Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4869/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)-1963/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı təmin etmə tədbiri barədə ərizə verərək, tərəflərin birgə nikahından olan 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014cü il təvəllüdlü X1 anası İddiaçı ilə uşaqların məhkəmə mübahisəsi başa çatanadək həftədə 3 (üç) dəfə iddiaçı ilə ünsiyyətin təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)-1963/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək 18.05.2012-ci il təvəllüdlü X2 və 06.02.2014-cü il təvəllüdlü X4 ilə anası İddiaçı hər həftənin bazar günü saat 11-00-dan saat 18-00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)- 1963/2021 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 02 mart 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə birgə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, İddiaçı məqsədi cavabdehi iki azyaşlı övladından ayırmaqdır. Belə ki, iddiaçı uşaqlarla görüşdükdən sonra uşaqları cavabdehə qaytarmayacaqdır. Bu səbəbdən iddiaçının bazar günü saat 11-00-dan 18-00-a qədər cavabdehin iştirakı olmadan uşaqlarla ünsiyyətdə olması yolverilməzdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)- 1963/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra-MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (maddə 157). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan edilə bilər (maddə 158.1.2). İddianı təmin etmək üçün mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər (madd 158.1.3). İddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarı ilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyrimümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Ona görə də, pozulmuş hüquqların real bərpasına, başqa sözlə iddianı təmin etmiş qətnamənin icrasına nail olmaq baxımından iddianı təmin tədbirləri mühüm prosessual vasitələr kimi çıxış edirlər. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr, 6/2011 nömrəli qərarına aşağıdakı dəyişiklik edilmişdir: -“Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir”. Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(001)- 1963/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4869/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4869/2021
05.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver