Məhkəmə qərarları › İş №2(103)-4959/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4959/2020

23.07.2020 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4959/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “gecikdirilmiş əmək haqqının və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, sonradan isə iddia tələblərinin dəqiqləşdirilməsi və iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün üçün əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmaqla 30 197,02 manatın, düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla müəyyənləşən məzuniyyət pulunun miqdarı hesablandıqdan sonra gecikdirilən günə bir faiz olmaqla əlavə əmək haqqının, habelə hüquqi yardıma görə ödənilmiş 500 manat pulun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2016-cı il tarixdə bir illik əmək müqaviləsi bağlayaraq elektrik ixtisası üzrə işə başlamış, aylıq məvacibi 942 manat təşkil emiş, xx.xx.2017-ci il tarixinədək işləmiş, cavabdehə qarşı “əmək münasibətlərinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq cavabdehdən xeyrinə 2465,12 manat ödənilməyən əmək haqqının tutulması qət edilmişdir. Həmin qətnamə ilə müyyən olunmuşdur ki, cavabdeh ona aşağıda göstərilən aylar üzrə və miqdarda əmək haqqını ödəməmişdir: Aprel 2016 - 471 manat, May 2016 - 376,8 manat, İyun 2016 - 396,6 manat, İyul 2016 - 327,7 manat, Avqust 2016 - 269 manat, Oktyabr 2016 - 358,9 manat, Noyabr 2016 - 85,6 manat. Cavabdeh tərəfindən xx.xx.2019cu il tarixdə ona 2865 manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Cavabdeh ona düşən məbləği məhkəmə qətnaməsi çıxdıqdan sonra xx.xx.2019-cu il tarixdə ödədiyin görə, əvvəlcədən tələb etdiyi həmin ödənc bu tarixədək hesablanmalıdır. Hesab edir ki, işlədiyi müddət ərzində ona verilən əmək haqqı tam olmamışdır və hesablamalarına görə bu müddətdə cavabdeh ona 30 197,02 manat ödənc verməlidir. Hesablamalar aşağıdakı kimi aparılmışdır: Aprel 2016 - 471 manat, May 2016 - 376,8 manat, İyun 2016 - 396,6 manat, İyul 2016 - 327,7 manat, Avqust 2016 - 269 manat, Oktyabr 2016 - 358,9 manat, Noyabr 2016 - 85,6 manat. Aprel ayı üçüngecikdirilən əmək haqqı mayın 10-dan gecikdirilən günlərin sayı- 1127 gün; May ayı üçün gecikdirilən əmək haqqı iyunun 10-dan gecikdirilən günlərin sayı-1096 gün; İyun ayı üçün gecikdirilən əmək haqqı iyulun 10-dan gecikdirilən günlərin sayı-1066 gün; İyul ayı üçün gecikdirilən əmək haqqı avqustun 10-dan gecikdirilən günlərin sayı - 1035 gün; Avqust ayı üçün gecikdirilən əmək haqqı sentyabrın 10-dan gecikdirilən günlərin sayı - 1007 gün; Oktyabr ayı üçün gecikdirilən əmək haqqı sentyabrın 10-dan gecikdirilən günlərin sayı - 974 gün; Noyabr ayı üçün gecikdirilən əmək haqqı oktyabrın 10-dan gecikdirilən günlərin sayı - 944 gün. Cəmi: Aprel ayı üçün gecikdirilən pulun miqdarı - 5380 manat; May ayı üçün gecikdirilən pulun miqdarı - 4129 manat; İyun ayı üçün gecikdirilən pulun miqdarı - 4228 manat; İyul ayı üçün gecikdirilən pulun miqdarı - 3392 manat; Avqust ayı üçün gecikdirilən pulun miqdarı - 2980 manat; Oktyabr ayı üçün gecikdirilən pulun miqdarı - 3495 manat; Noyabr ayı üçün gecikdirilən pulun miqdarı - 808 manat. Bundan əlavə, xx.xx.2017-ci il tarixində “xxxx” ASC-dən 4000 manat kredit götürmüş, həmin tarixdə cavabdehin ona əmək haqqı borcu olmuşdur. Bu kredit üçün əlavə ödədiyi 2694,63 (6694,63-4000) manat da Əmək Məcəlləsinin 195-ci maddəsinin "b” bəndinə əsasən maddi ziyan hesab edilməli və cavabdehdən xeyrinə tutulmalıdır. Beləliklə, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixliqətnaməsinə uyğun olaraq hesablanan 2465,12 manatın ödənilməsinin gecikdirilməsinə görə 30197,02 manat, iki xəstəlik tarixi ilə yenidən hesablanaraq yaranan əlavə pulların gecikdirilməsinə görə 24683,45 manat, 2017-ci ildə yenidən hesablanmalardan əmələ gələn son haqq-hesabın gecikdirilməsinə görə hər gecikdirilən gün üçün 1% hesablanan məbləğ, “xxxx” ASC-dən götürdüyü kreditin əlavəsi olaraq ödədiyi 2694,63 manat, hüquqi yardıma görə ödədiyi pul cavabdehdən xeyrinə tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh MMC-dən əlavə hesablanmış əmək haqqı məbləğinə əsasən 314,01 (üç yüz on dörd manat bir qəpik) manat son haqq hesab məbləğinin (istifadə olunmamış məzuniyyət pulunun) İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual normaların tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, işi obyektiv araşdırmadığını irəli sürmüşdür. Əvvəlki məhkəmə iclasında iştirak edən apellyator apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətinin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddianın təmin olunmayan hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayətində qətnamənin ləğvini istəsə də, iradə ifadəsi faktiki olaraq iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasından ibarət olmuşdur. Başqa sözlə, qətnamənin iddia tələbin qismən təmin edilməsi ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, iddiaçının Cavabdeh MMC-yə qarşı “əmək münasibətlərinin bərpası və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunaraq 2016-cı ilin aprel ayından 2017-ci ilin yanvar ayınadək olan dövr üzrə ödənilməyən 2465,12 manat məbləğində əlavə əmək haqqının, habelə hüquqi yardıma görə ödənilmiş 400 manatın həmin şirkətdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2016xx.xx.2016-cı il və xx.xx.2016-xx.xx.2017-ci il tarixlərdə xəstəlik vərəqəsinə əsasən orta əmək haqqının yenidən hesablanaraq iddiaçıya təqdim edilməsinin adı çəkilən şirkətə həvalə edilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra onun icrası qaydasında İddiaçı bankdakı hesabına xx.xx.2019-cu il tarixdə 2865,12 manat köçürülmüşdür. İş materiallarında olan, Cavabdeh MMC-nin DSMF-nin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan aydın olur ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin “İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək və xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan xəstəlik vərəqələrinə əsasən yenidən hesablama aparılması” göstərişinə əsasən, xx.xx.2019-cu il tarixində əlavə olaraq 220,58 manat məbləğində vəsait müəssisə tərəfindən İddiaçı hesabına ödənilmiş, qeyd edilən xəstəlik dövrləri üçün DSMF tərəfindən yenidən hesablanmalı olan vəsaitin hesablanma və ödəniş qaydasının MMC-yə bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Bakı şəhər İdarəsinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə Fond tərəfindən ödənilmiş 1447,27 manat müavinət və 163,00 manat gəlir vergisi Bakı şəhər İdarəsinin xəzinə hesabına geri qaytarılmalı, geri qaytarılmış məbləğ hesaba daxil olduğu halda "X1 Sistemi”ndə müvafiq düzəlişlər edildikdən sonra "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnaməyə əsasən sığortaolunana aid olan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə haqq-hesab cədvəllərində müvafiq düzəlişlər edilib müraciət olunduğu halda müavinətlə bağlı sənədlərə yenidən baxılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin Məcəllənin 301-ci maddəsinin 1 -ci bəndinə əsasən, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. İşin müəyyən olunan hallarından göründüyü kimi, Qaradağ Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsinin “əmək haqqının və hüquqi yardıma görə xərcin ödənilməsi” hissəsi qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, qətnamənin digər göstərişi üzrə isə xəstəlik vərəqələrinə görə yenidən hesablama aparılaraq müvafiq vəsait iddiaçının hesabına köçürülmüşdür. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının “əmək haqqının gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin və düzgün ödənilməyən xəstəlik vərəqəsi üzrə olan hesabatla hər gecikdirilən günə bir faiz məbləğində ödəncin verilməsi” iddiasının hüquqi əsasının olmadığı nəticəsinə gəlmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Kollegiya iddiaçının “xxxx” ASC-dən kredit götürməsi ilə bağlı maddi ziyana məruz qalması ilə bağlı tələbi üzrə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla əlaqədar əlavə araşdırma aparılmasına zərurət görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbləri üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir; buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-396/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Vahid Sadıqov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar