Məhkəmə qərarları › İş №2(103)-4932/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4932/2024

22.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4932/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənəvi zərərin əvəzinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 60.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Şəhla Süleymanova) ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən 40000 (qırx min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 210 (iki yüz on) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. 12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən də görünür ki, Əliqismət Nağıyevin öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdir. İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu törədilmədiyindən, hazırkı iddia tələbi cavabdehdən deyil, Əliqismət Nağıyevdən tələb edilə bilər. Həmçinin, Əsəd Əliyevin vəfat etməsindən 6 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Bu mənada birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi mənəvi ziyan məbləği həmin meyara cavab vermir. Bundan əlavə, hazırki iş üzrə 40.000 manat məbləğində mənəvi zərərin əvəzi olaraq cavabdehdən tutulması qanuni və əsaslı deyildir. Belə ki, mövcud məhkəmə təcrübəsindən də görünür ki, digər işlər üzrə mənəvi zərərin məbləği hazırki iş üzrə tutulmuş məbləğdən qat-qat aşağıdır. Birinci apellyasiya icraatı:

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-2512/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Kassasiya instansiya icraatı:

7. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyaysı məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2276/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2512/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2276/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarındakı müvafiq göstəriş barədə qeyd etdi ki, iddiaçının digər ailə üzvlərinin belə bir iddia qaldırmaq niyyətləri yoxdur. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan:

12. 11.09.2018-ci il tarixli, AZ-İ972446 saylı ölüm haqqında şəhdətnamədən görünür ki, X4 xx.xx.2018-ci ildə boyunun arteriya və venaların zədələnməsi səbəbindən vəfat etmişdir.

13. 04.06.1991-ci il tarixli, XİV- ЖГ 486640 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X4, ana qrafasında X5 qeyd edilmişdir.

14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 1(003)- 262187/2019 saylı hökmün surətindən görünür ki, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 1(103)01473/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Xətai rayon məhkəməsinin hökmü dəyişdirilmiş və X1 cəzası 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır.

15. 11.11.2020-ci il tarixli, 1(102)-1048/2020 saylı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə məhkum edilmiş X2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülkü Məcəlləsi:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

17. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

23. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.

27. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

24. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

25. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı.

26. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

27. Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarı.

28. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və sair amillər nəzərə alınmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir.

29. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı.

30. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

31. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

32. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

38. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

39. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

42. 384.0.3. qətnaməni dəyişdirə bilər;

43. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

45. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

46. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

48. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

49. Apellyasiya instansiyası məhkəməsinin bundan öncəki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ...məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi mənəvi zərərin məbləğinin 40.000 manat həddində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşarkən, iddiaçının atası Əsəd Əliyevin 02 sentyabr 2018-ci il tarixdə faciəli şəkildə vəfat etməsi ilə bağlı iddiaçı ilə yanaşı mərhumun digər ailə üzvlərinin də mənəvi zərərə məruz qalmalarını, həmin şəxslərin də gələcəkdə onlara dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə hazırki cavabdehə qarşı məhkəməyə müraciət etmələri ehtimalını diqqətdən qaçırmış, bununla da mərhumun ailə üzvlərinə dəymiş mənəvi zərərin ümumi məbləğini ailə üzvlərinin sayına uyğun müəyyən etməməklə, cavabdehin maddi vəziyyətini nəzərə almamışdır.

50. Məhkəmə kollegiyası onu da qeyd edir ki, 02 sentyabr 2018-ci il tarixdə mərhum Əsəd Əliyevin iş yerində vəfat etməsi ilə əlaqədar baş vermiş faciə nəticəsində ailənin hər bir üzvünün (övladların atasını, arvadın ərini itirməsi) həmin itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrı-ayrılıqda cavabdehə qarşı qeyd edilən məzmunda iddialarla müraciət etməsi onların hüququ olsa da, bu xarakterli işlərə baxılarkən dəymiş mənəvi zərərin ümumi məbləğinin müəyyən edilməsi, bu halda həmçinin cavabdehin maddi vəziyyətinin nəzərə alınması zəruridir.

51. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında göstərildiyi kimi mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınmasının zəruriliyi və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatların məhkəmənin mülahizəsinə görə müəyyən olunması nəzərdə tutulsa da, məhkəmələr mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişlər. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamış, mərhumun ölümü nəticəsində mənəvi zərərə məruz qalmış digər ailə üzvlərinin də mövcud olması ehtimalı, eyni zamanda cavabdehin maliyyə vəziyyəti nəzərə alınmamışdır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hadisə nəticəsində atasını qəfildən, faciəli surətdə itirməsi və bununla da mənəvi zərərə məruz qalması danılmazdır. Belə ki, iddiaçı həmin hadisə nəticəsində faciəvi surətdə vəfat etmiş, ailə başçısı olan atasının mənəvi dəstəyindən, həmçinin təminatından məhrum olmuş, uzun müddət ruhi sarsıntı keçirmişdir.

53. Ali Məhkəmənin yuxarıda qeyd olunan göstərişləri nəzərə alınmaqla, Kollegiya hesab edir ki, 02 sentyabr 2018-ci il tarixdə mərhum Ə.Əliyevin iş yerində vəfat etməsi ilə əlaqədar baş vermiş faciə nəticəsində ailənin hər bir üzvünün (övladların atasını, arvadın ərini itirməsi) həmin itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrı-ayrılıqda cavabdehə qarşı qeyd edilən məzmunda iddialarla müraciət etmək hüququ olması baxımından, rayon məhkəməsi mənəvi zərərə görə tutulmalı məbləği 40.000 manat müəyyən etməkdə haqlı olmamışdır. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından mənəvi zərərə görə tutulmalı məbləğin 25.000 manat müəyyən edilməsi ağılabatandır.

54. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərə görə cavabdehdən tutulmalı məbləğ hissədə dəyişdirilərək mənəvi zərərin əvəzi kimi tutulan məbləğ 25.000 manat müəyyən edilməlidir.

55. Məhkəmə kollegiyası eyni zamanda cavabdehin apellyasiya şikayətinin İstehsalat Birliyi tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmaması, hazırki iddia tələbinin İstehsalat Birliyindən deyil, Əliqismət Nağıyevdən tələb edilməli olması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, zərərin əvəzini zərər vurmuş şəxsin özünün ödəməli olması ilə bağlı mövqe əsaslı hesab edilə bilməz. Çünki iddiaçı hazırkı tələbini işəgötürənə qarşı yönəltməklə mümkün qanuni seçim imkanlarından birini seçmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Nəticə:

56. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə görə cavabdehdən tutulmalı məbləğ hissədə dəyişdirilərək mənəvi zərərin əvəzi kimi tutulan məbləğ 25.000 manat müəyyən edilməlidir, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

57. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh “Azneft” İB tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-275/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-dən mənəvi zərərə görə İddiaçı ödənilməli pul vəsaiti 25.000 (iyirmi beş min) manat müəyyən edilsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar