Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4866/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(005)-356/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz və qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh toy zamanı ona hədiyyə kimi verilmiş və toydan sonra övladına və ona qohumları tərəfindən hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarının və telefonların alınıb ona verilməsi, naturada verilməsi mümkün olmadıqda dəyərinin pulla ödənilməsi, yəni Cavabdeh 9920 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahdan 31.12.2017-ci il təvəllüdlü oğulları X6 anadan olmuşdur. Bir müddət yaxşı yaşamış, sonradan cavabdehin anasının ailəyə müdaxiləsi nəticəsində aralarında soyuqluq yaranmış, həyat yoldaşı onu saymamış, daima onu təhqir edərək şərəf və ləyaqətini alçaltmağa çalışmışdır. Nəticədə münasibətləri təmamilə korlanmışdır. Cavabdeh onu azyaşlı uşaqla ilə birlikdə evdən qovmuşdur. Evdən qovan zaman toy zamanı ona hədiyyə kimi verilmiş, eyni zamanda valideynləri tərəfindən iddiaçıya hədiyyə kimi verilmiş qızıl-zinət əşyalarını və telefonlarını ona verməmişdir. Həmin qızıl-zinət əşyaları və telefonlar aşağıdakılardan ibarətdir: 2 ədəd “Samsung Galaxy” S5 və j5 markalı mobil telefon, qiyməti- 680 manat və 400 manat, cəmi-1080 manat, flaş kart 1 ədəd, 32 gb. qiyməti-28 manat, 1 ədəd boyunbağı qızıl, qiyməti- 300 manat 1 ədəd klon qızıl qiyməti- 480 manat, 585 əyar Rusiya qızılı, (uşağa dayısı tərəfindən hədiyyə verilmiş), cəmi- 780 manat, Komlekt brilliant (sonsuzluq), 24 qr. İtalyan qızılı, üzük, sırğa, boyunbağı, bilərzik qiyməti- 4500 manat, qızıl bilərzik, 585 əyar, qiyməti-280 manat, qızıl bilərzik (xalası tərəfindən hədiyyə verilmiş) 6.60 qr, 585 əyar, qiyməti-480 manat,qızıl komplekt sırğa və üzük (nənəsi tərəfindən hədiyyə verilmiş), qiyməti- 280 manat, qızıl nişan üzüyü, 5 qr, 16 kiçik brilliant qaş, İtaliya qızılı, qiyməti-1050 manat, sırğa 1 ədəd, 9.26 qr. 585 əyar, (atası tərəfindən hədiyyə edilmiş), qiyməti-1442 manat, həmin qızıl-zinət əşyaları yuxarıda qeyd etdiyi kimi toy zamanı ona hədiyyə kimi verilmiş və qohumları tərəfindən övladına və ona hədiyyə kimi verilmiş, telefonlar isə hədiyyə kimi atası tərəfindən alınmışdır. Artıq nikahları Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Dəfələrlə müraciət edib qızıl-zinət əşyalarını istəsə də, cavabdeh onları verməkdən imtina etmişdir. Onu da qeyd edir ki, artıq cavabdehin evindən cehiz əşyalarını götürmüşdür. Hesab edir ki, yuxarıda adlarını çəkdiyi qızıl-zinət əşyaları və telefonları cavabdehdən alnıb ona verilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçına məxsus 2 ədəd “Samsung Galaxy” S5 və j5 markalı mobil telefon, flaş kart 1 ədəd, 32 gb. qiyməti-28 manat; 1 ədəd boyunbağı qızıl, qiyməti- 300 manat. 1 ədəd klon qızıl, qiyməti-480 manat, 585 əyar, Rusiya qızılı, (uşağa dayısı tərəfindən hədiyyə verilmiş), cəmi- 780 manat; komlekt brilliant (sonsuzluq), 24 qr. İtalyan qızılı, üzük, sırğa, boyunbağı, bilərzik, qiyməti- 2000 manat; qızıl bilərzik 585 əyar, qiyməti- 280 manat; qızıl bilərzik (xalası tərəfindən hədiyyə verilmiş) 6.60 qr, 585 əyar, qiyməti-480 manat; qızıl komplekt sırğa və üzük (nənəsi tərəfindən hədiyyə verilmiş), qiyməti- 280 manat; qızıl nişan üzüyü, 5 qr, 16 kiçik brilliant qaş, İtaliya qızılı, qiyməti-1050 manat; sırğa qızıl 1 ədəd. 9.26 qr. 585 əyar, (atası tərəfindən hədiyyə edilmiş), qiyməti-1442 manat qiymətində qızıl-zinət əşyaları, bu mümkün olmadıqda isə onların dəyəri alınıb İmaməliyeva (Aslanova) Sübhanə Sabir qızına verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və ona əlavədə qeyd olunmuşdur ki, məhkəmə tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Məhkəmədə iddiaçı tərəfindən dindirilən şahidlərin ifadələrində ziddiyyətlər vardır. Belə ki, şahidlərdən bibisi X16 İddiaçı ər evindən qovulduğunu, digər şahid X4 atasının evinə qonaq gəldiyinə dair ziddiyyətli fikirlər bildirmişlər. İddiaçı qızıl əşyalarını cavabdehlə nikahın ləğvinə dair məhkəmə mübahisəsi olduğu vaxtda hansı səbəbdən mübahisələndirməmiş və iddia etdiyi övladı X3 öz valideynləri tərəfindən alınmış hansısa qızıl əşyaları və digər əşyaların həqiqətən də olmasını təsdiqləyən sübutların olmamasını nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələri işin hallarına uyğun gəlmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X7 apellyasiya şikayəti və ona əlavəni müdafiə edərək, izahatında qeyd etdi ki, iddiaçının tələb etdiyi 2 ədəd "Samsung Galaxy" S5 və j5 markalı mobil telefonlar, flaş kart 1 ədəd, 32 gb, 1 ədəd boyunbağı qızıl, 1 ədəd klon qızıl Rusiya qızılı, (uşağa dayısı tərəfindən hədiyyə verilmiş), komlekt brilliant (sonsuzluq), 24 qr. İtalyan qızılı, üzük, sırğa, boyunbağı, bilərzik, qızıl bilərzik (xalası tərəfindən hədiyyə verilmiş), qızıl komplekt sırğa və üzük (nənəsi tərəfindən hədiyyə verilmiş), sırğa 1 ədəd olmayıb. Cavabdeh həmin əşyaları xatırlamır. Qızıl-zinət əşyalarından qızıl bilərzik, 585 əyar, qızıl nişan üzüyü, kiçik brilliant qaş olan qızıllar olub. Həmin qızılın da qaşı sirkon olub. İddiaçı özü də indi məhkəmədə yazılı ərizə verməklə qeyd edir ki, 2019-cu ildə qızılları özü çantasına yığıb, nənəsinin yanına gedib. Birinci instansiya məhkəməsində isə qeyd edir ki, cavabdeh onu evdən qovub, qızıllar cavabdehdə qalıb. Qızıllar cavabdehdə necə qala bilərdi. İddiaçı sübut etməlidir ki, qızıllar cavabdehdə qalıb. Xahiş etdi ki, iddia əsassız olduğundan, qətnamə ləğv edilsin, iddia rədd olunsun. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında qeyd etdi ki, onun evdən getməsi iddia ərizəsində göstərildiyi kimi olmamışdır. 2018-ci ildə həyat yoldaşı və qaynanası ona demişlər ki, nənəsi xəstədir, uşaqla gedib ona baş çəksin, 10 gündən sonra qayıdar. O, axşam öz əşyalarını yığarkən qaynanası nişan üzüyünü göstərməsini xahiş etmişdir. O, nişan üzüyünü göstərmiş, qızıllarını çantasına qoyub, ağzını bağlamışdır. Səhər tezdən bibisi ilə birlikdə rayona getmişdir. O, evdən çıxanda qızıllara baxmamışdır. Rayonda evdə hamı yatanda, nənəsi ona qızılları yaxşı yerə qoymağını demişdir. Babası bütün qızılları götürdüyünü soruşmuş, o, bütün qızılları götürdüyünü bildirimşdir. Lakin, çantasını açıb, qızıllara baxanda qızılların olmadığını, yalnız sırğa, üçük və qaynanasının hədiyyəsinin olduğunu görmüşdür. O, qaynanasına zəng etmiş, qaynanası qızılları oğlunun borca görə götürdüyünü demişdir. Onun atası tərəfindən alınmış telefonları qaytarılmamışdır. Telefonlarla bağlı mötəbər sübutları təqdim edə bilmir. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 10 may 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 31 dekabr 2017-ci ildə Rəsul adlı oğlanları dünyaya gəlmişdir. Tərəflər arasında nikah Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.06.2019cu il tarixli qətnaməsi ilə pozulmuş, uşaq iddiaçıda qalmaqla, cavabdehdən aliment tutulmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hər iki tərəfi tanıyır. Bildiyi qədərilə Sübhanə atasıgilə qonaq gəlmişdi, lakin sonradan Tural onun dalınca gəlməmişdir. Atasıgilə qonaq gələndə qızıllar üzərində olurdu, sonuncu gəlişində isə qızıllar üzərində olmamışdır. Qızılların harda olduğunu soruşduqda cavabdehin ondan qızılların aldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 şahid qismində dindirilərək, ifadəsində bildirmişdir ki, iddiaçının bibisidir. Təsdiq etdi ki, qızıllar və telefon Sübhanədən alınmış və qaytarılmamışdır. Kollegiya qeyd edir ki, iddiaçının tələb etdiyi tetefonlarla bağlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, hazırkı işdə də həmin şərtlər mövcud deyildir. Belə ki, iddiaçı cavabdehə qarşı telefonlarla bağlı tələb irəli sürsə də, həmin əşyaların mövcudluğu, əşyaların onun mülkiyyətində olması, əşyaların cavabdehin qanunsuz sahibliyində olması ilə bağlı sübutlar təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş telefonla bağlı şəkil istənilən telefon mağazasında çəkilmiş yeni telefona aid şəkil olmaqla, iddiaçının tələb etdiyi telefonun sübutu kimi qəbul oluna bilməz. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Belə olan halda, kollegiya hesab edir ki, iddia tələbi telefonlarla bağlı hissədə əsassız olduğundan təmin edilməməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində dindirilən şahidlərin ifadələri ziddiyyətlidir. Belə ki, şahidlər ifadələrində qızılların iddiaçıdan alındığını qeyd etmişlər. Onların bu ifadəsi iddia tələbində qeyd olunan işin hallarına, yəni onun evdən qovulması halına uyğun verilmişdir. Lakin hazırki halda, iddiaçı özü izahatında və yazılı ərizəsində də, qeyd edir ki, o, evdən çıxarkən qızılları çatnasına yığmış, bibisi ilə nənəsinin evinə getmiş, yalnız gecə qızılları yoxlayanda, yerində olmadığını görmüşdür. Məhkəmə kollegiyası şahid ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, həmin ifadələr ziddiyyətli olmaqla, işin halları ilə uyğunluq təşkil etmədiyindən, mötəbər sübutu kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası tərəfindən qızıl-zinət əşyalarının mövcudluğunun müəyyən edilməsi üçün “Əmlak Ekspert” Mərkəzindən mütəxəsis dəvət olunmuşdur. Mütəxəsis təqdim olunmuş fotoşəkillər əsasında 1 ədəd boyunbağı qızıl, 1 ədəd qızıl klon, komlekt brilliant (sonsuzluq), qızıl bilərzik, qızıl nişan üzüyü müəyyən etmiş, digər qızılları müəyyən etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, qızıl-zinət əşyaları ilə bağlı hissədə sübutetmə vəzifəsinin bölüşdürülməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də, hazırki halda qızıl-zinət əşyaları ilə bağlı hissədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı isə öz sahibliyində olan və özü ilə apardığı qızılların sonradan yerində olmaması və cavabdeh tərəfindən götürülməsini sübut etməlidir. Qeyd olunan hissədə isə iddiaçı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin tələbinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 225.2-ci maddəsində təsbit edilmişdir ki, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli, 2(005)-356/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4866/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4866/2020
14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver