Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4960/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh «xxxx Sığorta» ASC-nin nümayəndələri X1 və X2 iştirakları ilə İddiaçı cavabdeh «xxxx Sığorta» ASC-yə qarşı «pul» tələbi barədə iddiası üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2836/2019 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı - cavabdeh «xxxx Sığorta» ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat məbləğində sığorta ödənişinin və 30 manat dövlət rüsumunun cavabdeh «xxxx Sığorta» ASC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil 23.08.2018-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 1 il müddətinə sığorta təminatında idi. İddiaçının atası etibarnamə əsasında sözügedən avtomobili idarə edərkən 23.08.2019-cu il tarixdə Zığ şossesində “Kia Sorento” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə baş verdiyi zaman dərhal sığorta şirkətinə məlumat verilmişdir. Lakin şirkətin əməkdaşları hadisə yerinə gələcəklərini bildirsələr də, sonradan müqavilənin informasiya sistemində olmadığını bildirərək hadisə yerinə baxış keçirilməsinə lüzum olmadığını bildirmişlər. İddiaçı sonradan cavabdeh şirkətə rəsmi müraciət məktubu yollasa da, cavabdehin 30.08.2019-cu il tarixli məktubuna əsasən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, hadisə 19:00 radələrində baş verdiyi üçün həmin vaxt üçün informasiya sistemində müqavilə mövcud olmadığından sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2836/2019 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-1 maddəsinə əsaslanmış və sığorta müqaviləsinin müddəti bitdiyi üçün qüvvədən düşmüş hesab edərək yol nəqliyyat hadisəsini sığorta hadisəsi hesab etməmişdir. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 906.1-ci maddəsinin tələblərinə ziddir. İstisna haldır ki, qanunlar arasında ziddiyət görünərsə üstün Məcəlləyə istisna edilməli və qanunun xronologiyasına əsasən müqavilə sisteminin informasiya ehtiyatında günün sonuna qədər mövcud olmaladır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.06.2020-ci il tarixli, 2(103)- 3159/20 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2(009)-2839/2019 saylı, 25.10.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edilməsi, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən 5000 (beş min) manat sığorta ödənişinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.02.2021-ci il tarixli 2(102)-484/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3159/2020 nömrəli iş üzrə 12.06.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını bütünlüklə yoxlayır. İşin materiallarında olan Sığortalı X3 ilə sığortaçı “xxxx Sığorta” ASC arasında “Dodge Durango” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bağlanmış 17.08.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumat vərəqəsindən görünür ki, sığorta təminatının müddəti 1 il müəyyənləşdirilməklə müqavilənin qüvvəyə minmə tarixi 23.08.2018-ci il saat 09:36, müqavilənin qüvvədən düşmə tarixi isə 23.08.2019-cu il saat 09:36 qeyd edilmişdir. İşin hallarından aşkar göründüyü kimi, yol nəqliyyat hadisəsinin 23.08.2019-cu il tarixdə saat 19:10-da baş verməsi işin mübahisəsiz halıdır. Belə ki, sözügedən yolnəqliyyat hadisəsinin göstərilən tarixdə və saatda baş verməsi hər iki tərəfin izahatlarında, həmçinin inzibati xəta haqqında TP seriyalı ******* saylı qərarda əks olunmuşdur. İddiaçı bildirir ki, cavabdeh təşkilatda icbari sığorta müqaviləsi əsasında sığorta edilmiş avtomobili ilə sığorta müddətinin sonuncu günü, yəni 23.08.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədilmişdir. Ona görə də həmin sığorta müqaviləsi əsasında sığorta ödənişi almalıdır. İddiaçının tələbinə uyğun gələn hüquq əsas kimi Mülki Məcəllənin 883.1ci və İcbari Sığortalar Haqqında Qanunun 50.1-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normaların məzmunundan görünür ki, sığortaçı, sığorta müqaviləsi əsasında sığorta obyektinin məruz xxxx biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzini və ya razılaşdırılan pul məbləğini sığorta hadisəsinin baş verməsi əsasında sığortalıya ödəməlidir. Lakin cavabdehin iddiaya etirazından görünür ki, bağlanmış icbari sığorta müqaviləsi ilə iddiaçının avtomobili 23.08.2019-cu il saat 09:36-dək sığorta edilmişdir. İddiaçının istinad etdiyi yol-nəqliyyat hadisəsi isə həmin tarixdə, lakin saat 19:00 radələrində baş vermişdir. Bu səbəbdən sığorta müqaviləsi elektron sistem üzrə hadisənin baş verdiyi vaxt qüvvədə deyildi. Ona görə də, qəzaya uğradığı anda iddiaçının avtomobili ilə bağlı sığorta təminatı olamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz xxxx biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. - 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. - 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir - 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 8-1.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır. - 34-1.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulan icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və icbari sığorta növlərinin həyata keçirilməsinə nəzarətin səmərəli təşkili məqsədilə icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və (və ya) zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatları ehtiva edən vahid elektron informasiya sistemi (bundan sonra – “informasiya sistemi”) qurulur və istifadəsi təmin edilir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülki hüquq baxımından sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Beləliklə, sığortaçının sığorta ödənişi vəzifəsinin yaranmasının hüquqi əsası həm icbari sığorta haqqında qanunvericilik müddəaları, həm də tərəflər arasında bağlanmış sığorta müqaviləsi çıxış edə bilər. Kollegiya qeyd edir ki, hazırkı mübahisə üzrə sığorta müqaviləsinin müddətinin sonuncu gün saat iyirmi dördədək qəbul edilməsi üçün əsaslar mövcud deyil. Məlum olduğu kimi, MM-in 906.1-ci maddəsi bu qaydanın tətbiqini icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa qaydanın nəzərdə tutulmamsı şərtindən asılı etmişdir. İddiaçının avtomobilinə dair bağlanmış sığorta müqaviləsində isə başqa qayda nəzərdə tutulmuşdur. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununda zərərin əvəzinin ödənilməsi üçün əsas olan olan hadisə və halların icbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verməsi zəruri sayılmış, belə müqavilə yalnız informasiya sistemi ehtiyatında mövcud olduğu halda etibarlı hesab edilmişdir. Sözügedən informasiya sisteminə daxil edilən şərtlər isə tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsində razılaşdırılmış məlumatlardır. İddiaçının avtomobilinə dair bağlanmış icbari sığorta müqaviləsində müqavilənin qüvvəyə minmə tarixi 23.08.2018-ci il saat 09:36, müqavilənin qüvvədən düşmə tarixi isə 23.08.2019-cu il saat 09:36 olaraq razılaşdırılmışdır. Bu hal ona dəlalət edir ki, tərəflərin bağladıqları müqavilədə icbari sığorta müqaviləsinin vaxtına dair MM-in 906.1-ci maddəsindən fərqli qayda müəyyən edilmişdir. Buna uyğun olaraq, həmin müqavilə informasiya sistemi ehtiyatında məhz 23.08.2019-cu il saat 09:36-dək mövcud olmaqla sığorta təminatı yaratmışdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, həmin saatdan sonra baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina edilməsi icbari sığorta qanunvericiliyinə uyğun olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Kollegiya, icbari sığorta edilmiş avtomobilin mülkiyyətçisinin dəyişməsinə və bu halda sığorta təşkilatının yeni mülkiyyətçini məlumatlandırmamasına görə müqavilənin son gün saat 24:00-dək qüvvədə olması haqqında apellyasiya şikayətinin dəlili ilə də razılaşmır. Ona görə ki, qanunla və ya müqavilə ilə müəyyən edilməyən bir vəzifə mülki hüquq münasibətlərinin subyektləri üzərinə qoyula bilməz. Həmçinin də, icbari sığorta qanunvericiliyində aşkar şəkildə qeyd edilmişdir ki, icbari sığorta müqaviləsi qüvvədə olduğu müddət ərzində əmlakın sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə müqavilə müddətinin sonunadək yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda sığortalıya aid edilən bütün hüquqlar və vəzifələr əmlakın yeni sahibinə və ya istifadəçisinə şamil edilir. Göründüyü kimi, əşyaya dair bağlanmış icbari sığorta müqaviləsi üzrə hüquq və vəzifələr eynilə əşyanın yeni sahibinə və ya mülkiyyətçisinə aid olur. Bu qayda sığorta müqaviləsinin müddətinə dair tərəflər arasındakı razılaşmanı da əhatə etdiyi üçün avtomobilə dair icbari sığorta müqaviləsini bağlamış Elnur Sadıqovun razılaşdırdığı müqavilə şərti - müqavilənin 23.08.2019-cu il saat 09:36-dək qüvvədə olması, ondan sonrakı mülkiyyətçi olan iddiaçıya da şamil edilir. Belə olan halda, sonuncunun sığorta təşkilatı tərəfindən ayrıca məlumatlandırılmasına gərək olmamışdır. Kollegiya daha sonra qeyd edir ki, qanunverici fiziki və hüquqi şəxslərə müstəqil surətdə və qanunvericiliyə zidd olmayan şərtlər daxilində müqavilə bağlamaq hüququ tanımışdır. Hazırki işdə əvvəlki mülkiyyətçi ilə cavabdeh arasında icbari sığorta müqaviləsi bağlanmış və müqavilənin qüvvəyə minmə və qüvvədən düşmə saatı və tarixi müəyyənləşdirilmişdir. Müqavilə hər iki tərəfin iradə ifadəsi əks olunmaqla bağlanmış və tərəflərin hər ikisi tərəfindən razılaşdırılmaqla imzalanmışdır. Qanunvericilikdə sığorta təminatının müddəti kimi müqavilənin qüvvədə olduğu sonuncu tarix kimi sonuncu gün saat iyirmi dördü göstərilsə də, icbari sığorta qanunları və müqavilə istisna hal kimi qeyd edilmişdir. Hazırki işdə isə tərəflər arasında bağlanmış müqavilədə müqavilənin qüvvədən düşmə tarixi və saatı dəqiq göstərilmiş və tərəflər həmin müqaviləni müqavilədə nəzərdə tutulan şərtlər daxilində imzalamışdırlar. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2836/2019 saylı iş üzrə qəbul etdiyi 25 oktyabr 2019-cu il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-4960/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4960/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver