Məhkəmə qərarları › İş №2(103)-4904/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4904/2025

08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4904/2025 08.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahdan doğulmuş övladlarının – xx.xx.2011-ci il təvəllüdlü Ayana və xx.xx.2014-cü il təvəllüdlü İsmayılın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə, 246 manat olmaqla cəmi 492 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2011-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan tərəflərin 2 övladlarının olmasına baxmayaraq onlar ayrılmış və məhkəmə qətnamələr ilə nikahın pozulması, uşaqların hazırkı iş üzrə cavabdehin yanında saxlanılması qət edilmişdir. Buna baxmayaraq, hazırda, uşaqlar hazırkı iş üzrə iddiaçının yanında yaşayırlar. Uşaqlara görə aliment tutulmur. Cavabdeh də iddiaçıya uşaqlar ilə bağlı maddi yardım göstərmir. Uşaqların saxlanılması ilə bağlı maddi yük iddiaçının üzərinə düşür. b) iddia tələbinə qarşı cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Rayon Məhkəməsinə izahat vermiş cavabdeh bildirmişdir ki, qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uşaqların nikahın pozulmasından sonra onun yanında saxlanılması qət edilmişdir. İddiaçı uşaqları öyrədir və uşaqların psixologiyasını pozub. İcra məmuru qətnaməni icra edib, uşaqları iddiaçıdan alaraq ona vermək istəyəndə uşaqlar ağlayırlar. Qətnaməni icra etməli olan icra məmuru icra hərəkətlərinə ciddi yanaşmır. Göstərilənlərə əsasən hesab edir ki, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən nikahın pozulmasından sonra hər iki uşaq atadan – hazırkı iş üzrə iddiaçıdan alınaraq anaya – hazırkı iş üzrə cavabdehə verilməli, uşaqlar analarına verildiyi gündən iddiaçıdan, hər ay, onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməlidir. İşin hallarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı, qanuni qüvvəyə minmiş qətnaməni icra etmir, uşaqları cavabdehə vermir və üstəlik uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulmasını xahiş edir. Bu mümkün deyil. Çünki uşaqların iddiaçının yanında saxlanılması ilə bağlı yeni məhkəmə aktı mövcud deyil. Bu səbəbdən də iddia əsassız olduğuna görə tələb təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına, uşaqların psixoloji vəziyyətinə səhv qiymət vermiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

8. Apellyator olan iddiaçının vəkili (nümayəndəsi) Vəkil Şirinbalayeviç xx.xx.2025-ci il tarixə (həftənin ikinci günü) təyin edilmiş apellyasiya baxışı iclasda iştirak etməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, o, hər həftənin ikinci günləri Bakı Məhkəmə Kompleksində keçirilən cinayət işi üzrə müdafiəçi qismində çıxış edir və buna görə hazırkı iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş apellyasiya baxışı iclasında iştirak edə bilməyəcək, buna görə də məhkəmə baxışı iclasının başqa günə təxirə salınmasını xahiş edir.

9. Məhkəmə ərizədə qeyd edilən halın mövcud olduğunu nəzərə alaraq hazırkı iş üzrə apellyasiya baxışı iclasını xx.xx.2025-ci il tarixə (həftənin üçüncü gününə) təxirə salmışdır.

10. Buna baxmayaraq iddiaçının vəkili (nümayəndəsi) bu iclasa da gəlməmişdir. O, ərizə ilə Məhkəməyə müraciət edərək, səhhətində yaranmış problem (arterial hipertoniya) ilə əlaqədar apellyasiya baxışı iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir.

11. İddiaçı isə Məhkəmənin ünvanına teleqram vuraraq işdən çıxıb, məhkəmə baxışı iclasına gələ bilməməsi səbəbindən iclasının təxirə salınmasını xahiş etmişdir.

12. Bununla bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının özünün və vəkilinin (nümayəndəsinin) gəlməməsi üzürlü səbəbdən baş versə də, apellyasiya baxışı iclasının təxirə salınması vacib deyil, çünki MPM-in 376.2-ci maddəsinin ikinci cümləsi imperativ (mütləq) xarakter daşımır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin apellyasiya baxışı iclasına gəlməməsi işin baxılmasına, işin hallarının apellyasiya qaydasında araşdırılmasına və iş üzrə yekun qərar qəbul edilməsinə mane olmur. İddiaçı tərəf öz mövqeyini iddia ərizəsində, Rayon Məhkəməsinə verilmiş izahatda və qətnamədən verilmiş apellyasiya şikayətində kifayət qədər dolğun bildirmişlər.

14. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Belə ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-383/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə hazırkı iş üzrə tərəflərin arasında bağlanmış nikahın pozulması, həmin nikahından doğulmuş iki uşağın nikahın pozulmasından sonra hazırkı iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı iş üzrə cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-797/2024 saylı iş üzrə qəbul etdiyi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı (iş № 2(102)-1765/2024) ilə dəyişdirilmədən saxlanılmış xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin uşaqların atalarının yanında saxlanılmaları hissəsində ləğv edilməsi, uşaqların nikahın pozulmasından sonra analarının yanında saxlanılması, bu məqsəd ilə uşaqların hazırkı iş üzrə iddiaçıdan alınaraq hazırkı iş üzrə cavabdehə verilməsi, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün uşaqlar cavabdehə verildiyi tarixdən başlayaraq, iddiaçıdan, hər ay, onun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir.

18. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, iş üzrə tərəflərin nikahından doğulmuş hər iki uşaq hazırkı iş üzrə cavabdehin yanında saxlanılmalıdır. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən icra yönəldilmiş və hazırkı vaxta kimi icra edilməmişdir.

19. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinin tələblərinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

20. Qeyd edilən normaların və iş üzrə tərəflərin nikahından doğulmuş hər iki uşağın hazırkı iş üzrə iddiaçının yanında qalmasına dair məhkəmə aktının olmadığını nəzərə alan Məhkəmə hesab edir ki, uşaqların iddiaçının yanında qalmalarının hüquqi əsası yoxdur. Buna görə də, iddiaçı, həmin uşaqların onun yanında qalmasını əsas gətirərək, cavabdehdən onun xeyrinə alimentin tutulmasını tələb edə bilməz. O, uşaqların cavabdehdən alınaraq ona verilməsi ilə əlaqədar iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməli və son nəticədə onun iddiasının təmin edilməsi ilə əlaqədar qəbul edilə biləcək məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra o, cavabdehə qarşı aliment tələbi barədə iddia irəli sürməyə haqlı olacaqdır.

21. Buna görə də göstərilənlərə əsasən hesab edilməlidir ki, Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə qətnamə qəbul etməkdə haqlı olmuşdur. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. g) apelyasiyanın nəticəsi

22. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

23. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onun özünə aid edilməlidir.

25. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar