Məhkəmə qərarları › İş №2(103)-4887/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4887/2023

27.09.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4887/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsindən üçüncü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı MTK ilə Cavabdeh arasında 09 oktyabr 2019-cu il tarixdə ********* saylı Payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, mənzil 158, sahəsi 75.2 kv.m. olan, 2 otaqlı mənzil satılmışdır. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli təminatlı kredit müqaviləsinə əsasən Bank Cavabdeh 100000 manat məbləğində kredit vermişdir. Mübahisə predmeti olan həmin mənzilə kredit ayrılsa da cavabdehə satılan mənzil dövlət reyestrində qeydə alınmadığına görə həmin mənzilə dair onun adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməmiş və buna görə də mənzil ipoteka ilə yüklü edilməmişdir. Həmin kredit müqaviləsinin 7.3-cü bəndinə əssasən Cavabdeh aldığı kredit vəsaitini 240 ay ərzində bərabər hissələrlə kredit üzrə faizləri hər ayın 23-ü tarixindən gec olmayaraq ödəməli idi. Cavabdehin kredit müqaviləsinə əsasən tərtib edilmiş ödəniş cədvəli üzrə əsas və faiz borcu 7670 manat manat təşkil edir. Cavabdeh ilə X3 arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü İbrahim və xx.xx.2019-cu il təvəllüdlü Mikayıl adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(009)-1374/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil birgə nikah döevründə alınmış, həmi mənzilə görə 56653 manat ödəniş edilmişdir. Həmin qətnamə ilə Cavabdeh X2 xeyrinə mənzilə görə ödənilmiş 56653 manatın ½ hissəsini təşkil edən 28326 manatın tutulması qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 09 oktyabr 2019-cu il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, cavabdehin Binəqədi rayonu, S.S.Axundov küçəsi 42-də, bina 1, 158 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə şərtlərini kobud şəkildə pozaraq ödənişləri yerinə yetirməmişdir. İddiaçı MTK ilə "xxxx" ASC arasında X4 Saziş vardır və həmin öhdəliyə uyğun olaraq MTK-nın daşınmaz əmlakları və əmanəti girovdadır. Bundan başqa bankın cavabdehin aldığı mənzilə görə verdiyi kredit məbləği də həmin bankın depozit hesabında saxlanılmaqla girovdadır. "xxxx" ASC ilə İddiaçı MTK arasında bağlanmış müqaviləyə əsasən borcalan bank qarşısında öhdəliyini icra etmədiyinə görə qalıq borc məbləği MTK-nın "xxxx" ASC-də yerləşdirilmiş əmanətinə yönləndirilmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Nəbizadə, iş № 2(001)-2074/2023) iddia təmin edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 42, 1-ci bina, 2-ci blok, 11-ci mərtəbədə yerləşən 2 otaqlı 158 saylı mənzilin əldə edilməsi ilə bağlı tərəflərin birgə nikah dövründə olduqları zaman İddiaçı MTK Azadlıq 2 filialı ilə müqavilə bağlanmış, həmin mənzilin pay haqqı kimi ilkin olaraq 29.344 manat, sonradan isə hissə-hissə 27.309 manat olmaqla, cəmi 56.653 manat pul vəsaiti ödənilmişdir. Həmin daşınmaz əmlakın əldə edilməsinə görə ödənilmiş pul vəsaiti tərəflərin ümumi birgə mülkiyyəti hesab edildiyindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən daşınmaz əmlaka görə ödənilmiş 56.653 manatın ½ hissəsini təşkil edən 28.326 manatın cavabdehdən (*Cavabdeh) tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bununla da Günel Şükürovanın mübahisəli mənzilə münasibətdə hüquqları təmin edilmişdir. Həmin qətnamənin icrası hər hansı faktların baş verməsi ilə şərtləndirilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 , 152.5, 157.2, 421, 423.2, 567, 598, 646.2, 648.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Üçüncü şəxs X3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh neçə müddətdir ki, məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməyərək, onu və övladlarını pis vəziyyətə salmışdır. Hazırda da MTK ilə birlik olub MTK vasitəsilə mənzili boşaltdıraraq, satıb mənzildən əldə olunan puldan öz pulunu götürmək və ona həmin məbləğdən hər hansı hissə ödəməmək fikrindədir. Halbuki məhkəmə qətnaməsinə əsasən həmin evə görə ödənilmiş pulun tam yarısına onun haqqı çatır. Buna görə də hesab edir ki, Binəqədi Rayon Məhkəməsi mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini gözləməyərək, onun həmin mənzillə bağlı hüquqlarını nəzərə almamışdır. Həmin mənzildə Cavabdeh deyil, o və uşaqları yaşayır. Lakin məhkəmə qətnamənin nəticə hissəsində yalnız Cavabdeh çıxarılmasını və ümumi formada mənzilin boşaldılmasını göstərmişdir. Hesab edir ki, qüvvədə olan qətnamə ilə həmin mənzilə görə pulun yarısı ona verilməli olduğundan, Məhkəmə bu halı nəzərə alaraq, həmin pulun ona ödənilməsi ilə onun və uşaqlarının mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qətnamənin nəticə hissəsində göstərilməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apelyator məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

12. Cavabdehin nümayəndəsi də apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

16. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

17. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

18. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

19. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Maddə 598.2. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Maddə 598.4. Əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər.

23. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

24. Maddə 648.1. Daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə üçüncü şəxs X3 tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı üçüncü şəxs X2 apellyasiya şikayətinə münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. İşdən görünür ki, uşaqları ilə birlikdə mübahisəli mənzildə hal-hazırda yaşayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 mübahisəli mənzilə münasibətdə hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmiş, həmin qətnamənin icrası hər hansı faktların baş verməsi ilə şərtləndirilməmiş, məhkəmə qətnaməsi ilə Cavabdeh X2 xeyrinə 28.326 manat məbləğində pulun tutulması qət edilmişdir.

29. Belə olan halda mülkiyyətçinin hüquqlarının müdafiəsi təmin edilməli, mənzil boşaldılaraq iddiaçıya təhvil verilməilidir.

30. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin və üçüncü şəxsin mübahisəli mənzildə qalmağı, oradan çıxmamağı iddiaçının bir mülkiyyətçi kimi mənzilə dair hüquqlarını həyata keçirməsinə mane olur, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

31. Konstitusiyanın 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

35. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

36. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

37. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

38. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

q ə t e t d i:

Üçüncü şəxs X2 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar