdiyi etibarnaməsi əsasında ona məxsus «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini 12.02.2020-ci il tarixli saat 17.00- dan 14.02.2020-ci il tarixli saat 18.00-dək X3 müvəqqəti istifadəsinə vermişdir. 14.02.2020-ci il tarixdə sığorta olunmuş nəqliyyat vasitəsi X6 tərəfindən idarə olunan zaman saat 12.00 radələrində Bakı-Quba yolunun 11-ci km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı sığorta hadisəsi barədə sığortaçıya elə həmin gün, hadisədən dərhal sonra (İsmət adlı əməkdaşına) məlumat vermişdir. Hadisədən sonra DYP-si idarəsinin əməkdaşları tərəfindən avtonəqliyyat vasitəsi xüsusi duracağa yerləşdirilmiş və baş vermiş yol nəqliyyat hadisənin araşdırılması məqsədilə hadisənin törədən şəxslər DYP-si idarəsinin Bakı-Quba yolunda yerləşən Ekologiya postuna dəvət edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtomobilə 13184 manat məbləğində zərər dəymişdir. Qeyd edilən hal «General Motors»un «xxxx» MMC-də yəni cavabdehin əməkdaşlıq etdiyi şirkətdə tərtib edilmiş 20.02.2020-ci il tarixli zərər aktı təsdiq olunur. Bundan əlavə, Baş Dövlət Polis İdarəsinin ENB-nin 14.02.20202- ci il tarixli, 022758 saylı arayışından da görünür ki, «… YNH zamanı avtomobilin vizual olaraq şit zədə alıb..». Həqiqətən də cavabdeh 28.02.2020-ci il tarixli 131/20 saylı məktubla guya ki, sığorta hadisəsi barədə düzgün olmayan məlumatların verilməsi və sürücünün guya narkotik tərkibli maddə qəbul etməsi səbəbindən imtina etmişdir. Cavabdeh sığorta şirkəti özünün 28.02.2020-ci il tarixli 131/20 saylı məktubu ilə sığorta ödənişi verilməsindən imtina etmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, guya iddiaçı tərəfindən sığorta hadisəsi barədə düzgün olmayan məlumatlar verilmiş, yəni hadisə zaman sürücünün deyil, başqa şəxs tərəfindən avtomobilin idarə edilməsi faktı müəyyən edilmiş, bundan əlavə sürücü kimi təqdim edilən Hafiz Məmmədli guya ki, hadisə zamanı narkotik təkibli maddənin təsiri altında olmuşdur. Cavabdehin sığorta hadisəsi üzrə imtinasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6-cı və 935.1.8-ci maddələrinə istinad edilmişdir. Qeyd edilənlərə əsasən «xxxx» ASC-nin sığorta ödənişinin verilməsindən imtinasının əsassız olması sübuta yetirilir və bu səbəbdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 13.184 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% faiz hesablanmaqla 329 manat, cəmi 13.513 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, 14.02.2020-ci il tarixdə saat 12.00-da Bakı-Quba yolunun 11-ci km-də «Chevrolet Trax» markalı, 90-OH893 dövlət qeydiyyat nişanlı avtomobilin digər avtomobil vasitələri ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən 5-10 dəqiqə sonra DYP-si xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə gəlmiş, hadisəni törədən şəxslər onlar tərəfindən müəyyən edilmiş və həmin şəxslərin lazımi sənədləri onlar tərəfindən götürülmüşdür. DYPİ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi zamanı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi X6 müəyyən edilsə də, lakin cavabdehin sığorta ödənişinin verilməsindən imtinasında guya ki, hadisə zamanı sözügedən avtomobilin idarə edilməsinin başqa şəxs olduğu iddia edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən iddia olunan hal ilə bağlı iddiaçı tərəfə heç bir görüntü təqdim olunmamışdır. Bundan əlavə cavabdeh sürücü kimi təqdim edilən Hafiz Məmmədlinin guya ki, hadisə zamanı narkotik tərkibli maddənin təsiri altında olduğu və bu faktın narkoloji rəylə təsbit edildiyi halda, iddiaçı tərəfindən «Respublika Narkoloji Mərkəzindən» X6 barəsində əldə edilmiş rəyi ilə tam əksi sübut olunaraq onun qanında hər hansı narkoloji dərmanlara aid preparatın aşkar olunmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.6 və 935.1.8-ci madələrinə istinad etməklə sığorta ödənişinin verilməsindən imtina edilməsi absurd və əsassızdır. Cavabdeh Mülki Məcəllənin 935.1.6-cı maddəsinə istinad edirsə, həmin maddə ilə nəzərdə tutulmuş halın mövcudluğu da sübut etməlidir. Qeyd edilən maddədə sığorta ödənişindən imtinanın əsaslarından biri kimi «935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortasıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması» nəzərdə tutulmuşdur. Hadisə səlahiyyətli dövlət orqanı (DYP) tərəfindən araşdırılmış, sığorta hadisənin səbəbi müəyyən edilmiş və müvafiq rəsmi sənədlərdə də öz əksini tapmışdır. Zərərin qiymətləndirilməsinə dair də müvafiq qiymətləndirmə təqdim edilmişdir. Belə olan halda, sığorta olunan konkret hansı hərəkəti ilə cavabdehin Mülki Məcəllənin 935.1.6-cı maddəsinə göstərilən hüquqdan məhrum edildiyi aydın deyil. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən Mülki Məcəllənin eyni zamanda həm 935.1.6, həm də 935.1.8-ci maddələrinə istinad etməsi də imtinanın əsassız olduğuna dəlalət edir. Belə ki, 935.1.6-cı maddə hadisənin sığorta hadisəsi kimi tanınmasını ehtiva edirsə, 935.1.8-ci maddə hadisənin «sığorta hadisəsi hesab edilməməsi» ilə bağlıdır. Yəni, 935.1.8-ci maddəyə görə sığorta hadisəsi yoxdursa, onda 935.1.6-cı maddəyə istinad edilməsini anlaşılan deyil, əgər 935.1.6-cı maddəyə istinad edilirsə, onda 935.1.8ci maddəyə istinad edilməsi mümkün deyil. Qeyd edilənlər də cavabdeh sığorta ödənişindən qanunsuz imtina etmək üçün özünün də həmin əsasların mövcudluğuna əminliyinin olmamasından irəli gəlir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 13184 (on üç min yüz səksən dörd) manatın, sığorta ödənişin verilməsinin gecikdirilməsinə görə 4601,21 (dörd min altı yüz bir manat, 21 qəpik) manat dəbbə pulu, ümumilikdə 18114 (on səkkiz min yüz on dörd) manat tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh “xxxx” ASC-nin səlahiyətli nümayəndəsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən, maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmir, hüququn tətbiq edilməsində səhv buraxmış və bu düzgün olmayan qətnamənin qəbul olmasına səbəb olmuşdur. Kollegiya apellyasiya şikayətini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçını və onun nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan AR DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı 529893 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin kserosurətinə əsasən «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşın İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 18.05.2018-ci il tarixli etibarnamənin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən İddiaçı məxsus «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşından müvəqqəti istifadə etməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməsi «xxxx» MMC-yə 5 il müddətinə, 18.05.2023-cü il tarixədək etibar edilmişdir. İş üzrə AS-310/19 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsinə əsasən X1 məxsus «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşın 10.06.2019-cu il tarixdən 10.06.2020-ci il tarixədək «xxxx» ASC-də sığortalanmışdır. İş materiallarında olan «İcarəyə verən» qismində «xxxx» MMC ilə «İcarəyə götürən» qismində X6 arasında bağlanılmış nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair 93 saylı, 12.02.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, «xxxx» MMC ona müvəqqəti istifadəyə verilmiş «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşını 14.02.2020-ci il tarixli saat 18.00-dək X4 müvəqqəti istifadəsinə, icarəyə verilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş 12.02.2020-ci il tarixli etibarnaməyə əsasən «xxxx» MMC tərəfindən «Chevrolet Trax» minik markalı ** OH *** dövlət nömrə nişanlı avtomaşını müvəqqəti istifadə etməsi X4 12.02.2020-ci il tarixdən 14.02.2020-ci il tarixədək etibar edilmişdir. İşdə olan “inzibati tənbeh vermə haqqında 14.02.2020-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, X6 «Chevrolet Trax» minik markalı ** OH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Xəta nəticəsində X6 AR İXMnın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. İş materiallarında olan «General Motors»un «xxxx» MMC tərəfindən tərtib olunmuş preyskurantdan (qüsur aktından) görünür ki, “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 15.557,12 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan «xxxx» ASC tərəfindən İddiaçı ünvanlanmış 28.02.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus olan və «xxxx» ASC-də sığortalanmış, rent-a-car fəaliyyəti ilə məşğul olan «xxxx» MMCyə İddiaçı tərəfindən təqdim edilmiş “Chevrolet Trax” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 14.02.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinə uğraması barədə məlumatı onlara İddiaçı zəng vuraraq bildirmişdir. İddiaçı həmin nəqliyyat vasitəsinin artıq cərimə dayanacağında olduğunu, sürücünün kimliyini bir az sonra dəyəcəyini bildirmişdir. Daha sonra İddiaçı yaxın qohumu Nəhayət Mircəfərov «xxxx» ASC-yə zəng edib, avtomobili daxili etibarnamə ilə X6 idarə etdiyini bildirmiş və onun mobil telefon nömrəsini təqdim etmişdir. Verilmiş nömrəyə dəfələrlə zəng etsələr də, telefon bağlı olduğundan əlaqə yaratmaq mümkün olmadı. Daha sonra sığorta şirkətinin əməkdaşı ekologiya postuna getmişdir və Hafizlə orada görüşə bilmişdir. Sığorta şirkətinin nümayəndəsi ondan video çəkilişlə yerində izahat almışdır. İzahatda digər suallara cavab verməklə yanaşı Hafiz hadisə barədə yerindən xəbər verilmədiyini telefonunun «zaryadka»sının bitməsi ilə izah etmişdir. Sığorta şirkətinin əməkdaşı tərəfindən narkoloji müayinəyə aparılmış Hafiz orada bildirmişdir ki, ara-sıra nəşə qəbul edir və 3 gün əvvəl də nəşə qəbul etmişdir. Bu həkimin müayinə rəyində də birbaşa qeyd edilmişdir. Hafiz bir neçə gün sonra sığorta şirkətinə yazılı izahat vermiş və orada əvvəl verdiyinə zidd olan fərqli məlumatlar qeyd etmişdir. Hadisənin araşdırılması gedişində şirkətin əməkdaşı avtomobilin Sumqayıtdan qəza yerinədək hərəkətini və qəzadan sonrakı hərəkətləri əks etdirən müşahidə kameralarından video görüntülərə baxiş keçirmişlər. Video görüntülərdən avtomobilin sürücü qapısından düşən şəxsin Hafiz olmadığı məlum olur. Hafizin izahatlarının qeyri-dürüst və ziddiyyətli olmasının səbəbi də qəza zamanı avtomobili digər şəxsin idarə etməsi olmuşdur. Şərh edilənlər qanunsuz olaraq sığorta ödənişi almaq məqsədi ilə yol-nəqliyyat hadisəsinin halları barədə Respublika X8inə və sığorta şirkətinə həqiqətə zidd məlumatlar verildiyini göstərir. Eyni zamanda hesab edirlər ki, bu hal öz hüquqi qiymətini almalıdır. Yuxarıda qeyd edilənlərə əsasən bildirirlər ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.6 və 935.1.8-ci maddələrinə uyğun olaraq İddiaçı sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İş üzrə Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akta əsasən X2 yoxlama zamanı onun qanunda sərxoşluq və hər hansı narkoloji dərmanlara aid preparatın müəyyən edilməmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 dekabr 2020-ci il tarixli, 9/4339 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, «xxxx» LTD-nin 20.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12974,0 manat müəyyən edilir. O cümlədən dəyişilməli hissələrin qiyməti – 10.884,00 manat, təmir-bərpa işlərinin qiyməti – 2090,00 manat təşkil edir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 5 il (2015-2020) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 9346,00 manat müəyyən edilir ((10884,00 – 3%) x 5 dəfə). Nəzəri hesablama yolu ilə «xxxx» LTD tərəfindən təqdim edilmiş 20.02.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «Chevrolet Trax» markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11436 manat müəyyən edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Trax” markalı, ** OH *** dövlət nömrə minik avtomaşın “Avtokasko”xxxx“xxxx” ASC-də 10.06.2019-cu il tarixdə 20.000 manat məbləğində sığortalanmış və bu barədə iddiaçıya AS-310/19 saylı sığorta şəhadətnaməsi verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan avtomaşın etibarnamə əsasında, yəni qanuni əsaslarla X6 tərəfindən idarə olunarkən 14.02.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomaşına maddi ziyan dəymişdir. İddiaçı hadisə baş verdikdən sonra sığorta ödənişin verilməsi ilə bağlı “xxxx” ASC-yə müraciət etsə də, sonuncu sığorta ödənişinin verilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, hadisə zamanı sözügedən avtomobili Hafiz Məmmədli yox, başqa şəxs idarə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının avtomaşını cavabdeh şirkət tərəfindən sığortalandığından və yol-nəqliyyat hadisəsi zamanı sığorta müqaviləsi qüvvədə olduğundan, iddiaçı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin ona verilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Eyni zamanda kollegiya hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtinada göstərilən dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəsdirlər. «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun: 1.1.10. sığorta müqaviləsi—sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma; 1.1.11. sığorta şəhadətnaməsi—sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd; 1.1.12-ci maddəsinə əsasən sığorta qaydaları—sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığortaxxxxqayda və şərtləri müəyyən edən sənəd; 1.1.19. sığorta hadisəsi—qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal; 1.1.20. sığorta tələbi—sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; 1.1.21. sığorta ödənişi—sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sığorta iki əsas sahədən: həyat və qeyrihəyat sığortası sahələrindən ibarətdir. Sığortaçılar bu sahələrdən biri və ya hər ikisi üzrə fəaliyyət göstərə bilərlər. Qeyri-həyat sığortası – sığorta hadisəsi baş verdiyi zaman sığortaçıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və əmlak mənafeləri ilə bağlı risklərin sığortasıdır. Həyat və qeyri-həyat sığortasının aparılma qaydası və şərtləri qanunvericiliyə uyğun olaraq sığortaçı və sığortalı arasında bağlanan müqaviləyə əsasən müəyyən olunur. Sığortanın növləri könüllü və icbari formada həyata keçirilir. Könüllü sığortasığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur. Könüllü sığortanın aparılması qaydası “Sığorta haqqında” Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunur. Sığortanın şərtləri sığorta bağlanan zaman müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasındha ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. Göründüyü kimi sığorta müqaviləsi sığortalı ilə sığortaçı arasında bağlanan ikitərəfli, müəyyən bir hadisənin baş verəcəyi halda gələcəkdə yaranacaq öhdəlik haqqında razılaşma olduğundan konsensual, sığortalının sığorta haqqı ödəməsi müqabilində sığorta ödənişi aldığından əvəzli müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər Göründüyü kimi, iddiaçının mülkiyyətində olan avtomaşın yol-nəqliyyat hadisəsi törətdikdən sonra dərhal hadisə barədə sığortaçıya və səlahiyyətli dövlət orqanı – X8 İdarəsinə məlumat verilmiş, səlahiyyətli orqan tərəfindən hadisə yerinə baxış keçirilmiş, müvafiq araşdırma nəticəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və hadisəni törətmiş şəxs X6 barəsində inzibati qərar qəbul edilmişdir. Həmçinin hadisə ilə bağlı inzibati xətanı törədən Hafiz Məmmədli Respublika Narkologi Mərkəzində müayinəsindən keçmiş və onun qanından sərxoşluq və hər hansı narkoloji dərmanlara aid preparatın olmaması müəyyən edilmişdir. İnzibati xətanı törədən şəxs sürücü Hafiz Məmmədlinin olması və sonuncu hadisə zamanı narkotik tərkibli maddənin təsiri altında olmaması tam təsdiq olunmuşdur. Həmçinin məhkəmə kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə video disk təqdim edilmiş və iş üzrə şəxsin tanınması üçün müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Ekspertizanın keçirilməsindən məhkəmə tərəfindən imtina edlmiş və bunun əsası kimi cavabdehin inzibati xəta haqqında protokolun mübahisələndirilməsinin bu iş üzrə əhəmiyyə daşımadığı və inzibati xəta haqqında protokolun mübahisələndirilməyərək qanuni qüvvəsini aldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1-ci maddəsində sığorta ödənişinin verilməsindən imtinanın əsasları göstərilmişdir və həmin əsaslar konkret xarakter daşıyır. Yəni sığorta ödənişinin verilməsindən imtina konkret və mötəbər faktlara söykənməli, sığortalının hərəkətləri AR Mülki Məcəllənin 935-ci maddəsində nəzərdə tutulmuş halların baş verməsi ilə nəticələnərsə, bu halda Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etməlidir. Cavabdeh tərəfindən sığorta ödənişinin verilməsindən imtina üçün hər hansı bir tutarlı əsaslar göstərilmədiyindən, həmçinin göstərilən əsaslar öz təsdiqini tapmadığından, cavabdehin sığorta ödənişinin verilməsindən imtina əsassız hesab edilməli və iddiaçının sığortalı kimi hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Cavabdeh şirkət tərəfindən iddiaçıya sığorta ödənişin verilməsindən imtina məktubundan göstərilən hallar müəyyən edilmədiyindən, həmin hallar sığorta ödənişin verilməsindən imtina üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyinə uyğun olaraq 11436.00 manat, sığorta ödənişinin verilməsinin gecikdirilməsinə görə cavabdehdən iddiaçının xeyrinə 114,36 manat (bir yüz on dörd manat, otuz altı qəpik) x 349 (gün) = 3991,16 (üç min doqquz yüz doxsan bir manat, on altı qəpik) manat məbləğdə dəbbə pulun “xxxx” ASC tərəfindən iddiaçıya ödənilməsini, bununla da iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiyaya apellyasiya şikayətinin əsassız, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə olan 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4863/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4863/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver