Məhkəmə qərarları › İş №2(103)-4864/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4864/2021

09.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4864/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-332/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.Axundov küçəsi, 40 saylı evin 25 nömrəli mənzilə dair cavabdeh ilə iddiaçı arasında bağlanmış 27 mart 2006-cı il tarixli İ-459 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış yüklülüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)-332/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xəstə olduğu üçün, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməməyi ilə bağlı məhkəməyə etdiyi müraciət məhkəmə tərəfindən nəzərə alınmadan prossesual hüquq normaları pozularaq işə baxılıb qətnamə qəbul edilmişdir. İşə baxan məhkəmə iddia ərizəsinin predimetini və əsaslarını düzgün araşdıra bilməmiş və nəticədə iddia ərizəsindən tam fərqli dəlillər əsasında işə baxaraq qətnamə qəbul etmişdir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı teleqramla müraciət edərək, səhhəti il bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bununla əlaqədar məhkəmə baxışının təxirə salınmasını xahiş etsə də, müraciətinə hər hansı bir sübut əlavə etməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndələrinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2010-cu il tarixli 2(001)- 181/2010 saylı qətnaməsi ilə X1 K3529 saylı kredit müqaviləsi üzrə 38.543 ABŞ dolları əsas borcun, 22.384 ABŞ dolları faiz borcunun, cəmi 60927 ABŞ dollarının, K3716 saylı kredit müqaviləsi üzrə 59.750 ABŞ dolları əsas borcun, 31.758 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 91508 ABŞ dolları borcunun və 20 manat dövlət rüsumunun X1 alınaraq Cavabdeh ASC-yə verilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 34 nömrəli mənzilin açıq hərracdan satılaraq satışdan əldə edilmiş pulun iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Cavabdeh 19 yanvar 2018ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqaviləsinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.Axundov küçəsi, 40 saylı evin 25 saylı mənzili 76500 manata almış və mənzil cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı, X3, X2 və X4 cavabdehlər “xxxx” MMC-yə, “xxxx” MMC-yə və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh ASC-yə qarşı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(005)- 1012/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(103)-11954/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 01.07.2019-cu il tarixli 2(005)-1012/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində qeyd olunanlar formal mülahiəzələrə əsaslanmaqla əsassız olduğundan rədd edilməlidir. Belə ki, mübahisə predimeti olan mənzil hərrac qaydasında alqı-satqı müqaviləsi əsasında cavabdehin mülkiyyətinə keçmişdir ki, həmin hərracın və alqı-satqı müqaviləsinin qanuniliyiməhkəmə akltları ilə müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılması üçün əsas ola bilməz. Əvvəla, tərəflər arasında bağlanmış ipoteka müqaviləsi və mübahisələndirilən mənzillə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları vardır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Çünki, mübahisələndirilən ipoteka müqaviləsinin qanuniliyi və mənzilin cavabdehin mülkiyyətinə qanuni əsaslarla keçməsi həmin məhkəmə aktları ilə təsdiq olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi(qərardadı) ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək apellyasiya instansiyası məhkəməsi hesab edir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni ipoteka müqaviləsinin etibarlı müqavilə olması, həmin ipoteka müqaviləsi üzrə tutmanın artıq ipoteka predmetinə yönəldiyi, mənzilin artıq cavabdehin mülkiyyətində olduğu, eləcə də mübahisələndirilən ipoteka predmeti ilə bağlı qiymətləndirmənin ləğvi, hərracın yekunlarının etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinin rədd edildiyi və s. hallar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsdiq edildiyindən sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Bu baxımdan ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka ilə yüklü edilməsinə dair qeydə alınmış yüklülüyün ləğv edilməsi tələbi də açıq-aşkar əsassız olduğundan şikayət təmin edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(006)- 332/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar