Məhkəmə qərarları › İş №2(103)-4974/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4974/2025

03.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4974/2025 03.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə Rayon Mərkəzi X2rşı Tibbi Ərazi Bölmələrini X17 Hüquqi Şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh Bərdə Rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı 2012-ci il tarixdən rəsmi nikahda olduğu mərhum arvadı X7 ölümündə Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X6 təqsirli bilinmişdir. Hazırda İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə rayon Mərkəzi Xəstəxanasına qarşı mənəvi zərərin ödənilməsi tələbi ilə müraciət edərək ona dəymiş mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Bərdə Rayon Mərkəzi X2rşı Tibbi Ərazi Bölmələrini X17 hüquqi şəxsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vurulmuş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həyat yoldaşı X7 ölməsinə görə vurulmuş mənəvi zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş dövlət rüsumuna görə 240 manat olmaqla, ümumilikdə 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Bərdə Rayon X13 Hüquqi Şəxsdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci ildə X11 ilə ailə həyatı qurmuşdur. Onların iki övladı var. 2023-cü ildə həyat yoldaşı faciəvi şəkildə vəfat etdi. Ailə başçısı olaraq baş vermiş cinayət hadisəsi nəticəsində 9 ildən artıq nikahda olduğu, 30 yaşlı həyat yoldaşının vəfat etməsindən sonra davamlı iztirab, sarsıntı keçirir. Belə ki, cavabdehin X9, reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq reanimatoloq vəzifəsində işləyən, X6 xx.xx.2021-ci il tarixdə saat 15:30-da “Bərdə rayon Mərkəzi Xəstəxanası” X25 Ginekologiya şöbəsinə “Sağ boru hamiləliyi” diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində “Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi” cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35-də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X25 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X7 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsi olan “Həkim anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı”nın həkim anestezioloq reanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkim-anestezioloq reanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, xx.xx.2021-ci il tarixdə saat 08:55-də X7 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran posthemorragik anemiya fonunda endotraxeal narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Naibənin ölümü ilə əlaqədar Bərdə rayon prokurorluğunda araşdırma aparılmış, həyat yoldaşının Elsevər Allahverdiyevin səhlənkarlığı nəticəsində ölməsi sübut olundu, cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin 1(021)-3/2020 nömrəli, 01 fevral 2023-cü il tarixli hökmü ilə X6 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloq-reanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-243/2023 nömrəli 12 may 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi hadisə Səhiyyə Nazirliyinin əməkdaşının-Bərdə Rayon Mərkəzi Xəstəxanasının əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdehlərin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Hal-hazıra kimi həyat yoldaşının vəfat etməsi ilə bağlı vurulmuş mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən ona heç bir müraciət belə edilməmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının faciəvi surətdə ölməsi ilə bağlı onun mənəvi sarsıntı keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və iztirablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Ona vurulmuş mənəvi ziyan ödənilməmişdir. Bu baxımdan mərhum həyat yoldaşının faciəvi ölümü keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirablar və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehlərdən alınaraq ödənilməlidir. Cavabdeh Bərdə Rayon X13 hüquqi şəxsi iddia tələbinə etiraz ərizəsi müraciət edərək iddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 nömrəli, 17 iyun 2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması, cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X20 İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumuna görə 180 (yüz səksən) manat məbləğində pulun tutulması, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının 10 ildən artıq nikah münasbətlərində olduğu, birlikdə iki övlad böyütdüyü və həkim səhlənkarlığı nəticəsində ölmüş arvadının ölümü keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsiz və aşkardır. Üstəlik də iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də aydın olur ki, iddiaçının arvadı məhz elə hamiləliyinə görə xəstəxanada olmuşdur. Bu hal da ona dəlalət edir ki, tərəflər arasında faktiki ər-arvad münasibətləri də mövcud olmuşdur. Bütün bunların fonunda iddiaçının arvadının vaxtsız ölümündən və bundan sonra iki azyaşlı övladını anasız təkbaşına böyütmək məcburiyyətindən keçirdiyi hisslər kifayət qədər aydındır. Odur ki, cavabdehin iddiaçının mənəvi zərər keçirməsinə dair sübutların nədən ibarət olmasına dair dəlilləri tamamilə əsassızdır. Cavabdehin həkimin məsuliyyəti ilə bağlı irəli sürdüyü dəlillər də öz növbəsində əhəmiyyətsizdir. Belə ki, hətta xəstəxanaya qarşı iddianın təmin olunması gələcəkdə xəstəxananın da həkimə qarşı tələb irəli sürməsini istisna etmir. Beləliklə məhkəmənin gəldiyi qənaətə əsasən iddiaçının tələbi qismən əsaslıdır, məhkəmə iddiaçının tələbinin 30.000 manat həddində təmin edilməklə ona vurulmuş mənəvi zərərin ədalətli kompensasiya olunmasını və iddiaçının şüurunda müsbət reaksiyalara səbəb ola biləcəyini əsaslı hesab etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, iddia tələbi Bərdə rayon Mərkəzi Xəstəxanası ilə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı da irəli sürülməsinə baxmayaraq Səhiyyə Nazirliyi bu tələbdə hər-hansı cavabdehlik daşıyan tərəf deyildir və ona qarşı iddia tələbi təmin edilə bilməz. Həmin qətnamədən cavabdeh Bərdə Rayon X13 Hüquqi Şəxsi tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin - iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in tələblərinə əsasən məhkəmə iddiaçı tərəfindən cavabdehin düz müəyyən edilib edilməməsi, iddianın əsl cavabdehə qarşı qaldırılıb-qaldırılmaması, cavabdehin əsl cavabdehlə əvəz edilməsi, məhkəmə aidiyyəti və ya ərazi aidiyyəti məsələlərinə işin icraata qəbul edilməsi barədə qərarla və ya hazırlıq iclası keçirilməsi zamanı müəyyən edilməsi nəzərdə tutulur. Qeyd edilən prosesual məsələlər, o cümlədən cavabdehlə bağlı məsələlər məhkəmə baxışında müəyyən edilməməlidir. Ancaq məhkəmənin mövqeyindən görünür ki, iddia tələbinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı qaldırılmasına baxmayaraq bu orqanın cavabdeh olmadığı qənaətinə gələrək bu cavabdehə münasibətdə iddia tələbini təmin etməmişdir. Məhkəmə öz təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdehlik məsələsinə şifahi məhkəmə baxışınadək münasibət bildirməmiş, eləcə də iddiaçıya cavabdeh seçimində iddia tələbinə redaktə edilməsi təklif edilməmişdir. Belə olan halda Bərdə Rayon mərkəzi Xəstəxanasına qarşı qaldırılmış iddia tələbi üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən qətnamə çıxarılması aidiyyət məsələsinin kobud şəkildə pozulması hesab edilməlidir. MPM tələblərinə əsasən aidiyyət məsələsinin pozuntusu yolverilməzdir. Üçüncü şəxs TƏBİB-ə münasibətdə isə qeyd etmək lazımıdır ki, məhkəmə ərazi aidiyyəti üçüncü şəxslərə münasibətdə deyil, yalnız cavabdehlərə münasibətdə müəyyən edilməlidir. İşin mahiyəti üzrə qeyd etmək zəruridir ki, məhkəmə ziyan vurma ilə bağlı mülki məcəllənin müvafiq maddələrinə istinad edərək mənəvi ziyana görə kompensasiyanın 30.000 manat həcmində müəyyən edilməsini ədalətli hesab etmişdir. Bununla bağlı hesab edilir ki, məhkəmənin ədalətli hesab etdiyi 30.000 kompensasiya məbləği həddən artıq çoxdur. Müqayisə üçün göstərmək olar ki, məlum 44 günlük 2-ci Qarabağ Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinə birdəfəlik 11.000 manat kompensasiya ödənilmişdir. Həm də nəzərə almaq lazımdır ki, bu şəxslər öz maraqları üçün deyil, Dövlətin ərazi bütövlüyü və suverenliyi üçün, həm Dövlət və ümumilikdə bütün ölkə əhalisinin mənəviyyatına xidmət edən bir iş uğrunda şərəflə şəhid olmuşdir. Eləcə də müharibədə də həlak olanların ailəsində şəhidin ataya ehtiyaca olan övladları, ailəsi, valideynləri yaxınlarını itirməsindən əzab-iztirab keçirmələri təbiidir. Həkim səhlənkarlığndan vəfat etmiş şəxsin həyat yoldaşına 30.000 manat kompensasiya verilməsi şəhidlərin ailə üzvlərinə münasibətdə ədalətsiz olmaqla həm də cəmiyyətdə mənfi emosiyalar yarada bilər. Ancaq məhkəmə tərəfindən mənəvi ziyanın məbləğinin müəyyən edilməsində bu sahadə olan münasibətlər nəzərə almamışdır. Dövlətin maliyyə imkanları, Bərdə Rayon Mərkəzi Xəstanasının büdcəsilə müqayisə edilməsi mümkün olmayan həddə fərqli olmaqla daha böyük maddi resurslara malikdir. Həmçinin vətən uğrunda şəhid olanların xatirəsi, onların ailəsinin maddi-məişət qayğıları Dövlət üçün daha aktual məsələdir. Mülki hüquqdan sui-istifadə edilməsi yolverilməzdir. İddiaçının ailə üzvünü itirməsinə görə ödənilən kompensasiya məbləği iddiaçının zənginləşməsinə xidmət edən məbləğ olmamalı, cavabdehin Mərkəzi Xəstəxana olmaqla insanların həyat və səhhətinin yaxşılaşdırılımasına xidmət etməsi nəzərə alınaraq maliyyə vəsaitinin ayrılmasında, xərclənməsində də qənaət prinsipinə əməl edilməlidir. Mənəvi ziyana görə kompensasiyanın ödənilməsi həm də cavabdeh Mərkəzi Xəstəxananın digər şəxslərə tibbi yardım göstərən bir qurum olmaqla maliyyə imkanlarının məhz insanların səhhətinin qorunmasına istiqamətlənməsi də nəzərə alınmalıdır. Mənəvi ziyanın məbləği müəyyən edilərkən X14 kommersiya qurumu olmamasına diqqət edilməli idi. Ancaq məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar qətnamə çıxarılarkan nəzərə alınmamışdır. Bərdə rayon X15 tibb müəssisəsi olmaqla həkim səhlənkarlığına yol verilmiş həkimanestezoloqun işə qəbul edilməsi, işə qəbul edilən həkimlərin peşəkarlıq səviyyəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Hazırkı iş üzrə də həkim anestezoloqun Bərdə Rayon Mərkəzi Xəstəxanasında işə qəbul edilməsi Səhiyyə Nazirliyinin göndəriş məktubu əsasında həyata keçirilib. Nəzərə alınsa ki, Bərdə Rayon Mərkəzi X4maqla Dövlət tərəfindən təşkil edilmiş hüquqi şəxsdir və səhiyyə xidməti dövlət nəzarətindədir. Belə olan halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi əsasında Dövlət tərəfindən yaradılmış X22 işə qəbul edilən həkim anestezoloqun səhvindən şəxsə vurulmuş maddi və mənəvi ziyan da Dövlət tərəfindən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hesabına ödənilməlidir. Həmçinin Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələblərindən görünür ki, zərərin əvəzinin ödənilməsi vəzifəsinin zərər vurmayan şəxsin də öhdəsinə qoyula bilməsi mütləq deyil, imperativ xarakter daşımır. Məhkəmə tərəfindən maddənin tələbləri düzgün tətbiq edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, qətnamədən Bərdə Rayon X13 Hüquqi Şəxsi apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qətnamə iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanun:

57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

58. Vətəndaşların sağlamlığına birlikdə ziyan vuran şəxslər qanunla müəyyən edilmiş qaydada ziyanın ödənilməsi ilə əlaqədar birgə məsuliyyət daşıyırlar.

59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qərarı: Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarı: İşçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fiziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarı: “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasında işi araşdırarkən, hazırkı mübahisənin obyektiv və ədalətli şəkildə həllinə nail olunmasından ötrü ilk növbədə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilib-törədilməməsi məsələsinə, törədildiyi təqdirdə iddiaçıya vurulan zərərlə zərərvuranın hərəkətləri arasındakı səbəbli əlaqənin olub-olmamasına, yəni bu iş üzrə iddiaçıya vurulan mənəvi zərərlə zərərvuranın hərəkətləri arasınla səbəbli əlaqənin olub-olmamasına aydınlıq gətirilməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 248243 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda toksiki ensefalopatiya səbəbindən vəfat etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müvafiq akt qeydləri kitabında 210 saylı akt qeydi aparılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(021)-3/2023 saylı hökmü ilə X3 Azərbaycan Respublikasının CM-nin 314.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək 1 (bir) il müddətə həkim-anestezioloqreanimatoloq və intensiv terapiya şöbəsinin həkimi vəzifəsini tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Hökmdə göstərilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə saat 15:30da “Bərdə rayon Mərkəzi Xəstəxanası” X25 Ginekologiya şöbəsinə “Sağ boru hamiləliyi” diaqnozu ilə daxil olub həmin tarixdə saat 15:40-da üzərində “Sağ tərəfli tubektomiya, sağ boru hamiləliyi” cərrahiyyə əməliyyatı icra ediləndən sonra saat 16:35-də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X25 Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə daxil olan 1991-ci il təvəllüdlü X7 anemiya olduğunu nəzərə almayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş, hazırda qüvvədə olan “Tibb Müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın İİİ bölməsi olan “Həkim-anestezioloq-reanimatoloqun nümunəvi vəzifə təlimatı”nın həkim anestezioloqreanimatoloqun vəzifə öhdəliklərini daşıyan 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli və ya müstəqil surətdə aparmalı olduğu halda, həmçinin həmin təlimatın həkim-anestezioloqreanimatoloqun məsuliyyətini müəyyən edən 24.1-ci bəndinə əsasən ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməli olduğu halda, bunları etməyərək, işə vicdansız və laqeyd münasibət göstərməklə, müvafiq əmrlə üzərinə düşən xidməti vəzifələrini yerinə yetirməyərək və lazımı qaydada yerinə yetirməyərək, müvafiq tibbi yardımları vaxtında göstərməyərək, təkrar intubasiya etmədən, süni venstilyasiya aparatına qoşmadan və təcili olaraq qan və qan əvəzedicilər köçürməyərək, xx.xx.2021-ci il tarixdə saat 08:55-də X7 ümumi vəziyyətinin ağırlaşmasına və tənəffüsünün dayanmasına gətirib çıxaran “posthemorragik” anemiya fonunda “endotraxeal” narkoz zamanı anoksiya nəticəsində inkişaf etmiş, hipoksik ensefalopatiya və kəskin tənəffüs çatışmazlığı ilə nəticələnən, ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan səhlənkarlıq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-243/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bərdə Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 1(021)-3/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X3 təqsiri səbəbindən iddiaçının arvadı vəfat etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının 10 ildən artıq nikah münasbətlərində olduğu, birlikdə iki övlad böyütdüyü və həkim səhlənkarlığı nəticəsində arvadının ölümü ilə bağlı onun keçirdiyi hislər heç şübhəsiz ki, onun mənəvi sarsıntı və bu hadisələrin fonunda stress və həyəcan keçirməsinə səbəb olmuşdur. Həyat yoldaşının ölümü ilə keçirmiş olduğu mənəvi sarsıntı mübahisəsiz və aşkar olması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur və onun hazırki tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının tələbləri baxımından düzgündür. Üstəlik də iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmündən də aydın olur ki, iddiaçının arvadı məhz elə hamiləliyinə görə xəstəxanada olmuşdur. Bu hal da ona dəlalət edir ki, tərəflər arasında faktiki ər-arvad münasibətləri də mövcud olmuşdur. Bütün bunların fonunda iddiaçının arvadının vaxtsız ölümündən və bundan sonra iki azyaşlı övladını anasız təkbaşına böyütmək məcburiyyətindən keçirdiyi hisslər kifayət qədər aydındır. Qeyd edilən hallar Məhkəmə Kollegiyasında iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədildiyi və iddiaçıya vurulan zərərlə zərərvuranın hərəkətləri arasındakı səbəbli əlaqənin (Bərdə rayon Mərkəzi Xəstəxanasının həkimi olmuş X1 nəticəsində iddiaçının arvadı vəfat etməsi) olduğu qənaətinə gəlməyə kifayət qədər əsas vermişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, Kollegiya qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan qeyd olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Kollegiya bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)- 388/2023 nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. Məhkəmə Kollegiyası hesab edir ki, 30.000 manat məbləğində pulun verilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərin əsasən (mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillərin nəzərə alınması) nəticə etibarı ilə ağlabatan və ədalətli deyildir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin məbləği hissəsində düzgün nəticəyə gəlməmişdir. Çünki, təmin edilən məbləğin vurulmuş mənəvi zərərin həcminə uyğunluğu kifayət qədər əsaslandırılmamışdır. Ona görə də qeyd olunan məbləğ azaldılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə 20.000 manat pul tutulması ağlabatan və ədalətlidir. Kollegiya oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri - mənəvi zərərin məbləğini müəyyən edilməsi hissəsində qismən əsaslı olmuşdur. Məhkəmə Kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya baxışı zamanı Bərdə Rayon Məhkəməsinin icraatında olmuş 1(021)-3/2023 saylı cinayət işi tələb edilmiş və müəyyən edilmişdir ki, həmin cinayət işi üzrə X8 hüquqi varisi kimi atası çıxış etmiş və həmin iş üzrə İddiaçı hüquqi varis olmamışdır. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmayan İddiaçı həmin iş üzrə təqsirləndirilən şəxsə qarşı şikayətinin olub-olmaması barədə iradə ifadəsi olmadığından iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı Səhiyyə Nazirliyini cavabdeh qismində göstərməklə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə araşdırması zamanı Səhiyyə Nazirliyinin hər-hansı cavabdehlik daşıması müəyyən edilməmiş və birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini Səhiyyə Nazirliyinə münasibətdə rədd etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilməli və zərərin miqdarı azaldılaraq 20.000 (iyirmi min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

Cavabdeh Bərdə Rayon X13 Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-948/2025 nömrəli, 17 iyun 2025-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin məbləği hissəsində dəyişdirilsin və zərərin miqdarı azaldılaraq 20.000 (iyirmi min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar