Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4887/2022 29.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-987/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı ilə "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidməti 3 nömrəli Bakı İşarəvermə və Rabitə Sahəsi arasında 16 iyul 2019-cu il tarixdə əmək müqaviləsi bağlanmış və o, həmin sahənin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsinə işə qəbul olunub. İş rejimi 5 günlük iş həftəsi, iş saatları 9:00-dan 18:00-dək,əmək haqqı isə 411 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16 iyul 2019cu il tarixdən 2020-ci ilin mart ayına qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin may ayının 05-nə qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışdığı müddətdə ödənilməli əmək haqqının, istifadə edilməyən əmək məzuniyyətinə görə ödənilməli əmək haqqının, istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edildiyi günlərin əmək haqqının, iş vaxtından artıq vaxt ərzində işə cəlb edildiyi müddət ərzində ödənilməli olan əmək haqqının, hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələbdə göstərir ki, o, 16 iyul 2019-cu il tarixdən hazırki vaxtadək "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışır. Əmək haqqı 411 manat təşkil edir. 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 05 may tarixədək həftənin ilk beş günü axşam saat 20:00-dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər "xxxx" QSC-nin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində çalışsa da, ona əmək haqqı verilməmişdir. Bu barədə X6 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmiş və araşdırma zamanı "xxxx" QSC-nin işarəvermə və rabitə xidmətinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək haqqının ödənilməsi ilə bağlı X6 tərəfindən "xxxx" QSC-yə müraciət olunsa da, hazırki vaxtadək əmək haqqı ödənilməmişdir. Həmçinin, 14 avqust 2020-ci il tarixdən 2021-ci ilin 05 may tarixədək işlədiyi müddətdə ona əmək məzuniyyəti verilməmiş, həmçinin istirahət, bayram və ümumxalq hüzn günlərində işə cəlb edilmişdir. Bundan başqa, iş vaxtından artıq vaxt ərzində işlədilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-987/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia tələbi təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək haqqının ödənilməməsi, iş vaxtından əlavə vaxtlarda əməyə cəlb edilməsi və s.) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
7. Əksinə, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənilmiş, iddiaçıya əmək məzuniyyəti verilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətində göstərir ki, iş materiallarına əlavə olunan sosial arayışdan görünür ki, onun iş vaxtı həftənin İ-V günləri saat 09:00-dan 18:00-a qədər müəyyən olunmuşdur. Lakin, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur departamentinin işarəvermə və rabitə xidməti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsinin 5 saylı işarəvermə və bloklama sexində elektromexanik vəzifəsində həftənin ilk beş günü axşam saat 20:00-dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər işə cəlb olunmuşdur. Bu barədə iş vaxtının uçot tabeli jurnalı da var idi. Həmin jurnalda onun iş vaxtından əlavə işə cəlb olunmağı barədə müvafiq qeyd və imzalar vardır.
10. Bundan əlavə, iş materialarında və üçüncü şəxsin izahatında onun əmək hüquqlarının pozulması nəticəsində AR ƏƏSMN X4 şikayət ərizəsi ilə müraciət edilməsi göstərilmişdir. Həmin şikayət ərizəsi ilə müraciət edərkən iş vaxtının uçot tabeli jurnalı da əlavə edilmişdir. Həmin jurnal məhkəmə icraatına üçüncü şəxs kimi cəlb olunan X6 tərəfindən məhkəməyə təqdim olunmalı idi. Lakin son iclas zamanı üçüncü şəxsin nümayəndəsi jurnalın idarədə olmadığını və yalnız elektron formada təqdim oluna biləcəyini bildirmişdir. Lakin məhkəmə ona təqdim edilməsi üçün vaxt vermədiyinə görə həmin jurnalı məhkəməyə təqdim edə bilməyib.
11. Birinci instansiya məhkəməsi rədd edilən hissədə iddiaçının tələbinin sübut olunmadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi işi düzgün araşdırmamışdır. Belə ki, iş materiallarında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AR İXM-nin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması barədə üçüncü şəxs tərəfindən ona təqdim olunan məktub vardır. Məhkəmə həmin məktub olmasına baxmayaraq, onun əmək hüquqlarının pozulmaması qənəatinə gəlmiş, əmək hüquqlarının ödənilməsi tələbini təmin etməmişdir. Belə ki, üçüncü şəxs tərəfindən ona təqdim olunan məktubda da ona əmək haqqının ödənilməməsi qeyd edilmişdir və buna görə də cavabdeh cərimə olunmuşdur.
12. Məhkəməyə sübutların təqdim edilməsi üçün əlavə vaxt verilməsi barədə xahiş etsə də, məhkəmə iclası təxirə salmamış və nəticədə iddia tələbi rədd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X3 ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
14. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 9 “d” bəndi. Əmək müqaviləsi üzrə işçinin qanunvericilikdə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 97. Saat 22-dən səhər saat 6-dək gecə vaxtı sayılır. Maddə 99.1. İş vaxtından artıq iş - işəgötürənin əmri(sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Maddə 107. Bu Məcəllənin 101-ci imaddəsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xitmət müəssisələri istisna olunmaqla, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzün günündə işçilərin işə cəlb olunması yolverilməzdir. Maddə 135.2 və 144.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Maddə 154.1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Maddə 195 “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
19. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar mübahisələndirilən hissədə Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinin, 83-cü maddəsinin 2-ci, 97-ci maddənin 1-ci, 99-cu maddəsinin 1-ci, 107-ci maddənin, 135-ci maddəsinin 2-ci, 144-cü maddəsinin 2-ci, 154-cü maddəsinin 1-ci, 165-ci maddəsinin, 166-cı maddəsinin, 172-ci maddəsinin 4-cü hissələrinin və 195-ci maddəsinin “d” bəndinin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxır.
26. İddiaçı şikayətində elektromexanik vəzifəsində həftənin ilk beş günü axşam saat 20:00-dan səhər 08:00-a qədər, həftənin cümə günləri isə axşam 20:00-dan həftənin birinci günü saat 08:00-a qədər işə cəlb olunduğunu göstərsə də bu barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Düzdü, apellyasiya baxışı zamanı iddiaçı "xxxx" QSC-nin İnfrastruktur departamentinin Bakı İşarəvermə və rabitə sahəsinin V briqadasının “əməyin mühafizəsi üzrə təlimatların qeydiyyatı jurnalı”nı təqdim etmişdir. Həmin jurnalda onun iş vaxtından əlavə işə cəlb olunmağı barədə hansısa vəzifəli şəxsin qeydi və imzaları aşkar olunmadı. Jurnal xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək olan dövrü əhatə edir. Apellyasiya baxışında iddiaçı soyadının altında saat 20:00-dan 08:00-dək rəqəmlərini özü yazdığını etiraf etdi. Lakin digər işçilərdən fərqli olaraq jurnalın təlimatçının imzası qrafasında iddiaçının gecə vaxtı işləməsini təlimatçı yaxud hansısa vəzifəli şəxs təsdiq etməmişdir. 27.Apellyasiya baxaşında cavabdehin nümayəndəsi bir ildən artıq müddətdir ki, həmin rəsmi jurnalın naməlum şəraitdə oğurlandığını bildirdi. Deməli, iddiaçı qeyd olunan jurnalı qanunsuz yolla götürüb özündə saxlayıb, sonradan yaxud əvvəldən soyadının altında 20:00-dan 08:00-dək rəqəmlərini özü yazsa da bunun həqiqiliyini hər hansı bir vəzifəli şəxs təsdiq etməmişdir. Cavabdehin nümayəndəsi iddiaçının yaşayış sahəsi olmadığına görə gecə vaxtı iş yerində qalmasını istisna etmədi. Çox güman ki, cavabdeh qurumun vəzifəli şəxslərinin buna razılığı da olmuşdur. Lakin bu o demək deyil ki, iddiaçı gecə vaxtı işləmiş yaxud iş vaxtından artıq işlərə cəlb olunmuşdur. Belə ki, iddiaçının gecə vaxtı, iş vaxtından artıq işləməsi üçün işəgötürənin müvafiq əmri(sərəncamı) və onun razılığı olmalıdır. Ancaq nə işəgötürənin belə bir qərarı, nədəki iddiaçının buna razılığı olmuşdur. Əgər olsaydı iddiaçı yəqin ki, ən azından özünün razılığı barədə məhkəməyə hansısa sübut təqdim edərdi, ancaq etməmişdir.Cavabdeh tərəf isə ümumiyyətlə belə bir halı qəbul etmir.
28. İddiaçının X4 şikayəti əsasında həmin qurum tərəfindən "xxxx" QSC-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə Xidmətinin vəzifəli şəxsləri barəsində İXM-nin 192.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi şikayətin yaxud iddianın əsaslı olduğuna dəlalət etmir. Müfəttişliyin nümayəndəsinin izahatından və işdə olan sənədlərdən bəlli olur ki, cavabdeh qurum 8 % zərərlilik dərəcəsinə görə əlavə ödənişləri etmədiyinə görə inzibati qaydada tənbeh olunmuşdur. Ancaq sonradan işin zərərli olmasına görə iddiaçıya ödənilməli olan məbləğ tam ödənilmişdir(bax.i.v.27). Demək ki, cavabdeh qurumun bu əsasla inzibati tənbehə məruz qalmasının iddianın və şikayətin əsaslılığına heç bir müsbət təsiri olmayacaqdır.
29. Qeyd olunduğu kimi, iddiaçı əmək hüquqlarının pozulması ilə bağlı X6 Xidmətinə də müraciət edib və həmin Xidmətin Bakı şəhər idarəsi tərəfindən aparılan yoxlama nəticəsində cavabdeh tərəfindən yuxarıda qeyd olunandan başqa iddiaçının əmək hüquqlarının pozulması, o cümlədən dəqiqləşdirilmiş iddia tələbində göstərilənlər aşkar edilməmişdir. Bu faktın özü də iddianın və şikayətin əsassız olduğuna dəlalət edən haldır.
30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-987/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-987/2022 saylı, 05 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.