Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4931/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair 2(007)-422/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurduğu mənəvi ziyana görə 50000 (əlli min) və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi, eləcə də onun barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli, 816-VQD nömrəli qanununun barəsində tətbiq edilməsinə dair ərizə ilə cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı CÇM-si vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi qəbul etdiyi xx xxxxxxxx 2018-ci il tarixli qərarla onun ərizəsini təmin edilmişdir. O, həmin qərardan narazı qalaraq cəza çəkdiyi ƏNPX-nin 10 saylı CÇM-si vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsində onun hüquqlarını müdafiə etmək üçün dövlət hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Cavabdeh vəkil təyin olunmuşdur. Onun şikayətinin təmin olunmamasına dair Bakı Apelyasiya Məhkəməsi xx.xx.2018-ci il tarixli qərar qəbul etmişdir. O, qeyd olunan qərardan Ali Məhkəməyə kassasiya şikayəti, həm də Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir. (Cavabdeh barəsində o müxtəlif orqanlara şikayət etdikdən sonra o da Ali Məhkəməyə həmin qərardan kassasiya şikayətini, həm də Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair vəsatət vermişdir). Ali Məhkəmənin Cinayət Kollegiyası qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarla onun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair həm onun, həm də müdafiəçi Cavabdeh vəsatətlərini təmin etməmişdir. Ali Məhkəmə onun barəsində olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair həm onun həm də müdafiəçinin Cavabdeh vəsatətlərinin təmin edilməməsinin əsası kimi öz qərarında göstərmişdir ki " ...İddiaçı Nürəddin oğlunun onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli, 816-VQD nömrəli qanunun tətbiq edilməsinə dair ərizəsinin yuxarıda göstərilən qaydada qismən təmin edilməsi haqqında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından verilmiş apelyasiya şikayətinə məhkum İddiaçı Nürəddin oğlunun və onun müdafiəçisi Cavabdeh iştirakları ilə baxılmış və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı xx.xx.2018-ci il tarixdə çıxarılmış, bu qərardan kassasiya şikayəti vermə müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Buraxılmış prosessual müddətin bərpası haqqında vəsatəti və kassasiya şikayətini isə İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin bitməsindən 6 gün keçdikdən sonraxx.xx.2019-cu il tarixdə tərtib etmiş və bu sənədlər xx.xx.2019-cu il tarixdə 2 saylı istintaq təcridxanasının 222 saylı məktubu ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Məhkum İddiaçı müdafiəçisi Cavabdeh tarixini göstərmədən tərtib etdiyi vəsatət və kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinə xx.xx.2019cu il tarixdə daxil olmuşdur. İddiaçı və müdafiəçisi Cavabdeh apellyasiya məhkəməsinin qərarından qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verməmələrini həmin qərarın surətinin onlara vaxtında verilməməsi ilə izah etmələrinə gəldikdə, bu dəlil əsaslı sayıla və prosessual müddətin gerçəkdən də üzürlü səbəbdən buraxıldığını göstərən əsas kimi nəzərdən keçrilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 410.1.1-ci maddəsində cinayət-prosessual qanunun 520.7-ci maddəsində göstərilən qərarlar üzrə 1 ay təşkil edən kassasiya şikayəti (kassasiya protesti) verilməsi müddətinin qərarın çıxarıldığı vaxtdan hesablanması nəzərdə tutulmuşdur. İşdə olan materiallardan isə görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə baxılması üzrə xx.xx.2018-ci il tarixli məhkəmə iclasında məhkum İddiaçı və müdafiəçisi Cavabdeh iştirak etmişlər,məhkəmə iclasının sonunda qəbul edilmiş yekun qərar sədirlik edən tərəfindən onlara və prosesin digər iştirakçılarına elan olunmaqla yanaşı,həmin qərardan kassasiya şikayəti vermək hüquqlarının olması izah edilmişdir.." Göründüyü kimi burada əsas səbəb həmin qərardan vaxtında kassasiya şikayəti verilməməsidir. Həm Konustitusiyanın həm də qanunvericiliyin tələbinə görə Cavabdeh ona keyfiyyətli hüquqi yardım göstərməyə borclu idi. Keyfiyyətli hüquqi yardım anlayışına həm də qeyd olunan qərardan vaxtında kassasiya şikayəti vermək də daxildir ki, vəkil Cavabdeh bunu etməmiş və nəticədə də onun barəsində olan qərara yuxarı instansiya məhkəməsində baxılmamışdır və bununla da onun yəni müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hərəkət etmişdir. Beləliklə də vəkil Cavabdeh onun barəsində olan qərara yuxarı instansiya məhkəməsində baxılmamasına səbəb olmaqla onun mənəvi iztirab və sarsıntı keçirməyinə səbəb olmuşdur (hansı ki həmin qərara yuxarı məhkəmədə baxılsa idi ona təyin olunmuş cəzanın azaldılması etimalı vardı) ki, bununla da ona mənəvi zərər vurmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim Fikrət Mirzəyev dövlət adından qəbul etdiyi qətnaməyə yalan məlumatlar daxil edərək göstərmişdir ki, İddiaçı Nürəddin oğlu məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Halbuki qətnamədən də görünür ki məhkəmə iclası xx.xx.2020-ci il tarixində keçirilmişdir. Həmin məhkəmə iclası ilə bağlı hakimin xx.xx.2020-ci il tarixində tərtib etdiyi məhkəmə bildirişi ona göndərilməsi üçün xx.xx.2020-ci il tarixində Bakı şəhər poçtuna verilmiş, həmin bildiriş xx.xx.2020-ci il tarixində Tovuz rayon poçtuna gəlmiş və oradan da xx.xx.2020-ci il tarixində yəni məhkəmə iclası keçrilən tarixdə Qovlar şəhər poçtuna gəlmiş və həmin tarixdə də ona təqdim olunmuşdur (bütün bunlar zərfin üzərində olan poçtun möhürlərindən də görünür). Bundan əlavə, xx.xx.2020-ci il tarixində tərtib olunmuş məhkəmə bildirişini hakim 6 gün sonra xx.xx.2020-ci il tarixində poçta təhvil vermişdir. Bununla da, həmin bildirişin məhkəmə iclasından 10 gün əvvəl çatmalı olmasına dair tələbi faktiki olaraq bilərəkdən pozmuşdur. Eləcə də, mülkü qanunvericiliyin tələbinə görə onun lazımi qaydada məhkəmənin yeri va vaxtı barədə xəbərdar olunmadan işə baxılması kobud qanun pozuntusu hesab olunur və hakimin barəsində xüsusi qərar çıxarılması üçün əsasdır. Bundan əlavə, iddiaçı iş üçün əhəmiyyətli olan sənədlərin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsindən alınmasına dair vəsatət vermişdir. İşdən də görünür ki, həmin vəsatəti ümumiyyətlə müzakirə belə olunmamışdır. Bu halın özü birmənalı olaraq onun müdafiə hüququnun və onun işinə ədalətli və qərəzsiz məhkəmə vasitəsi ilə baxılması hüququnun pozulmasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, vəkil Cavabdeh apelyasiya instansiyası məhkəməsində iştirak edərək məhkuma (hazırkı iş üzrə iddiaçıya) hüquqi yardım göstərmiş, kassasiya şikayəti tərtib edərək Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərarından həm məhkum, həm də vəkil müddəti ötürməklə kassasiya şikayətləri vermişlər. Cavabdeh bunu onunla izah edir ki, İddiaçı qərardan kassasiya şikayəti verilməsini ondan xahiş etməmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 1-ci bəndinə əsasən vəkil hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X2 Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, İddiaçı məhkəmədə sübut edə bilməmişdir ki, qanunla müəyyən olunan kassasiya şikayəti vermək müddəti bitənədək vəkil Cavabdeh qərardan kassasiya şikayəti vermək tapşırığını vermişdir. Beləliklə, vəkil Cavabdeh məhkumun (hazırkı iş üzrə iddiaçının) maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkət etməmişdir. Odur ki, Kollegiya, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-422/2020 saylı mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4931/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4931/2020
15.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver