Məhkəmə qərarları › İş №2(103)-4926/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4926/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4926/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (" maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1903/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 16000 manat məbləğində maddi, həmçinin maddi ziyan hissəsində qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin, eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, guya ki, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 6,689 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üstündə saxlayaraq daşımış, 17 mart 2022-ci il tarixdə, saat 15:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində xidmət aparan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Əlahiddə X3 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli davranışlarına görə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən 81 saylı sərnişin avtobusunun son dayancağında saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibində saxladığı şəffaf sellofana bükülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 6,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, barəsində həmin tarixdə, saat 15:30 dəqiqədən tutulmuş hesab edilməklə 16:15-də Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (Bakı ağır cinayətlər məhkəməsinin 11iyul 2023-cü il tarixli hökmündə qeyd edilmişdir.) İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı (Bakı ağır cinayətlər məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmündə qeyd edilmişdir.Hökm işə əlavə edilir.) Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-209/2023 saylı 11 iyul 2023- cü il tarixli hökmü ilə AR CPM-nin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə əsasən barəsində bəraət hökmü çıxarılmışdır. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1771/2023saylı, xx.xx.2023cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-209/2023 saylı 11 iyul 2023-cü il il tarixli hökmü ona dair hissədə qüvvədə saxlanılmışdır. Dövlət ittihamçısı Bakı Apellyasiya Məhkəməsinin 1(103)- 1771/2023saylı, xx.xx.2023-cü il tarixli qərarından Ali məhkəməyə kassasiya şikayəti vermiş, Ali məhkəmənin xx.xx.2023-cü il tarixli 1(102)-2778/2023 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İbtidai istintaq orqanın elan edilmiş əssasız ittihamına əsasən o, 17 mart 2022-ci il tarixdən 11 iyul 2023-cü il tarixədək, yəni 1 il 3 ay 25 gün Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. İbtidai istintaq orqanın əsassız və ədalətsiz ittihamı onu bir çox mənəvi şeylərdən məhrum etmişdir. Ona dəymiş mənəvi ziyanın həcmi pulla belə ölçülə bilməz. Həyatın ən sərt üzünü görmüş,valideyn himayəsindən məhrum olmuş, 1 il 3 ay 25 gün müddətdə əsassız olaraq azadlıqdan məhrum edilmiş, atası ağır streslər nəticəsində dəfələrlə əməliyyatlar keçirməsi ailə üzvülərinin həyatında yaranan mənəvi sarsıntını diqqətə çatdırmaq belə çox çətindir. Barəsində çıxarılmış qanunsuz və ədalətsiz ittiham nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Hazırdada işzizdir. Onun elə yaşıdır ki, onun yaşıtları ailə sahibi olmaqla iş güc sahibi olmaqla maddi cəhətdən ailəsinə köməklik göstərir. O, sağlam şəxsdir ən azı aylıq 1000 manat vəsait qazana bilərdi. Ona görə də, qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin ödənilməsi, eyni zamanda 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmalıdır. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1903/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 16.000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci hissəsinə, «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsinə; «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998ci il tarixli Azərbaycan Respublikası Qanununa; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına; Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına; «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarəna; Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. İstər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. İddiaçıya vurulmuş maddi ziyanla bağlı qeyd edilməlidir ki, iddiaçı ona 16000 manat ziyanın vurulduğunu, həmçinin qətnamə icra olunan günə kimi hər ay üçün hazırkı orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin ona ödənilməsini tələb etsə də, iddiasını əsaslandıracaq sübutları təqdim edə bilməmişdir. Buna görə də İddiaçı iddia tələbi maddi ziyanın əvəzinin ödənilməsi hissəsində təmin oluna bilməz. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. İddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiqdir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 3 ay 25 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. İddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 3 ay 25 gün müddətinə həbs qətimkan tədbirinə görə 16000 manat (bir ay üzrə 1000 manat x 16 ay) məbləğində müəyyən olunmalıdır. İddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin ədalətli hesab edilməsi üçün 1 il 3 ay 25 günlük müddətin son 25 günü üçün 1000 manat mənəvi zərərə görə kompensasiyanın müəyyən edilməsi daha ədalətlidir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. 4.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 209/2023 saylı, 11 iyul 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona, Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə əsasən bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, İddiaçı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olmasının izah olunması hökm edilmişdir;- Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-209/2023 saylı, 11 iyul 2023-cü il tarixli hökmünün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-173/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı barəsində həbs müddətinin əvvəli 17 mart 2022-ci il tarixdən hesablanmışdır;- Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1771/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır; - Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(102)-2778/2023 saylı qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli qərarının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-1903/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1; Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 03 noyabr tarixli 7 nömrəli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarına istinadən qeyd edilmişdir ki, hazırkı iddianın hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Maliyyə Nazirliyi cəlb olunmuşdur. Maliyyə Nazirliyinin iddiaçıya ziyan vurulmasına səbəb olmuş qanunsuz hərəkətlərdə iştirakı və hər hansı əlaqəsi olmadığından həmin hərəkətləri törətmiş təqsirkar qurumların əvəzinə Nazirliyin cavabdeh kimi tanınması qanunvericiliyin tələbləri, o cümlədən mülki məhkəmə icraatının təməl prinsipləri ilə uzlaşmır. Hüquqi məsuliyyətinəsas ünsürlərindən biri olan hüquqpozan şəxsin təqsiri təəssüflər olsun ki, məhkəmə tərəfindən müəyyən edilməmiş, səthi şəkildə aparılmış araşdırma nəticəsində iddiaçının iddia tələbi qismən təmin edilmişdir. Təsadüfi deyildir ki, sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 16000 manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği yüz altmış beş manatdır. Fikrimizcə Cinayət Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya maddi və mənəvi zərərə görə 16000 manat məbləğində kompensasiya hesablanması qanuni olmamaqla yanaşı, ağlabatan və ədalətli deyildir. Lakin iddiaçı tərəfindən ona dəymiş mənəvi ziyanla bağlı konkret sübutlar təqdim edilməmişdir. Bu baxımdan mənəvi ziyanın miqdarı ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edirik ki, məhkəmə tərəfindən iddiaçıya ödənilməli olan məbləğ bu kateqoriyadan olan işlər üzrə artıq formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil və həddən artıq yüksəkdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məlumatlandırılması üçün qanununvericilikdən nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vemədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 28-71; 1966-cı ildə BMT tərəfındən qəbul edilmiş «Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»ın 9cu maddəsinə; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına; Mülki Məcəllənin 21; 1097, 1100, 1101; Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki və hüquqi əsasları olmayan dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə ağlabatan məbləğdə tutulan kompensasiyanın sübutu qanunvericiliklə müəyyən edilən və hamıya bəlli olan hallardır (qanunsuz cinayət təqibi və sair), qətnamənin qəbul edilməsində qanunvericiliyin tətbiqi zamanı pozuntu müəyyən edilmir və cavabdeh əsasən tələbin ona yönəlmiş cavabdehliyi mübahisələndirərək mənəvi zərərin düzgün hesablanmadığını qeyd etsə də düzgün istinad etdiyi və zəruri olmalı olduğu hallara dair ümumiyyətlə heç bir əsaslı dəlil irəli sürməmişdirdir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi kimi tələb təsbit etsə də, şikayətin məzmununda iddianın onların cavabdehliyini istisna edən və mənəvi zərərin məbləğinin düzgün müəyyən edilmədiyinə görə dəlillər ərz etmişdir. Mənəvi zərərin məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, insana təbii hüquq olaraq anadangəlmə məxsus azadlığın əlindən alınması digər hüquqlarının da məhdudlaşmasına səbəb olur və iddiaçının azadlıqdan məhrumetmə yerində cəza çəkməsinin müddətini, hansı cinayətdə ittiham olunmasını, həbsdə saxlanmaların onun şəxsiyyətinə, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə təsirini, həmin illər ərzində keçirdikləri mənəvi əzab və stressləri nəzərə alaraq və bunların dəyərləndirilməsi baxımından qət edilən məbləğ daha çox simvolik səciyyə daşıyır

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məcəllənin 9.3-cü maddəsinə əsasən, Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 10.Mülki Məcəllənin 1101.1-ci maddəsinə əsasən Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məcəllənin 1101.2-ci maddəsinin tələblərinə görə, Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. 11.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 12.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə (maddələrinə) əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır.5.Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə:1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə;4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər;5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz. 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir.Bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş əmlak natura formasında, bu mümkün olmadıqda isə, onun dəyəri dövlət və ya onu əvəzsiz olaraq əldə etmiş müəssisə, idarə və təşkilatların hesabına ödənilir.Evlərin və digər tikililərin dəyəri, yalnız bu əmlakın natura şəklində qalmadığı, şəxsin dəyərcə bərabər olan yaşayış sahəsinin və ya digər tikililərin əvəzsiz olaraq onun mülkiyyətinə verilməsindən imtina etdiyi hallarda və ya həmin şəxsin yaşayış evlərinin və digər tikililərin dəyərinin ödənilməsinə razılığı olduqda ödənilir. Yaşayış sahəsinin və digər tikililərin dəyəri mövcud bazar qiymətlərinə əsasən müəyyən edilir.Əmlakın dəyəri onun ödənilməsi haqqında qərarın qəbul edildiyi vaxtda mövcud olan qiymət əsasında ödənilir. Əmlakın zədələnməsi və ya köhnəlməsi hallarında vurulmuş ziyan tam həcmdə ödənilməlidir.Ödənilməli olan əmlakı əvəzsiz olaraq əldə etmiş müəssisənin, idarənin və təşkilatın ləğv edildiyi və ya vurulmuş ziyanın ödənilməsi üçün onların vəsaiti çatışmadığı hallarda, əmlakın dəyəri (əmlakın dəyərinin çatışmayan hissəsi) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Qanunsuz məhkum edilməsi nəticəsində yaşayış sahəsindən istifadə etmə hüququndan məhrum edilmiş şəxsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin yaşayış sahəsi bir ay müddətində, bu yaşayış sahəsi natura şəklində qalmadığı hallarda isə, bununla əlaqədar edilmiş müraciətdən sonra altı ay müddətində həmin yaşayış məntəqəsində ailə tərkibi və yaşayış sahəsinə dair qüvvədə olan normalar nəzərə alınmaqla növbədənkənar eyni dəyərli abadlaşdırılmış yaşayış sahəsi verilməlidir.Ödənilməli olan əmlakı əldə edilmiş şəxs, bu əmlakın vurulmuş ziyanın ödənilməsi qaydası əvvəlki sahibinə qaytarılması ilə əlaqədar əvəzində dövlətdən abadlaşdırılmış, dəyərcə və bütün digər əlamətlərlə bərabər olan əmlakı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Belə tələb irəli sürüldükdən sonra bir ay müddətindən gec olmayaraq dövlət tərəfindən təmin edilir.Bununla əlaqədar bütün mübahisələr məhkəmə qaydasında həll olunur. 13.Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 14.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyini tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1903/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar