Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4917/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilkin; Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3243/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4.100 manatın, mebellərin daşınması üçün fəhlələrə verilən 1.000 manatın və həmçinin cavabdehlər Cavabdeh1 və keçmiş qayınanası Cavabdeh2 hərəkətləri nəticəsində ondara dəyən 20.000 manat mənəvi ziyanın və həmçinin ödədiyi 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 4.000 manat məbləğində maddi ziyanın İddiaçı1 tutularaq Cavabdeh2 xeyrinə ödənilməsi, 10.000 manat məbləğində mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İlkin iddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 Cavabdeh1 ilə xx.xx.2017-ci il tarixdə ailə həyatı qurmuşdur, bu nikahdan uşaqları yoxdur. Cavabdeh onu aldadıb yoldan çıxarmaq məqsədi ilə ailə qurmuş, dəfələrlə ondan pul istəmişdir. Nikahları xx.xx.2018-ci il tarixdə pozulmuşdur. Keçmiş qayınanası Cavabdeh2 onu təqib edir, atasının və onun mobil telefonlarına zəng edərək təhqiredici ifadələr işlətməklə şəxsiyyətlərini alçaltmağa çalışır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xidmət etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına gələrək onun ünvanına iş yoldaşlarının yanında əxlaqsız sözlər işlətməklə onu hədələmiş, bununla da kollektiv arasında nüfuzunun aşağı düşməsinə səbəb yaratmaqla ondan əl çəkməyəcəyini, üstünə hücum edərək onu itələyib bu cür hərəkətlərini davam etdirməklə onu işlədiyi kollektivdə biabır edəcəyini və nəticədə onun işdən çıxarılmasına çalışacağını nümayişkəranə şəkildə bildirmişdir. Bununla da, ona mənəvi ziyan vurmuşdur. Keçmiş həyat yoldaşının atasına onun barəsində dediyi təhqirlər ona mənəvi olaraq əzab vermişdir. Belə ki, ona şər ataraq onun hissləri ilə oynamışdır. Həmçinin ona «ermənidən dönmə» deyərək onu təhqir etmişdir. Qeyd olunanları nəzərə alaraq, mənəvi ziyana görə 20.000 manat pul tələb edir. Ailəli olanda 2017-ci ilin avqust ayında Cavabdeh1 atası İddiaçı2 (3.000 ABŞ dolları) 5.100 manat borc istəmişdir ki, aptekin dövriyyəsini artırsın. Atası da onun döyülərək təhqir olunmasından xəbəri olmadığına görə, istədiyi məbləği cavabdehə vermişdir. Atası yalnız 1.000 manat ala bilmiş, qalan 4.100 manatı dəfələrlə vəd versə də geri qaytarmamışdır. Atası 5.100 manat pul tələbi ilə bağlı Yasamal RPİ 29cu PB-yə müraciət etmişdir. Yasamal RPİ-nin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd olunması barədə qərarında cavabdeh qayınatasının 2017-ci ilin iyul ayında dostu vasitəsi ilə ona 3.000 ABŞ dolları pul göndərdiyini etiraf etmişdir. Cavabdehdən ayrıldıqdan sonra apardığı mebelləri çıxarmaq üçün fəhlələrə 1.000 manat pul vermişdir. Həmin məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 həmin pulu Hacıqulunun işlətdiyi aptekə şərik olmaq üçün ona vermişdir. Aptekdə də birlikdə uğur əldə edə bilmədiklərinə görə, əldə edilən gəlirə şərik olduqları kimi, ziyana da şərik olmalıdırlar. Lakin Hacıqulu yenə də humanistlik edərək İddiaçı2 1.000 manat məbləğində pul vermişdir. Qalan məbləğ isə onlar şərik olduğuna görə ziyanla əvəzləşdirilmişdir. Mebelin daşınması üçün fəhlələrə 1.000 manat pul verdiklərinə dair hər hansı bir rəsmi sənəd, sübut mövcud deyil. İkincisi isə mebelləri yerləşdiyi Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən «xxxxxxxxxxxx» MTK tərəfindən tikilmiş 6 saylı mənzil Ayselin qayınanası, yəni Cavabdeh2 məxsus olmuşdur. Nikah pozulduqdan sonra tərəfləri bir-birinə heç nə bağlamadığına görə Aysel həmin mənzili cehizləri ilə birlikdə tərk etməli idi. Ona görə də, cehizləri mənzildən çıxarmaq birbaşa Ayselin borcu idi. Onu hansı vasitə ilə və necə çıxaracağı isə ilk iddia üzrə iddiaçıların öz işləridir. Cavabdeh2 Ayselin iş yerinə gedərkən onu qətiyyən təhqir etməyib. Cavabdeh2 iş yerinə gedərkən Aysellə sakitcə görüşmək istədiyini bildirmiş, Aysel isə onunla görüşməkdən imtina etmişdir. Daha sonra, Ayselin iş yerində başqa məsul şəxs Cavabdeh2 qəbul etmiş və onların barışmasının mümkün olmadığını bildirmişdir. İddiaçılar cavabdehləri təhqir etmişlər. Belə ki, tərəflər arasında nikah pozulduqdan sonra İddiaçı1 həmin mənzildən əşyaları ilə birlikdə çıxmalı idi. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 mənzili təhvil almaq üçün getdikdə mənzilin giriş qapısının açarının dəyişdirildiyinin şahidi olmuşdur. Məcbur qalaraq qapının kilidini sındıraraq içəri daxil olduqda görmüşlər ki, İddiaçı1 bütün cehiz əşyalarını aparıb. Mənzilin otaqlarının divar kağızları bir neçə yerdən cırılmış və üzərində müxtəlif təhqiramiz ifadələr yazılmışdır. Hacıquluya məxsus pal-paltar cırılmış, ağ paltarlar qələm ilə yazılmış vəziyyətdə olmuşdur. Mənzildə olan birinin dəyəri 1.200 manat dəyərində olan 2 kompüterdən biri sındırılaraq yerə səpələnmiş, digər kompüter isə cavabdeh tərəfindən götürülmüşdür. Bir sözlə, mənzil dağınıq vəziyyətdə olmuşdur. Bununla əlaqədar olaraq akt da tərtib olunmuşdur. İddiaçı1 mənzili tərk edərkən Hacıquluya məxsus 600 manat dəyərində nişan üzüyünü də götürmüşdür. Divar kağızlarının yazılaraq korlanması nəticəsində isə 1.000 manat dəyərində ziyan dəymişdir. Beləliklə, cavabdeh tərəfindən 4.000 manat (2.400 manat dəyərində 2 kompüter, 600 manat dəyərində üzük, 1.000 manat dəyərində divar kağızları) məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, İddiaçı1 mənzili dağınıq vəziyyətə salmaqla, divarları yazmaqla Cavabdeh2 və Cavabdeh1 mənəvi ziyan vurmuşdur. Divarda yazılmış sözlər ona pis təsir etmiş, o, mənəvi iztirab keçirmiş və stresə düşmüşdür. Divarda yazılmış müxtəlif təhqiramiz ifadələri qonşular da görmüş və Cavabdeh1 də onların yanında stress keçirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar onlara dəymiş mənəvi ziyanı 10.000 manat məbləğində dəyərləndirirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3243/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, 4000 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddia isə təmin olunmamışdır. Qətnamədən ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mənəvi ziyanı müəyyən etmək üçün linqvistik ekspertiza təyin etməmiş, məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin qərarı onda olan məlumata əsasən ləğv edilib, lakin məhkəmədə iştirakı təmin edilmədiyindən bu barədə məhkəməyə məlumat verə bilməyib. Apellyasiya baxışı zamanı iddiaçı şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və digər iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın təmin olunan hissəsinin və qarşılıqlı iddianın bütövlükdəqanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər mübahisələndirmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdə olan Yasamal RPİ 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Abdullayevin xx.xx.2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarı ilə İddiaçı2 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunmuşdur. Qərardan göründüyü kimi araşdırma zamanı Cavabdeh1 izahatında İddiaçı2 5.100 manat borc aldığını, həmin borcun 1.000 manat hissəsini qaytardığını, lakin 4.000 manat borcu qaldığını və maddi vəziyyəti pis olduğundan qaytara bilmədiyini etiraf etmiş, 4.000 manat borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2, 739, 385.1-ci maddələrini tətbiq edərək Cavabdeh1 İddiaçı2 5.100 manat borc aldığını, həmin borcun 1.000 manat hissəsini qaytardığını, 4.000 manat borcu qaldığını etiraf etdiyini” vurğulayaraq, iddiaçının İddiaçı2 qarşısında 4000 manat borc məbləği həddində məsuliyyət daşıdığı nəticəsinə gəlmişdir. Bu səbəbdən, ilk iddia 4000 manat borcun tutulması tələbinə dair hissədə təmin edilmiş, qarşılıqlı iddia isə sübut olunmadığından təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlsə də, tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirməklə səhvə yol vermiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə “4000 manat borcun Cavabdeh1 tutularaq İddiaçı2 ödənilməsi” hissəsində ləğv olunmaqla, həmin hissədə yeni qətnamə çıxarılmalı, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, tərəflər arasında pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Mülki qanunvericilik normalarından görünür ki, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı mübahisənin halları ilə bağlı, həmçinin nəzərə alınmalıdır ki, MPM-ə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Cavabdeh ibtidai istintaq zamanı verdiyi ifadəsində İddiaçı2 5.100 manat borc aldığını, həmin borcun 1.000 manat hissəsini qaytardığını, 4.000 manat borcu qaldığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıdan 5100 ABŞ dolları məbləğində pulu alması barədə ibtidai istintaq zamanı verdiyi yazılı ifadə faktın etirafı kimi qiymətləndirilməlidir. Belə olan halda isə cavabdeh tərəfindən alınmış 5100 ABŞ dolları məbləğində pulun həqiqətən onunla İddiaçı2 arasında olan biznes məqsədilə verildiyini və ya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür. Lakin cavabdeh həmin halları təsdiq edən hər hansı sübuta istinad edə bilməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsinin iclaslarında iştirak etməmişdir. MPM-ə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Beləliklə cavabdehin iddiaçı qarşısında əsassız varlanmadan irəli gələn cavabdehin etiraf etdiyi həcmdə - 4000 manat pul öhdəliyi yaranmışdır. İlkin iddianın təmin olunmayan hissəsində və qarşılıqlı iddia tələbinə münasibətdə isə Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Mülki Məcəlləyə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1). Sadalanan normalara görə iddia tələbinin təmin olunması üçün iddiaçı cavabdehin onun qarşısında zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində öhdəliyinin əmələ gəldiyini, yaxud öhdəliyin əmələ gəlməsi üçün aralarında yazılı və ya şifahi müqavilənin olduğunu sübuta yetirməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008- ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Baxılan iş üzrə qarşılıqlı iddia üzrə iddiaçılar isə maddi və mənəvi zərərin vurulması ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etmədiklərindən, qarşılıqlı iddia əssasız olduğundan məhkəmə tərəfindən haqlı olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3243/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın. 4000 (dörd min) manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı2 ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: İlham Kərimli Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4917/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4917/2020
22.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver