Məhkəmə qərarları › İş №2(103)-4866/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4866/2021

26.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4866/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Borclu iştirakı ilə, Kreditor “X3 Azərbaycan” QSC-nin Borclu qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli əmrinə əsasən, Borclu 2558,04 manat borc və 20 manat dövlət rüsumu tutularaq kreditor “X3 Azərbaycan” QSC-yə ödənilməlidir. Borclu, 02.02.2021-ci il traixdə həmin əmrə qarşı yazılı etirazla müraciət edərək, əmrin ləğv edilməsi və iddia icraatına keçilməsini xahiş etmiş və bildirmişdir ki, Sabunçu rayonu ərazisində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Ona görə də, məhkəmə iclasları barədə məlumatı olmamış, məhkəmə əmrindən isə iş yerinə rəsmi məktub gəldikdən sonra xəbərdar olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ilə etiraz geri qaytarılmış və qərardad əmrə qarşı etirazın verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddətin ötürülməsi ilə əsaslandırılmışdır. Borclu, şikayət verərək, qərardadın ləğv, etirazın təmin olunmasını, əks təqdirdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət, etirazla eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, 31 mart 2021-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən borclu, şikayəti müdafiə edərək, yəmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, kreditor məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, borclunu dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 281.3-cü maddəsinə əsasən, məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. Həmin Məcəllənin 282-ci və 283-cü maddələrinə əsasən, borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Göründüyü kimi, borclunun məhkəmə əmrinə qarşı etiraz etməsi üçün müəyyən edilmiş 10 günlük prosessual müddətin axımı borclunun həmin əmri aldığı gündən hesablanır. Başqa sözlə, məhkəmə tərəfindən bu prosessual hərəkətin edilməsinin müddətə tabe tutulması üçün iş materiallarında borclunun əmri alması barədə təsdiqedici sənədin olması əsas şərtdir. Baxılan işdə Sabunçu Rayon Məhkəməsinin 25.07.2018-ci il tarixli əmri 07.12.2018ci il tarixdə icraya yönəldilsə də, iş materiallarında sözügedən əmrin borcluya göndərilməsini və təqdim olunmasını təsdiq edən hər hansı sənəd yoxdur. Bu isə o deməkdir ki, məhkəmə əmri borcluya rəsmi qaydada təqdim olunmamışdır. Ona görə də, borclu tərəfindən məhkəmə əmrinə qarşı etiraz qanunla müəyyən edilmiş prosessual müddət ötürülmədən vaxtında verilmiş hesab edilir. Odur ki, Sabunçu Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərardadı ləğv olunaraq, etiraz vaxtında verilmiş hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6082/2018 saylı, 05 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin, Borclu tərəfindən 25 iyul 2018-ci il tarixli məhkəmə əmrinə qarşı etiraz vaxtında verilmiş hesab olunsun və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar