Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4883/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X22 qızının katibliyi, Cavabdeh Astara Rayon X12 Hüquqi Şəxsinin nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Astara Rayon X12 Hüquqi Şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1488/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh Astara Rayon X12 Hüquqi Şəxsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, həyat yoldaşı X19 Rayon Mərkəzi Xəstəxanasında düzgün dioqnoz qoyularaq müalicə edilməmiş və nəticədə ölmüşdür. Məhkəmənin hökmü ilə həkimlər təqsirli bilinirək cəzalandırılmışdır. Həyat yoldaşının ölümündən sonra o və iki uşağı dərin pxisi sarsıntı keçirmiş və nəticədə ona mənəvi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Astara Rayon X12 Hüquqi Şəxsinə və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən və Astara Rayon Mərkəzi X1 xeyrinə 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 240 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum olunan Astara Rayon X12 Hüquqi Şəxsinin nəzdində olan Ailə Sağlamlıq Mərkəzinin həkim-pediatrı vəzifələrində işləyən 23 mart 1983-cü ildə Astara şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətandaşı X17 və 17 oktyabr 1969-cu ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan respublikasının vətandaşı, Astara rayonun X12 Hüquqi Şəxsinin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin və Astara rayon mərkəzi xəstəsanası PHŞ-nin Təxirəsalınmaz və X29 həkim-anestezioloq reanimatoloqu vəzifəsində işləyən X7, vəzifə öhdəliklərində səhlənkarlıq edərək, həyat yoldaşının ölümünə səbəb olmuşdur. Belə ki, məhkum olunmuş şəxslərin əsl vəzifələri insan həyatının sağlamlığını qorumaq olduğu halda, etdikləri səhlənkarlıq, vəzifələrinə etinasız yanaşmaqları, insan həyatına qarşı hörmətsizliklərinin nəticəsində, o, 19 illik həyat yoldaşını itirməsinə, iki az yaşlı övladının anasız qalması ilə nəticələnmişdir. Bu hadisə həm onda həm də övladlarında ciddi mənəvi sarsıntı yaratmışdır. Belə ki, həyat yoldaşının heç vaxt ciddi xəstəliyi olmamış yalnız 2021-ci ilin fevral ayında ginekoloji xəstəliklə əlaqədar o, Lənkaran Rayon Mualicə Diaqnostika Mərkəzində əməliyyat olunmuşdur. Bundan başqa həyat yoldaşının səhhətində başqa problem olmamış, yalnız bəzən baş ağrıları olmuşdur. 10 oktyabr 2021-ci il tarixdə oğlu onu çağırmışdrı ki, anasının (Elnarə Əliyeva) vəziyyəti yaxşı deyil. O, evə çıxdığında yoldaşı Elnarə Əliyevanın qusduğunu görmüş dərhal kənddə yaşayan keçmiş həkim İsa Məstiyevin evinə gedib onu həyat yoldaşı Elnarə Əliyevanı müalicə etməsi üçün evə gətirmişdir. İsa Məstiyev həyat yoldaşının qan təzyiqini ölçüb normal olduğunu bildirərək iki dərman və üç sistem məsləhət görməklə resept yazmışdır. O, reseptdə yazılan dərmanları Ərçivan qəsəbəsində yerləşən aptekdən almışdır. Dərmanlardan biri “Rizoptan” adlı dərman preparatı olmuşdur. Həyat yoldaşı Elnarə Əliyevanın ağrıları keçmədiyinə görə “Rizoptan” dərmanından bir ədəd həb vermişdir. Elnarə həbi qəbul etdikdən təxminən 2 saat sonra huşunu itirmişdir. Buna görə də dərhal tibbi yardıma zəng edib həkim çağırmışdır. X29 gələn kimi təzyiqini ölçərək normal olduğunu, ancaq qəbul etdiyi dərmandan zəhərləndiyini bildirərək X29 maşını ilə Astara rayon mərkəzi xəstəxanasına aparmışlar. Astara rayon mərkəzi xəstəxanasının təxirəsalınmaz və X29 şöbəsinə yerləşdirilmiş və sistem qoşulmuş və həkim-pediatr Aytən Şiriyeva mualicə etmişdir. Yoldaşının vəziyyətindən narahat olduğu üçün Aytən Şiriyevaya təklif etmişdir ki, Elnarəni Lənkaran rayon mərkəzi xəstəxanasına aparsın, lakin Aytən Şiriyeva yoldaşı Elnarə Əliyevanın səhhətində ciddi problem olmadığını və sağalacağını bildirmişdir. Elnarənin xəstəxanaya yerləşdirilməsindən 10 saat vaxt keçsə də səhhətində heç bir düzəliş olmamışdır. Həmin vaxt xəstəxanada olan X29 sürücülərindən biri ona həkim-reanimatoloq Mənsur Cəfərovu gətirməyi məsləhət görmüşdür. O, da qaynı Zaur Rzazadəyə zəng edərək, Mənsur Cəfərovu maşınla xəstəxanaya gətirməsini xahiş etmişdir. Bundan 15-20 dəqiqə sonra qaynı Zaur Rzazadə həkim Mənsur Cəfərovu xəstəxanaya gətirmişdir. Mənsur Cəfərov xəstəxanaya gəldikdən sonra həkimlər yoldaşı Elnarə Əliyevanın mədəsini yumuşlar. Bundan sonra həkimlər səhərə yaxın saat təxminən altının yarısı yoldaşı Elnarə Əliyevanın vəfat etdiyini xəbər vermişlər. Astara Rayon Məhkəməsinin çıxardığı 19 may 2022-ci il 1(018)-50/2022 nömrəli hökmündə olan məhkəmə araşdırmasında da aydın görsənir ki, Astara rayon mərkəzi xəstəxanasınn Anestezologiya-reanimasiya və intensiv terapiya şöbəsinin xüsusi əhəmiyyətinə baxmayaraq, həmin adı çəkilən şöbədə yetəri sayda həkimin olmaması, xəstəxana idarəetmə sisteminin düzgün qurulmaması nəticəsində axşam saatlarında həkimlərin işdən çıxaraq evə getmələri, yalnız xəstəxanaya xəstə daxil olduqdan sonra, onun vəziyyətinə görə həkimlərin xəstəxanaya gəlməsi oradakı vəziyyəti aydın göz önünə sərir. Məhkəmə araşdırmalarında da göründüyü kimi həmin gecə yəni 10 oktyabr 2021-ci il tarxinidə 09:00-a qədər xəstəxananın TTTY şöbəsində növbətçi həkim-pediatr Aytən Şiriyeva, anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi üzrə növbətçi həkim Mənsur Cəfərov olmuşdur. Aytən Şiriyeva 10 oktaybr 2021-ci il tarixində saat 17 radələrində ona zəng edərək, yoldaşı Elnarə Əliyevanın dərman zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirildiyini demiş və xəstənin bir ədəd dərman içib qusduğunu, xəstənin dinamik göstəricilərinin normal olduğunu bildirmişdir. Mənsur Cəfərov, Aytən Şiriyevaya müalicə ilə əlaqədar göstərişlər vermiş və ehtiyac yaranarsa onu dəvət etməsini bildirmişdir. Növbəti dəfə Aytən Şiriyeva saat 1-2 radələrində yenidən Mənsur Cəfərova zəng etmiş, verdiyi müalicə göstərişlərini yerinə yetirməsinə baxmayaraq xəstənin ayılmadığını və onu xəstəxanaya dəvət etmişdir. Mənsur Cəfərov yalnız səhər iş saatında işə gəlmiş və Elnarə Əliyevanın vəfat etdiyi xəbərini eşitmişdir. Məhkəmə araşdırmalarında, məhkəmə tibbi-ekspertizasının 01 noyabr 2021-ci il tarixli, 17 saylı rəyində və məhkəmə fiziki-kimyəvi ekspertizasının 17 noyabr 2021-ci tarixli 6/4980 saylı rəyindən görünür ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zərərli maddələrin siyahısına daxil olmayan”, yararlılıq müddəti keçməyən “Rizoptan” dərman preparatından zəhərlənmə yoldaşı Elnarə Əliyevanın ölümünə səbəb olmuşdur. Dərman vasitəsinin təsir gücünün az olması onu göstərir ki, Astara rayon mərkəzi xəstəxanasında insan sağlamlığına yanaşma, vəzifə öhdəlikləri yerinə yetirməmə, həkimlərin səhlənkarlıqları, daxil olan xəstəyə vaxtında lazımi köməyi göstərməmənin nəticəsində bu cinayət hadisəsi baş vermişdir. Astara Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmünə əsasən X17 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 müddətdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Həmçinin məhkum olunan digər şəxs X7 da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona və ailəsinə maddi və mənəvi ziyan dəymişdir. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan 19 ilik həyat yoldaşının faciəvi ölümü, onun əziyyət çəkməsi gözünün önündən getməməsi, ata olaraq iki uşağına təkbaşına baxması, hələ də ailə həyatı qurmadığını, keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, mənəvi iztirab və s. kimi halları nəzərə alaraq ona, dəymiş 50.000 manat məbləğində mənəvi zərər cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməlidir. Cavabdeh Astara Rayon X12 Hüquqi Şəxs iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 1(018)-50/2022 saylı hökmü ilə X17 və X7 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. X17 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Hökmdən göründüyü kimi X17 və X3 Azərbaycan Respublikası CM-nin 314.1.-ci maddəsi ilə təqsirləri tam sübuta yetirilmişdir. Belə olan halda iddia bilavasitə həmin şəxslərə qarşı qaldırılmalıdır və həmin şəxslədən mənəvi zərərə görə kompensasiya tələb edilməlidir. İddiaçı iddia ərizəsində “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i cavabdeh kimi cəlb etməsini əsaslandırmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir. Qərar 2020-ci ilin yanvarın 1dən qüvvədədir. Hər iki həkim “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən işə qəbul edilməmişdir. X17 xx.xx.2008-ci il tarixində, X7 xx.xx.1998-ci il tarixində xəstəxana Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan vaxtdan işə qəbul edilmişdir. Bundan əlavə hər iki həkimin praktk tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikatlaşdırılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmşdir. İddiaçı öz iddia ərizəsində və Astara Rayon Məhkəməsinin icraatında olmuş 1(018)-50/2022 saylı cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixində məhrum həyat yoldaşının vəziyyətinin pislədiyi zamanı həmin dövrdə tibbi fəaliyyətlə məşğul olmayan bir şəxsi evinə gətirərək, ona qanunsuz olaraq həyat yoldaşının müayinəsini aparmağı və müayinə nəticəsində həyat yoldaşına dərman yazdırmış və aptekdən həmin dərmanı alıb gətirərək həyat yoldaşına vermişdir. Cinayət işinin materiallarından da göründüyü kimi məhrum Elnarə Əliyevanın ölümünə səbəb “Rizoptan” dərman preparatından zəhərlənmə olmuşdur. İddiaçı özü həyat yoldaşının vəziyyəti ilk dəfə pisləşəndə həmin vaxt tibb fəaliyyəti ilə məşğul olmayan şəxsə onu müayinə etdirməsini, həmin şəxsin qanunsuz yazdığı reseptdəki dərmanı alıb ona verməsini, nəticədə zəhərlənməsindən əvvəl ixtisaslaşdırılmış tibb müəssisəsinə gətirsə idi, məhrum Elnarə Əliyeva xəstəxanada dərman zəhərlənməsindən deyil, ilk vəziyyətinin nədən pisləşməsinə səbəb olan halı aşkar edilərək müalicə olunacağını bildirmişdir. Çox təəssüf ki, cinayət işinin materallarında qanunsuz tibb fəaliyyəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb olunmamış, şahid kimi cəlb edilmişdir. Bundan əlavə iddiaçı öz ərizəsində Mülki Məcəllənin 1096, 1097.1-ci, 1099.1-ci, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Göründüyü kimi, qeyd edilən maddədə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsindən bəhs edilir. İddiaçıya cavabdeh tərəfindən nə şəxsiyyətinə, nədəki əmlakına zərər vurulmamışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1488/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Astara Rayon X12 Hüquqi Şəxsindən mənəvi zərərin əvəzi olaraq 30 000 manat və ödənilmiş dövlət rüsumu olaraq 240 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23 1096.1, 1096.2, 1099.1, 1112 və 1115-ci maddələri, MPM-nin 82.4-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarları ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddiaçı tərəfin izahatına və işdə olan sübutlara əsasən hesab etmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində arvadının ölümü ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Belə ki, iddiaçının arvadının ölümü Astara Rayon X12 Hüquqi Şəxsində çalışan həkimlər X17 və X3 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmələri ilə əlaqədar olması qanuni qüvvəyə minmiş Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)-50/2022 saylı hökmü ilə müəyyən olunduğundan onların təqsirli hərəkətləri nəticəsində iddiaçıya dəymiş mənəvi zərər ödənilməlidir. Məhkəmə mənəvi zərərin tutulacağı subyektə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, X17 və X7 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişlər. Bu zaman tibb müəssisəsi - Astara Rayon X12 Hüquqi Şəxsi tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, mənəvi ziyan ondan tutulmalıdır. Qətnamədən narazı qalan cavabdeh Astara Rayon X12 Hüquqi Şəxsi apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 1(018)-50/2022 saylı hökümü ilə X17 və X7 AR CM-nin 314.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. X17 və X7 barəsində AR CM-nin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Hökümdən göründüyü kimi X17 və X3 AR-nın CM-nin 314.1–cü maddəsi ilə təqsirləri tam sübuta yetirilmişdir. Belə olan halda iddia bilavasitə həmin şəxslərə qarşı qaldırılmalıdır və həmin şəxslədən mənəvi zərərə görə kompensasiya tələb edilməlidir. İddiaçı iddia ərizəsində “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i cavabdeh kimi cəlb etməsini əsaslandırmamışdır. Məhkəmə gedişatında tərəflərindən vəsatət verilərək “Astara Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i hazırkı iş üzrə əsl olmayan tərəf hesab edilməsi və əsl cavabdeh olan X17, X7 ilə əvəz edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən vəsatətlərinin rədd edilməsinə dair qərardad qəbul edilmişdir. Daha sonra tərəflərindən şifahi qaydada vəsatət verilərək X9, X3 hazırki iş üzrə 3-cü şəxs kimi cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Bu vəsatətləri də təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 aprel 2019-cu il tarixli qərarı ilə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir. Qərar 2020-ci ilin yanvarın 1-dən qüvvədədir. Hər iki həkim “Astara Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən işə qəbul edilməmişdir. X17 xx.xx.2008-ci il tarixində, X7 xx.xx.1998-ci il tarixində xəstəxana AR Səhiyyə Nazirliyinin tabeliyində olan vaxtdan işə qəbul edilmişdir. Bundan əlavə hər iki həkimin praktk tibb fəaliyyəti ilə məşğul olması üçün sertifikatlaşdırılması AR Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilmşdir. İddiaçı öz iddia ərizəsində və Astara rayon Məhkəməsinin icraatında olmuş 1(018)-50/2022 saylı cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində bildiririk ki, xx.xx.2021-ci il tarixində məhrum həyat yoldaşının vəziyyətinin pislədiyi zamanı həmin dövrdə tibbi fəaliyyətlə məşğul olmayan bir şəxsi evinə gətirərək, ona qanunsuz olaraq həyat yoldaşının müayinəsini aparmağı və müayinə nəticəsində həyat yoldaşına dərman yazdırmış və aptekdən həmin dərmanı alıb gətirərək həyat yoldaşına vermişdir. Cinayət işinin materiallarından da göründüyü kimi məhrum Elnarə Əliyevanın ölümünə səbəb “Rizoptan” dərman preparatından zəhərlənmə olmuşdur. İddiaçı özü həyat yoldaşının vəziyyəti ilk dəfə pisləşəndə həmin vaxt tibb fəaliyyətiti ilə məşğul olmayan şəxsə onu müayinə etdirməyin, həmin şəxsin qanunsuz yazdığı resepdəki dərmanı alıb ona verməyin nəticədə zəhərlənməsindən əvvəl ixtisaslaşdırılmış tibb müəssisəsinə gətrisə idi, məhrum Elnarə Əliyeva xəstəxanada dərman zərərlənməsindən deyil ilk vəziyyətinin nədən pisləşməsinə səbəb olan halı aşkar edilərək müalicə olunardı. Çox təssüf ki, cinayət işinin materallarında qanunsuz tibb fəaliyyəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb olunmamış, şahid kimi cəlb edilmişdir. Bundan əlavə iddiaçı öz ərizəsində Mülki Məcəllənin 1096, 1097.1.-ci, 1099.1.-ci, 21.1.-ci, maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair AR-sı Konstitutsiya Məhkəməsinin qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi qeyd edilən maddədə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsindən bəhs edilir. İddiaçının cavabdeh PHŞ tərəfindən nə şəxsiyyətinə, nədəki əmlakına zərər vurulmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1.-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normanın tələblərindən də göründüyü kimi bu maddənin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmamlıdır: əməl (hərəkət və hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərinin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən birinin olmadığı halda delikt öhdəliyinin yaranmasını istisna edir. Bu halda cavabdeh PHŞ-in iddiaçıya qarşı heç bir hüquqazidd əməli olmamışdır, iddiaçının şəxsiyyətinə və ya əmlakına heç bir zərər vurmamışdır. Beləliklə əməl və zərər arasında uyğun səbəbli əlaqə yoxdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Astara Rayon X12 Hüquqi Şəxsinin nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməklə, qətnamənin təmin olunmuş hissəsində yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. . Belə ki, iş materiallarında olan X17 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələri, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 01 müddətinə azadlıqdan məhrumetmə cəzası 01 il sınaq müddəti verilməklə şərti hesab edilmələri və Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(018)-50/2022 saylı hökmünün surətindən görünür ki, X17 10 oktyabr 2021-ci il tarixdə, saat 17:00-da Astara rayon mərkəzi xəstəxanası PHŞ-nin TTTY şöbəsinin çağırış bölməsinin işçiləri tərəfindən xəstəxanaya gətirilən Astara rayon Ərçivan qəsəbə sakini X8 barəsində “dərman zəhərlənməsi Rizoptan 10 mg, tənəffüs çatışmazlığı, komatoz vəziyyət” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 7, nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Həkim-pediatrın nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, xəstənin vəziyyətini düzgün qiymətləndirmədən özünün ixtisaslı həkim olmamasına baxmayaraq həmin gün növbədə olan ixtisaslı həkim-anestezioloq reanimatoloq X5 vaxtında xəbər verməli olduğu halda bunları etmədən xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin müdiri X15 ilə əlaqə saxlayıb məsləhət aldıqdan sonra müalicə tədbirləri aparmaqla qüsurlu tibbi yardım göstərib, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib həmin gün yalnız saat 22:41-də növbədə olan ixtisaslı həkim-anestezioloq reanimatoloq X5 məlumat verib xəstəxanaya dəvət etməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan hərəkətlər etməklə 11 oktyabr 2021-ci il tarixdə saat 05:20-də Elnarə Əliyevanın “Rizoptan” dərman preparatı ilə kəskin zəhərlənmə baş beyin maddəsinin ödemi, qaraciyərdə piy distrofiyası, ağciyərdə tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqlarının yaranması ilə nəticələnən ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Hökmün surətindən həmçinin görünür ki, X7 10 oktyabr 2021-ci il tarixdə, saat 17:00da Astara rayon mərkəzi xəstəxanası PHŞ-nin TTTY şöbəsinin çağırış bölməsinin işçiləri tərəfindən xəstəxanaya gətirilən Astara rayon Ərçivan qəsəbə sakini X8 barəsində “dərman zəhərlənməsi Rizoptan 10 mg, tənəffüs çatışmazlığı, komatoz vəziyyət” diaqnozu müəyyənləşdirildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın “Həkim-anestezioloq reanimatoloqun nümunəvi vəzifə təlimatı”nın məsuliyyət əks etdirən İV bölməsinin 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməli olduğu halda, bunları etməyərək işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyərək, həmin gün saat 22:41-də Elnarə Əliyevanın ilkin müalicəsini həyata keçirən ixtisaslı olmayan növbətçi həkim-pediatr X17 tərəfindən xəstə barədə gec məlumat verilsə də, xəstəxanaya dəvət edilməsinə baxmayaraq növbədə olduğu və vaxtında gəlib Elnarə Əliyeva barəsində zəruri ixtisaslı tibbi yardım göstərməli olduğu halda bunları etmədən, yalnız 11 oktyabr 2021-ci il tarixdə saat 03:28-də Elnarə Əliyevanın vəziyyətinin daha da ağırlaşdığını görən sonuncunun qohumları tərəfindən yaşadığı evdən xəstəxanaya gətirildikdən sonra ağır vəziyyətdə olan Elnarə Əliyeva barəsində qüsurlu tibbi yardım göstərib, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımı diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyib xəstəxanaya vaxtında gəlməməklə əhəmiyyətli dərəcədə vaxt itkisinə və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olan hərəkətlər edib 11 oktyabr 2021-ci il tarixdə saat 05:20-də Elnarə Əliyevanın “Rizoptan” dərman preparatı ilə kəskin zəhərlənmə, baş beyin maddəsinin ödemi, qaraciyərdə piy distrofiyası, ağciyərdə tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqlarının yaranması ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. İşi materiallarında olan Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətlərindən görünür ki, X17 ilə Astara Rayon Mərkəzi Xəstəxanası arasında xx.xx.2008-ci il tarixdə həmin tarixdən sahə həkim pediatr vəzifəsində çalışmağa başlamış, X20 orlu isə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmaqla reanematoloq vəzifəsində çalışmağa başlamışdır. Hər iki müqavilələr qüvvədədir. İşin bu halı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumatı ilə təsdiq olunur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya və onun iki övladına mənəvi zərər dəymiş, arvadı həyatını itirmişdir. Arvadının ölümü ilə onun psixi durumu pisləşmişdir. Ona görə də hazırda 50000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Astara rayon İHB-nın Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, İddiaçı mərhum həyat yoldaşı X8 ilə xüsusi bağlılığı ilə səciyyələndirən səmimi münasibətləri və mənəvi yaxınlığı olmuş, onun həyatında mühüm yer tutmuşdur. Onlar arasında möhkəm şəfqət və mənəvi bağlılıq nümayiş olunmuşdur. X4 ölümü nəticəsində İddiaçı həyat şəraiti mənfi dərəcədə dəyişmişdir. Mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, özünə qapanmış, həyatda yaşamaq hissi azalmışdır. İddiaçı qəsəbədə hər zaman müsbət xarakterizə olunmuş, qəsəbənin ictimai həyatında fəal olmuşdur. Hazırda subaydır. Himayəsində xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X13 və xx.xx.1948ci il təvəllüdlü X11 vardır. Məhkəmə kollegiyası mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həyat yoldaşı olmadan ailəsinə təsəlli verməklə keçirdiyi çətinliyi, uşaqlarına həm ata, həm ana qayğısı çəkməkdə yaşadığı çətinliyi, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağılabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaitinin vurulmuş mənəvi ziyanın əvəzi kimi tutulması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, əvvəla Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən qanuni qüvvəsini almış hökm ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Həmçinin də, apellyasiya şikayətinin məzmunundan görünür ki, apelyator mənəvi zərərin əvəzinin tutulmamalı olmaması ilə bağlı konkret mövqeyini ortaya qoymamışdır. Onun şikayətinin əsas dəlili mənəvi zərərin əvəzinin tutulması üzrə cavabdehlik daşımaması, iddianın mülki hüquq pozuntusu törətmiş şəxslərə qarşı qaldırılmalı olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, X17 və X3 cavabdehin işçiləri olması işin mübahisəsiz halıdır və onların mərhuməyə tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərdikləri üçün bu zaman tibb müəssisəsi – Astara Rayon X12 Hüquqi Şəxsi tibbi yardım göstərən subyekt kimi çıxış etdiyi üçün birinci instansiya məhkəməsi tam haqlı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1112-ci maddəsinin və “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə əsasən bu nəticəyə gəlmişdir ki, mənəvi ziyan cavabdehdən tutulmalıdır. Başqa sözlə, cavabdehin işçilərinin təqsiri nəticəsində iddiaçının arvadının ölməsi səbəbindən iddiaçı iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası göstərilən nəticələrə gələrkən bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə və bununla bağlı iş materiallarında olan digər qanuni qüvvəsini almış məhkəmə aktların mövcudluğunu nəzərə alır (2(102)-3154/2022 və 2(102)-588/2022 saylı mülki işlər üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının qərarları) Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1488/2023 saylı, 05 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə