Məhkəmə qərarları › İş №2(103)-4989/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4989/2023

19.07.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4989/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh ya qarşı “əqdin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin; iddiaçı X1 cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlu və oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdeh ya qarşı “əqdin etibarsız hesab edilməsi və zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin, iddiaçı X1 cavabdeh İddiaçı MMC-yə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-33/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiyasının mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC cavabdeh ya qarşı “müqavilənin ləğvi və maddi ziyan” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrin ləğv olunması, zərərin əvəzi olaraq 1.846.091,60 manat, əldən çıxmış fayda olaraq 143.508 manat, hüquqi xidmətlərin ödənilməsi üçün 10.000 manat, mediasiya xərci olaraq 400 manat pul olmaqla cəmi 2.000.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrin etibarsız hesab olunması, zərərin əvəzi olaraq 1.846.091,60 manat, əldən çıxmış fayda olaraq 143.508 manat, hüquqi xidmətlərin ödənilməsi üçün 10.000 manat, mediasiya xərci olaraq 400 manat pul olmaqla cəmi 2.000.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. Eyni zamanda iddiaçı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ödənilməmiş cəmi 678.397,5 manat borcun, cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət etmədən aparılan təmirtikinti işlərinin sökülməsi üçün 440.000 manat pulun və 495.000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir.

4. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ödənilməmiş cəmi 678.397,5 manat borcun, cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət etmədən aparılan təmir-tikinti işlərinin sökülməsi üçün 888.000 manat pulun və 495.000 manat əldən çıxmış faydanın tutulması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-33/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) ilkin iddia qismən təmin edilmiş, İddiaçı MMC ilə arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli İcarə müqavilələrinin etibarsız hesab edilməsi, 1.494.146,84 məbləğində pul vəsaitinin dan İddiaçı MMC-nin xeyrinə tutulması, hüquqi xidmət üçün ödənilmiş 10.000 manat pulun 5.000 manat hissəsi və mediasiya xərci kimi ödənilmiş 400 manat pulun 200 manat hissəsinin dan İddiaçı MMC-nin xeyrinə tutulması, ilkin iddianın qaldırılması üçün ödənilən 1.705 manat dövlət rüsumunun 850 manat hissəsinin dan İddiaçı MMC-nin xeyrinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməmə, qarşılıqlı iddianın qaldırılması üçün ödənilən dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə mühəndis-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı MMC-dən, 50 manat hissəsinin isə dan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

6. Qətnamə ilə razılaşmayan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ondan apellyasiya şikayəti vermişdir.

Tətbiq edilən hüquq

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.5-ci maddəsinə əsasən iddia qiyməti 1.000.000 manatdan çox olduqda, 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilir. 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1.4. Apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Maddə 361.3. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-ə “Əlavə 2”, bənd 12. Bu hissədə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3. qətnaməni dəyişdirə bilər; 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Apellyasiya şikayətinin nəticə (xahiş olunan) hissəsi nəzərdən keçirilərkən müəyyən olunur ki, apellyator Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-33/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

10. Halbuki, mülki-prosessual qanunvericilikdə apellyasiya instansiyası məhkəməsinin belə səlahiyyəti nəzərdə tutulmamışdır.

11. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməmişdir.

12. Bundan başqa, iş materiallarından görünür ki, ilkin iddia tələbi 2.000.000 manat təşkil edir, qarşılıqlı iddiaçı sonradan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdeh tərəfindən ödənilməmiş cəmi 678.397,5 manat borcun, cavabdeh tərəfindən müqavilənin tələblərinə riayət etmədən aparılan təmir-tikinti işlərinin sökülməsi üçün 888.000 manat pulun və 495.000 manat əldən çıxmış faydanın (cəmi 2.061.397,5 manat) tutulması barədə qətnamə qəbul ödənilməsini xahiş etmişdir.

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddianın qiyməti 1.000.000 manatdan çox olduqda, 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğində dövlət rüsumu ödənilməli, apellyasiya şikayəti verilərkən isə həmin məbləğin 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

14. Apellyasiya şikayətindən isə müəyyən edilir ki, cavabdeh qanunvericiliyin qeyd olunan normalarına uyğun olaraq 910 manat ödəməli olduğu halda, cəmi 799 manat məbləğində dövlət rüsumu ödəmişdir.

15. Göründüyü kimi, birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərini nəzərə almamış, apellyasiya şikayətini qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün sayılmalı və şikayət geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Göstərilənlərə əsasən və MPM-in 361, 363, 366 və 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-33/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar