Məhkəmə qərarları › İş №2(103)-4904/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4904/2023

27.07.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4904/2023 27.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3713/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla 2021-ci ilin İİİ və İV kvartallarında verilməmiş mükafatların təmin edilməsi, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək verilməmiş orta aylıq əmək haqqının təmin edilməsi və xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə vəzifə maaşının digər bölmə rəislərinin vəzifə maaşlarına bərabər hesablanmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 3713/2022 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə prosessual müddət ötürüldüyündən apellyasiya şikayəti geri qaytarılmışdır.

4. İddiaçı tərəf ərizə təqdim edərək prosessual müddətin bərpa olunmasını xahiş etmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpası barədə ərizə təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-1459/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş, apellyasiya şikayəti İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır.

7. İddiaçı yenidən xx.xx.2023-cü il tarixdə məhkəməyə «apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair» ərizə ilə müraciət edərək həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3713/2022 nömrəli qərardadı ilə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə təmin edilməyərək müddətin bərpasından imtina edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 3713/2022 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

9. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini, apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsini üzürlü sayaraq, bərpa edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ona xx.xx.2023-cü il tarixinədək rəsmi qaydada təqdim edilmədiyindən, bu barədə məlumatlı olmamışdır. O, həmin məhkəmə aktını rəsmi aldıqdan sonra müddəti ötürmədən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti vermişdir və bu elektron portaldakı qeydlərlə sübut olunur. Lakin, buna baxmayaraq, uzun müddət heç bir cavab olmadığından xx.xx.2023-cü il tarixində hakim A.Novruzovanın köməkçisi ilə telefon əlaqəsi yaratdıqda, ona bildirildi ki, apellyasiya şikayəti onlara daxil olmayıb və təkrar göndərməyimi tövsiyyə edildi. Apellyasiya şikayətinin xx.xx.2023-cü ildə göndərilmiş hesab olunması faktı elektron portaldakı qeydlərlə sübut olunur. Məcbur qaldığından xx.xx.2023-cü il tarixində apellyasiya şikayətini elektron portal vasitəsi ilə təkrarən göndərmişdir. Məhkəmə müddətin buraxılmasının əsl səbəbini nəinki tam və hərtərəfli araşdırmamış, əksinə düzgün göstərməmiş, habelə müddətin bərpası məhkəmənin vəzifəsi deyil, hüququ olduğunu göstərməklə əsassız, qanunsuz və ədalətsiz qərardad çıxarmışdır.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3713/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-3713/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. İş materiallarından aydın olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı iddiaçının elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, daha sonra həmin qərardad xx.xx.2023-cü il tarixində qəbzə imza edilməklə təqdim edilmiş, lakin yenidən tərtib olunmuş apellyasiya şikayəti məhkəməyə xx.xx.2023cü il tarixində, yəni 2 aydan çox müddət keçdikdən sonra daxil olmuşdur.

17. İiddiaçı xx.xx.2023-cü ildə apellyasiya şikayətini məhkəməyə göndərməsi faktının elektron portaldakı qeydlərlə sübut olunduğunu bildirsə də, buna dair sübutları məhkəməyə təqdim etməmiş, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində iddiaçı tərəfindən xx.xx.2023-cü ildə apellyasiya şikayəti verilməsi müəyyən edilməmişdir. Odur ki, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız sayır.

18. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

19. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər prosessual müddətin bərpası üçün üzürlü səbəblər hesab edilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 3713/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kasssaiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar