Məhkəmə qərarları › İş №2(103)-4957/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4957/2024

11.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4957/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər, yəni İddiaçı və Cavabdeh arasında rəsmi nikah yoxdur. Onlar faktiki nikah münasibətində olmuş və həmin münasibətdən xx.xx.2023-cü il təvəllüdlü Səccad adında bir uşaqları var.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə faktiki nikah münasibətindən doğulmuş xx.xx.2023-cü il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin, eləcə də xx.xx.2023-cü il təvəllüdlü oğlu X5 3 yaşına çatanadək onu saxlamqla bağlı işləmədiyinə görə, cavabdehdən 200 (iki yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2022-ci ildə faktiki nikah münasibətlərində olmaqla ailə qurmuşlar. Niyyətləri olmuşdur ki, rəsmi nikaha sonra daxil olarlar. Faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Atalıq müəyyən edilmiş, xx.xx.2023-cü il tarixində AZ-İ № 454141 saylı “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə” verilmişdir. Artıq neçə aydır ki, cavabdeh evdən getmişdir, o cümlədən uşağa baxmır, saxlanması üçün vəsait vermir. Onu və azyaşlı uşağını valideynləri saxlayırlar, onlar üçün vəsait xərcləyirlər. Azyaşlı uşağı tək saxlayıb, işləyə bilmir. O, bir neçə dəfə cəhd etmişdir ki, cavabdehlə uşağın saxlanması məsələsini danışsın, cavabdeh bu söhbətlərə məhəl qoymamış, bəyan etmişdir ki, ona uşaq lazım deyildir. Cavabdehin atası “AZƏRSUN Holdinq”in İsmayıllı şəhərində yerləşən filailının rəhbəridir. Cavabdeh özü də atasının rəhbərlik etdiyi qurumda işləyir. Bundan başqa, cavabdeh, Bakı şəhərinin Nizami küçəsində yerləşən “VİTA MART” şirkətində, elektronika məhsullarının satışı ilə məşğul olan şirkətin sahiblərindən biridir. Mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiyada iştirak etməmişdir. Hesab edir ki, özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Bütün bunlara görə hesab edir ki, cavabdeh uşaqlarını saxlamırsa, aliment vermirsə, ondan aliment məhkəmə yolu ilə alınmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-2964/24 saylı iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev) iddia qismən təmin olunaraq, 15 may 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, habelə uşaq 3 yaşına çatanadək cavabdehdən əlavə olaraq hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi və alimentin tutulmasının əvvəlinin xx.xx.2024-ci il tarixdən hesablanması qət edilmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırda iddiaçı cavabdehdən 800 (səkkiz yüz) manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, alimentin məhz bu məbləğdə tutulmalı olmasını zəruri sübutlarla əsaslandıra bilməmişdir. Lakin məhkəmə, qarşı tərəfin ailə vəziyyətini, habelə yetkinlik yaşına çatmayan digər uşağın mənafeyini, normal, yəni, qida rasionlarına uyğun şəkildə qidalanmalarını, geyimləri ilə bağlı xərci, istirahət vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, yetkinlik yaşına çatmayan 15 may 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı halda tərəflərin rəsmi nikahı olmasa da onların maraqları arasında ədalətli tarazlığın qorunmasını, iddiaçının qeyd edilən tələbinin hüquqi əsasının qanunda nəzərdə tutulduğunu, eləcə də tərəflərin maddi və sosial vəziyyətini, bundan əlavə cavabdehin hazırda aylıq 500 manat məbləğində əmək haqqı almasını və işin diqqətəlayiq digər hallarını nəzərə alaraq xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək hər ay cavabdehdən iddiaçının xeyrinə 50 (əlli) manat məbləğində aliment tutulmalıdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20, 22, 75, 78ci maddələrinə və digər qanunvericilik normalarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərini pozmuş, məhkəmə iclasında müəyyən edilən hallara deyil, şəxsi mülahizələrinə uyğun qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməni hüquqi cəhətdən əsaslandırmamış, gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Məhkəmə qətnamə çıxararkən uşağın mənafeyini deyil, cavabdehin mənafeyini nəzərə almış, cavabdehin faktiki olaraq daha çox gəlirə, maddi imkana malik olmasına qiymət verməmişdir. Məhkəmə bununla bağlı onun təqdim etdiyi sübutlara, Whats App yazışmalarına da qiymət verməmiş, alimentin miqdarını müəyyən edərkən onları nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

13. Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Maddə 19. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 85.1.1. Hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Maddə 85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Maddə 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanunu “2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir”.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı da yalnız həmin hissədə, yəni iddianın təmin olunmayan hissəsində yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

19. Cavabdeh apellyasiya şikayətində işə baxan məhkəmə tərəfindən alimentin miqdarının düzgün müəyyən olunmadığını bildirmiş və iddiasının tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh hesab edir ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin tələblərini pozmuş, məhkəmə iclasında müəyyən edilən hallara deyil, subyektiv mülahizələrinə uyğun qətnamə qəbul etmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək, iddiaçının həqiqətən də daha yüksək məbləğdə aliment ödəmək iqtidarında olub-olmadığını yoxlamaq məqsədilə elektron informasiya sistemindən onun iş yeri, vəzifəsi və aldığı əmək haqqı barədə məlumatları əldə etdi və müəyyən etdi ki, Cavabdeh "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir və 500 manat əmək haqqı alır.

21. Məhkəmə kollegiyası iddiaçının aldığı əmək haqqının cəmi 500 manat təşkil etdiyini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən alimentin miqdarının 235 manat müəyyən edilməsi ilə razılaşır və apellyasiya şikayətinin bununla bağlı dəlillərini əsassız sayır.

22. Məhkəmə kollegiyası bu qənaətə gələrkən 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edildiyini və məhkəmə tərəfindən müəyyən olunan məbləğin bu həddə uyğun olduğunu da nəzərə alır.

23. Məhkəmə kollegiyası apellyasiya baxışının predmeti olan digər hissədə, yəni xx.xx.2023-cü il təvəllüdlü X6 3 yaşına çatanadək hər ay cavabdehdən iddiaçının özü üçün aliment tutulması tələbinin rədd olunan hissəsində də qətnamənin ləğv olunması və iddianın təmin olunması üçün hər hansı əsas müəyyən etmədi. Belə ki, tərəflər arasında rəsmi nikah münasibəti yoxdur, nikah dövlət orqanında qeydə alınmamışdır. Ailə Məcəlləsinin 1.4-cü maddəsinin tələbinə görə isə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Bu baxımdan iddia tələbi apellyasiya baxışının predmeti olan həmin hissədə təmin oluna bilməz. Belə ki, qeyd olunan hissədə tərəflər arasındakı mübahisəyə Ailə Məcəlləsinin 85-ci maddəsinin tətbiqi həmin Məcəllənin 1.4-cü maddəsinə zidd olardı.

24. Qətnamə iddianın həmin tələblə bağlı təmin olunan hissəsində apellyasiya qaydasında mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qətnamənin həmin hissəsinin əsaslılığını yoxlamır və münasibət bildirmir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı cavabdehin daha yüksək gəlir əldə etməsi barədə işə baxan məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

26. MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

27. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübutetmə vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır.

28. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

29. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 11 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar