Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4964/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil2, üçüncü şəxs Pərvin Bağırovanın vəkili və nümayəndəsi Məhyəddin Əbdülovun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı cavabdeh bacı-qardaşdır. Onların arasındakı mübahisə aşağıda göstərilən 4 daşınmaz əşya ilə bağlıdır: 1) Səbail rayonu, Badamdar qəsəbəsi, 0,03 ha torpaq sahəsi; 2) Səbail rayonu, 10-cu Kiçik Qala küçəsi, 11 №-li ev; 3) Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçəsi, 10 №-li ev; 4) Xəzər rayonu, Qala qəs., sahə 126D ünvanında 0,12 ha torpaq sahəsi. Tərəflərin atası 03.11.2014-cü ildə, anası isə 09.09.2017-ci ildə ölüb. Həmin 4 əşya tərəflərə valideynlərindən miras qalıb. Tərəflər bərabər pay hüquqlu vərəsələr kimi miras qəbul ediblər, 4 əşya üzərində onların paylı mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Daha sonra iddiaçı (hədiyyə verən) ilə cavabdehin (hədiyyə alanın) arasında Bakı şəhəri 53 saylı Notariat Kontorunda 4 əşyaya dair 4 bağışlama müqaviləsi bağlanıb: 1) 04.05.2018-ci il tarixli müqavilə ilə iddiaçı 1-ci əşyanın özünə məxsus ½ hissəsini cavabdehə bağışlayıb; 2) 04.05.2018-ci il tarixli müqavilə ilə iddiaçı 2-ci əşyanın özünə məxsus ¼ hissəsini cavabdehə bağışlayıb; 3) 04.05.2018-ci il tarixli müqavilə ilə iddiaçı 3cü əşyanın özünə məxsus ½ hissəsini cavabdehə bağışlayıb; 4) 22.06.2018-ci il tarixli müqavilə ilə iddiaçı 4-cü əşyanın özünə məxsus ½ hissəsini cavabdehə bağışlayıb. 4-cü əşya, yəni Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanındakı 0,12 ha torpaq sahəsi bütünlüklə cavabdehin mülkiyyətinə keçdikdən sonra cavabdeh 15.05.2019cu il tarixli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsini üçüncü şəxs X1 və 20.05.2019cu il tarixdə üçüncü şəxsin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, bağışlama müqavilələri etibarsız hesab olunsun. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, bağışlama müqavilələri etibarsız hesab edilsin. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Pərvin Bağırovanın vəkili və nümayəndəsi Məhyəddin Əbdülov bildirdi ki, üçüncü şəxsin mülkiyyətində olan, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsi barədə verilmiş iddia əsassızdır, çünki üçüncü şəxs həmin əmlakı satın alıb. Qətnamənin yoxlanılması: İddianın əsası iddia ərizəsində və iddia ərizəsinə əlavədə göstərilib. İddia onunla əsaslandırılıb ki, bağışlama müqavilələri aldatama nəticəsinə bağlanıb. Aldatma onunla izah olunub ki, iddiaçı bağışlama müqavilələrini cavabdehin ona verdiyi vədə inanaraq bağlayıb. Belə ki, cavabdeh vəd verib ki, bağışlamanın əvəzində o, valideynlərinə aid olan digər 2 əşyanı – Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivindəki evi və Nərimanov rayonu, X4 küçəsi, ev № 11B-də yerləşən 30 №-li mənzili iddiaçıya verəcək. Lakin cavabdeh vədinə əməl etməyib, iddiaçı isə aldadıldığını başa düşərək hazırkı iddianı irəli sürüb. Məhkəmə qeyd edir ki, bağışlama müqaviləsi mənəvi dəyərlərə əsaslanan müqavilədir. Belə ki, hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, müqavilənin əsasında mənəvi dəyərlər dayanır. Ona görə də belə mübahisələrin düzgün həll edilməsi üçün ilk növbədə bağışlamanın əsasında mənəvi dəyərlərin olub-olmadığı aydınlaşdırılmalıdır. Tərəflərin arasındakı keçmiş və hazırkı münasibətlərin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, bağışlamanın əsasında mənəvi dəyərlər dayanmır: onlar ayrı-ayrı yaşayıblar, birinin digərinin qarşısında qohumluq münasibətlərinə əsaslanan xüsusi xidmətləri olmayıb və s. Cavabdehin özü də mənəvi dəyərlərə aid olan hər hansı nümunə göstərə bilmir. Ona görə də sual yaranır ki, nəyə görə iddiaçı kifayət qədər dəyərə malik olan 4 daşınmaz əşyadakı payını mənəvi cəhətdən daha çox bağlı olduğu şəxsə - övladına deyil, bacısına bağışlayıb ? Əgər iddiaçı bacısına 1 daşınmaz əşyadakı payını bağışlasayıdı bu, şübhə doğurmazdı, 4 daşınmaz əşyadakı payın bağışlanması mənəvi dəyərlərlə bağlı şübhə doğurur. Bu sualın cavabı oldur ki, bağışlama müqavilələri aldatma nəticəsində bağlanılıb. Belə ki, cavabdeh iddiaçıya vəd verib ki, 4 əşyadakı payını ona bağışlayacağı təqdirə digər 2 əşyanı – Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış masivindəki evi və Nərimanov rayonu, X4 küçəsi, ev № 11B-də yerləşən 30 №-li mənzili iddiaçıya verəcək. Mülki Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Cavabdehin vədi şərt və ya öhdəlik kimi bağışlama müqavilələrində təsbit edilmədiyinə görə etibarlı şərt və ya öhdəlik sayılmır. Ona görə də cavabdehin vədi aldatma kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 339.2-ci maddəsində qeyd olunub: “Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir”. İddiaçı aldadıldığını sübut etmək üçün "WhatsApp” mesajlarına (smartfonlar üçün ani mesajlaşma mübadilə sisteminin məlumatlarına) istinad edir. Bununla bağlı məhkəmə qeyd edir ki, bağışlama ilə bağlı belə mübahisələr həll edilərkən sübutetmə prosesində aradan tam qaldırılması mümkün olmayan şübhələr hədiyyə verənin lehinə həll olunmalıdır. Çünki bağışlamanın etibarsız sayılması nəticəsində hədiyyə alan özünə məxsus olan əşyadan məhrum olmur, başqasına məxsus olan və əvəzsiz əldə etdiyi əşyanı geri qaytarmalı olur. Əgər şübhə hədiyyə verənin əleyhinə həll olunsa o, özünə məxsus olan əşyadan hər hansı əvəz almadan məhrum olur. Odur ki, bağışlama müqavilələri etibarsız sayılmalıdır. İddiaçı bağışlama müqavilələrinin etibarsız sayılması barədə tələbi irəli sürmək üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş 1 illik müddəti ötürməyib. İddiaçının nümayəndəsi bildirir ki, iddia ərizəsinin məhkəməyə verilməsindən 2-3 ay əvvəl iddiaçı bilib ki, cavabdeh onu aldadıb. Belə ki, məhz həmin vaxt cavabdeh iddiaçıya deyib ki, 2 ədəd daşınmaz əşyanı onun adına keçirməkdən imtina edir. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən sübut təqdim etməyib. Bağışlanmış əşyalardan birinin - Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi bağışlama müqaviləsinin etibarsız sayılmasına mane olmur. Belə ki, 1-ci, həmin hal etibarsızlıqla bağlı tələbin rədd edilməsi üçün əsas deyil; 2-ci, hüquqi müəyyənlik üçün bağışlama müqaviləsi etibarsız sayılmalıdır. Bu, iddiaçıya imkan verəcək ki, həmin əşya ilə bağlı qanuni maraqlarının müdafiəsi üçün zəruri olan sonrakı hərəkətləri reallaşdıra bilsin: zərərin əvəzinin ödənilməsini tələb etsin, yaxud əmlakın satışdan əldə edilən pulun onun payına uyğun olan hissəsinin ona verilməsini tələb etsin və s. Beləliklə, iddia əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 11.03.2020-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. İddiaçı ilə Cavabdehın arasında bağlanmış, Bakı şəhəri 53 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş aşağıda göstərilən müqavilələr etibarsız hesab olunsun: 1) Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin ½ hissəsinə dair 04.05.2018-ci il tarixli bağışlama müqaviləsi; 2) Bakı şəhəri, Səbail rayonu, 10-cu Kiçik Qala küçəsində yerləşən 11 №-li evin ¼ hissəsinə dair 04.05.2018-ci il tarixli bağışlama müqaviləsi; 3) Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İstiqlal küçində yerləşən 10 №-li evin ½ hissəsinə dair 04.05.2018-ci il tarixli bağışlama müqaviləsi; 4) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, sahə 126D ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin ½ hissəsinə dair 22.06.2018-ci il tarixli bağışlama müqaviləsi. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4964/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4964/2021
18.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver